Misir: Avtobusa hücumda koptlar öldürülüb

Minya vilayəti Fotonun müəllifi Nile News
Image caption Koptlar məbədə yollanarkən hücuma məruz qalıb.

Misirin mərkəzində kopt xristianlarının avtobusuna silahlı hücum nəticəsində ən azı 26 adam öldürülüb, 25 nəfər xəsarət alıb, dövlət mediası bildirir.

Hadisə avtobusun paytaxt Qahirədən 220 km cənuba doğru yerləşən əl-Minya vilayətindəki məbədə yollanarkən baş verib.

Hələlik heç bir qrup məsuliyyəti üzərinə götürməyib.

Lakin son aylar ərzində koptlar özünü İslam Dövləti adlandıran (İD) qruplaşma üzvləri tərəfindən bir neçə dəfə hədəflənib.

İD koptlara basqınlarını davam etdirəcəyini "vəd edib".

9 apreldə şimaldakı İsgəndəriyyə və Tanta şəhərindəki kilsələrə intiharçı hücumlar 46 adamın ölümünə bais olub.

Şahidlər cümə günü hücuma məruz qalmış koptların ibadət üçün əl-Minya vilayətindəki qədim məbədə yollandığı deyirlər.

Onların sözlərinə görə silahlılar koptların avtobusu ilə yanaşı hərəkət edən daha bir avtobus və yük maşınını saxlayandan sonra onları gülləbaran ediblər.

Səhiyyə Nazirliyi şahidlərə istinadən bildirir ki, hücumda 10 nəfər iştirak edib və onlar hərbi formada olub.

Fotonun müəllifi Nile News
Image caption Dövlətin Nile News kanalı hadisə yerindən çəkilən görüntüləri nümayiş etdirib.

Əl-Minya şəhərindəki xristian rəsmisi İbrahim Samir The New York Times qəzetinə ölənlər arasında avtobusla gedən uşaqların olduğunu da deyib.

Bölgə qubernatoru Əssam əl-Bədavi hadisə yerinə təhlükəsizlik qüvvələrinin gəldiyini və məbədə aparan yol boyunca nəzarət-buraxılış məntəqələrinin qurulduğunu bildirir.

Ötən ay baş verən hücumlar ardınca ölkə boyu 3 aylıq fövqəladə vəziyyət elan edən prezidenti Əbdül Fəttah əl-Sisi cihadçılara qarşı mübarizədə səylərini əsirgəməyəcəyini bildirib.

BBC-nin Qahirədəki müxbirinə əsasən koptların çoxu öz müdafiələrinə yönələn addımların yetərli olmadığından gileylənirlər.

Onlar vahimə və hədəfləndiyini hiss edirlər, Orla Guerin əlavə edir.

Koptlar kimdir?


Kopt kilsəsi Misirdə əsas xristian kilsəsidir.

İcma üzvlərinin çoxu Misirdə yaşayır.

Lakin ölkə kənarında da milyonadək kopt xristianı var.

Koptlar 92 milyonluq Misir əhalisinin 10 faizini təşkil edirlər.

Bu barədə daha geniş