Britaniya mətbuatı: Sellüliti kremsiz də “görünməz” etmək olar

Fotonun müəllifi Mijko

"Portağal dəridən" necə xilas olmalı?

"The Sunday Telegraph" qəzeti yazır ki, yay aylarında qadınların ən çox narahat olduqları məsələlərdən biri də sellülit və ya "portağal dəridir".

Məqalədə deyilir ki, sellülit Google-da hər 0, 71 saniyədən bir axtarılan açar sözdür. Qadınlar fəal şəkildə "portağal dəridən" xilas olmaq üçün çarə axtarırılar. Onların bir çoxu sehirli krem axtarışındadırlar. Amma kremlər və yağlar bu dərddən xilas olmaqda çarə ola bilərmi?

Dermatoloq professor Anna Marie Olsen "yox" cavabını verir. Ekspert deyir ki, kremlər dərinin vəziyyətini yaxşılaşdıra bilər, lakin müalicə edə bilməz.

Professor Olsen bildirir ki, sellülit elmi cəhətdən tam öyrənilməyib. Bəlli olan budur ki, dərinin belə vəziyyəti qadınlarda yetkinlik yaşına çatdıqdan sonra başlanır və hər qadında əmələ gəlmə vaxtına və miqyasına görə müxtəlifdir.

Onun fikrincə, qadınların bir çoxunda "portağal dəriyə" meyllilik irsi xarakter daşıyır, amma qidalanma ilə də sıx bağlıdır. Məsələn, piylənmə, aşırı karbohidrat qəbulu, oturaq həyat və siqaret dərini təsirləndirə bilir.

Olsen bildirir ki, sellülitin müalicəsi üçün bir neçə tibbi metodlar mövcuddur, lakin təbii vasitələr də dərinin sağlamlaşdırılmasında önəmli rol oynaya bilər.

Bu vasitələr sellülitin görünmə dərəcəsini azaltmağa imkan verir. Ekspertin fikrincə bunlardan biri də səhər və axşam masajlarını gündəlik rejimin bir hissəsinə çevirməkdir.

Bu masajlarda əsas diqqət baldır, omba və qarın hissələrə verilməlidir. Belə masajlar "limfatik drenaja" - toksik maddələrin dəridən çıxarılmasına kömək edir.

Başqa bir dəri eksperti - Nichola Joss isə məsləhət görür ki, isti duşdan sonra bədəninizdən bir qədər soyuq su axıdasınız. Soyuq su dəridaxili "turbosirkulyasiyanı" hərəkətə gətirir.

Ekspertlər bildirirlər ki, sellüliti dərhal görünməz etməyin bir yolu da günəş vannalarıdır. Bu vannalar zamanı şüalanma düzgün yerlərə yönəldildikdə sellülitli sahələri pərdələyə bilir və ayaqları daha arıq göstərir.

Bütün bunlar sellülitdən tam yaxa qurtarmaq imkanı verməsə də, qadınları lazımi vaxtlarda vəziyyətdən çıxarır.

Fotonun müəllifi Getty Images
Image caption Zbigniew Brzezinski

Amerika diplomatiyasının veteranı Zbigniew Brzezinski vəfat edib

"The Guardian" yazır ki, Sovet İttifaqı, Çin və Qərb arasında iqtisadi hasarları yıxan ABŞ diplomatı, prezident Jimmy Carter-in milli təhlükəsizlik müşaviri Zbigniew Brzezinski 89 yaşında vəfat edib.

Onun ölümü haqqında ilk məlumatı, qızı, MSNBC telekanalının aparıcısı Mika Brzezinski sosial mediada yayıb.

O Brzezinskini "hər hansı qızın malik ola biləcəyi ən ruhlandırıcı, ən sevən və ən fədakar ata" adlandırıb.

Prezident Carter bu münasibətlə verdiyi xüsusi bəyanatda bildirib ki, Brzezinski "möhtəşəm ictimai xadim", habelə "parlaq, fədakar və sədaqətli" şəxs idi.

Prezident Barack Obama Brzezinski-ni "mükəmməl ictimai xadim, güclü zəka sahibi və Amerika liderliyinin sədaqətli müdafiəçisi" adlandırıb.

"Onun təsiri bir neçə onilliyə yayılıb və mən onun müdriklik və məsləhətindən bəhrə görən bir neçə prezidentdən biri olmuşam" - deyib Obama.

"The Guardian" yazır ki, doğruçu və ambisiyalı Brzezinski prezident Carter-ə Misir və İsrail liderləri - Ənvər Sədat və Menaxem Begin arasında körpü yaratmaqda kömək edib. Onun bu sahədə fəaliyyəti 1978-ci ildə Camp David razılaşması ilə yekunlaşıb. Bundan üç ay sonra ABŞ və Çin arasında münasibətlər normallaşıb.

Varşavada doğulmuş, Kanada və ABŞ-da təhsil almış Brzezinski ABŞ siyasətçilərinin diqqətini cəlb edəndə, kommunizm sahəsində özünü təsdiq etmiş ekspert idi. O 1960-cı illərdə prezident John Kennedy-nin məsləhətçisi olmuş, prezident Johnson-un administrasiyasında çalışmışdı.

1976-cı ilin dekabrında Carter Brzezinski-yə milli təhlükəsizlik müşaviri vəzifəsini təklif etmişdi. O dövlət katibi vəzifəsindən imtina eləmişdi, çünki Ağ Evdə Carter-ə daha yaxın olmaq istəyirdi.

Bununla belə, Brzezinski çox vaxt həmkarları ilə, məsələn dövlət katibi Cyrus Vance-lə mübahisə etməli olurdu. Bir müddət bu ikisinin arasındakı mübahisə ictimaiyyəti administrasiyanın siyasəti barədə çaşqınlıqda qoymuşdu.

1979-cu ildə başlamış İran İnqilabı Amerikanın zəifləyən qlobal nüfuzunu dramatik şəkildə faş etmişdi.

1980-ci ilin əvvəllərində Brzezinski belə bir qərara gəlmişdi ki, amerikalı girovların azad edilməsi üçün iranlılarla aparılan danışıqlar fayda verməyəcək. O Pentaqonun dəstəyi ilə hrrbi hərəkət variantını seçmişdi.

Carter nəyin bahasına olursa olsun qarşıdurmaya son qoymaq istəyirdi və Vance-in etirazına baxmayaraq girovları xilas etmək üçün uzaqmənzilli əməliyyata əmr verir. Desert One, kod adlı bu hərbi əməliyyat tam bir iflasla başa çatır və Vance istefa verir. Carter isə seçkini Ronald Reagan-a uduzaraq ikinci müddətə seçilə bilmir.

Polşalı diplomat Tadeusz Brzeziński-nin böyük oğlu Zbigniew 28 mart 1928-ci ildə doğulub və atasının Fransa və Almaniyada xidmətdə olduğu illərdə katolik məktəbində təhsil alıb.

Ailə 1938-ci ildə ata Brzeziński Montreala konsul təyin ediləndə Kanadaya köçüb.

Tadeusz Brzeziński altı il sonra Polşada kommunistlər hakimiyyətə gələndə istefa verib və Kanadanın kənd yerində yaşayıb. Məhz burada gənc Brzezinski qonşuluqdakı fermada rus dilini öyrənib.

Brzezinski-nin ən yüksək diplomatiya zirvəsinə yolu Kanadadakı McGill Universitetində başlayıb. O burada iqtisad və siyasət elmləri sahəsində təhsil alırdı. O sonralar Harvard Universitetində hökumət mövzusunda doktorluq müdafiə edib. Elə buradaca Sovet repressiyaları və totalitarlıq barədə elmi işini çap etdirib.

Şərqi Avropaya tez-tez səfərlər etməsi və yazdığı kitablar Brzezinski-nin kommunizm üzrə ekspert kimi tanınmasına səbəb olub.

Bütün siyasi karyerası boyunca o mötədil-liberal qruplara meyl göstərib.

Brzezinski dövlət xadimi kimi yaşadıqlarını 1983-cü ildə yazdığı "Hakimiyyət və prinsip" (Power and Principle) kitabında qələmə alıb.

"Mən heç vaxt çıxış yolunu qılığa girməkdə və yalan danışmaqda görməmişəm," - deyirdi ötən il Washington Post qəzetinə verdiyi müsahibədə Brzeziński, -" Mən çıxış yolunu öz şərtlərimlə tapmışam".

Fotonun müəllifi Getty Images
Image caption John Boehner ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri olub.

"Trump-ın prezidentliyi tam bir iflasdır"

"The İndependent" yazır ki, ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri John Boehner Trump-ın prezidentliyini "tam bir iflas" adlandırıb.

Trump-ın uzun müddət dostu olmuş, respublikaçı Boehner Hyustonda keçirilən enerji konfransında çıxış edirdi.

"O hələ ki, prezident olmağı öyrənir" - deyib cənab Boehner.

Məqalədə deyilir ki, Boehner spiker vəzifəsindən istefa verəndən bəri, ümumiyyətlə partiyadaşları barədə tənqidi fikirləri daha tez-tez səsləndirir.

O bu dəfəki çıxışında respublikaçıların Obamacare kimi tanınan tibbi sığörta sisteminin ləğvi barədə qərarını tənqid edib və deyib ki, respublikaçılar bu məsələdə öz aralarında heç vaxt razılığa gəlməyəcəklər və Obamanın qoyduğu sistemi tam aradan qaldırmaq mümkün olmayacaq.

Məqalədə deyilir ki, keçmiş spikerin fikirləri bir neçə tanınmış respublikaçının rəyi ilə üst-üstə düşür. Bu respublikaçılar belə bir qənaətdədirlər ki, "Ağ Ev üzüaşağı yuvarlanmaqda davam edir" və qalmaqalların miqyasına görə Watergate qalmaqalına yaxınlaşır.

Lakin Boehner demokratlara impiçment səylərindən geri çəkilməyi məsləhət görür və deyir ki, bu, yalnız Trump-ın tərəfdarlarını səfərbər edəcək.

"Unutmayın ki, impiçment hüquqi yox, siyasi prosesdir" - deyib Boehner.

Boehner bunu da bildirib ki, o Trump-ın hazırkı vəziyyətinə qibtə etmir.

"Mən qırmızı şərab içirəm, siqaret çəkirəm, bağımdakı çəmənliyi özüm biçirəm, qolf oynayıram, köynəklərimi də özüm ütüləyirəm və bütün bunları Trump-ın yerində olmağa dəyişməzdim" - deyib keçmiş spiker.

"The İndependent" yazır ki, bu arada keçmiş teleşou aparıcısı Trump-ın reytinqi aşağıya doğru sürüşməkdə davam edir.

Fox News telekanalının bu həftə apardığı rəy sorğusuna görə onun populyarlığı aprel ayındakı 45 faizdən hazırda 28 faizə düşüb.

Məqalədə deyilir kİ, o ilk on ay üçün 1953-cü ildən bəri ən qeyri-populyar ABŞ prezidentidir.

Əlaqəli mövzular

Bu barədə daha geniş