Melania Trump Roma Papası ilə görüşə niyə baş örtüyü ilə gəldi?

Дональд и Мелания Трамп на встрече с папой римским Fotonun müəllifi Getty Images

Çərşənbə günü qara uzun don, uzun əlcək və qara baş örtüyü ilə Vatikana gələn Melania Trump ciddi görüntü nümayiş etdirib.

Onun geyim seçimi, xüsusilə zərif baş örtüyü, daha dəqiqi mantillası birinci xanımı diqqətlə müşahidə edənlərin nəzərindən yayınmayıb.

Ona diqqət edənlərin arasında BBC-nin Şimali Amerika üzrə redaktoru Jon Sopel də olub.

"Maraqlı müşahidədir. Melania Trump Papa ilə görüşə baş geyimində gəldi, amma Səudiyyə Ərəbistanında başı açıq idi", - deyə Sopel Twitterdə belə yazıb.

Lakin BBC-nin Romadakı müxbiri David Willey baş verənlərə heç də təəccüblənməyib.

Roma Papası ilə görüşdə ciddi protokola əməl olunur və bu barədə Ağ Evə əvvəlcədən məlumat verilib.

Fotonun müəllifi Reuters
Image caption Melania Səudiyyə Ərəbistanında cəmiyyət arasına bu ölkənin qadınları üçün ciddi qayda sayılan baş örtüyü olmadan çıxıb.

Buna əmin olmaq üçün Vatikanın saytına nəzər yetirmək kifayətdir. Burada Papa ilə görüşlər üçün, xüsusilə binada keçirilən görüşlər üçün qaydalar müəyyən edilib - ciddi geyim, qapalı qollar və çiyinlər.

Fotonun müəllifi Getty Images
Image caption Kraliça II Elizabeth də 1980-ci ilin oktyabrında Roma Papası II İohann Pavellə görüşdə protokola əməl edib.

"Burada söhbət imkan müxtəlifliyindən gedir- krujevalı mantilladan tutmuş sadə qara baş örtüyünə qədər. Böyük Britaniya kraliçası Roma Papası ilə görüşən zaman daha gənc idi və ispan infantası kimi geyinmişdi ",-deyə BBC-nin müxbiri bildirib.

Adətən dövlət başçıları və xanımları qara rəngə geyinirlər.

Protokol yalnız bir halda isitsna edərək ağ rəngə icazə verir. Bu istisnalar katolik krallarına, katolik monarxlarının xanımlarına və onların dul qalmış xanımlarına şamil edilir.

Xanım Trump-ın sələfləri də bu qaydalara əməl ediblər. Michelle Obama 2009-cu ildə Papa Benedict-lə görüşdə qara baş örtüyü taxmışdı.

Laura Bush və Hillary Clinton da Vatikana səfər zamanı qara baş örtüyündən istifadə etmişdi.

Fotonun müəllifi Getty Images
Image caption Michelle Obama 2009-cu ildə Roma Papası Benedict-lə görüşdə başını örtmüşdü.

Lakin bu protokollara etinasızlıqla yanaşanlar da yox deyil.

Böyük Britaniyanın keçmiş baş naziri Tony Blair-in xanımı Cherie-nin 2006-cı ildə papa ilə görüşə ağ geyimdə gəlməsi böyük hərarətə səbəb olmuşdu.

Bu ilin aprel ayında Uels şahzadəsinin xanımı Kamilla-nın qızılı rəngli kostyumda və başı açıq Vatikana gəlməsi isə daha az reaksiyalara səbəb olmuşdu.

"Son illər qaydalar daha da yüngülləşdirilib ", - deyə Vatikan nümayəndəsi Daily Telegraph qəzetinin müxbiri ilə söhbətində bildirib.

Bütün bunlara baxmayaraq, Melania Trump qaydalara ciddi əməl etməyə üstünlük verib.

Melania katolik hesab olunur və onun səfər zamanı Papadan təsbehi təqdis etməsi xahişi bunu bir daha təsdiqləyir.

Qeyd etmək lazımdır ki, Trump-ın qızı İvanka da Səudiyyə Ərəbistanına səfər zamanı baş örtüyündən istifadə etməyib.

İvanka iudizm dinini qəbul etdiyinə görə katolik sayılmır. Lakin bununla yanaşı İvanka Vatikana səfər zamanı baş örtüyündən istifadə edib.

Fotonun müəllifi Reuters
Image caption Bu ilin aprel ayında Vatikana səfər edən Kamilla qara geyinməyi lazım bilməyib.

David Willey-də Melania-nın don seçimi xüsusi təəssürat yaradıb.

"Mənim fikrimcə xanım Melania gozəl seçim edib. Həddən artıq zərif geyinən Melania səfərə çox uyğun idi. Ümumilikdə isə prezidenti müşayiət edənlərin hamısı protokola və geyim qaydalarına əməl etmişdilər", - deyə Willey bildirib.

Onlar Səudiyyə Ərəbistanında başlarını niyə örtməmişdilər?

Səudiyyə Ərəbistanındakı mövcud qaydalara görə, yüksək rütbəli xarici qonaqlardan başlarını örtmək tələb olunmur. Bu qaydalar yalnız ərəb qadınlarına şamil edilir.

Bundan başqa, Melania Trump-ın ictimai əlaqələr üzrə direktoru Stefanie Grisham CNN telekanalına verdiyi açıqlamada " Vatikandan fərqli olaraq Səudiyyə Ərəbistanı səfər protokolu ilə bağlı arzularını bildirməmişdi" deyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş