Britaniya mətbuatı: Azərbaycan dünyada ən çox siqaret çəkən ölkələrdən biridir

Fotonun müəllifi Reuters
Image caption Bavariyada keçirilən bir seçki kampaniyası tədbirində, pivə çadırında əyləşən xanım Merkel deyib ki, bu görüş ayılmaq vaxtının gəldiyini göstərib.

Merkel: Amerika və Britaniyadan daha bizə yar olmaz

"The Telegraph" yazır ki, Almaniya kansleri Angela Merkel, Brexit və Trump-a görə Avropanın bundan sonra bir müttəfiq kimi ABŞ və Birləşmiş Krallığa güvənə bilməyəcəyinə işarə vurub.

O bildirib ki, qitə öz taleyini əllərinə almalıdır. Bu bəyanatı xanım Merkel Avropa liderlərinin ABŞ prezidenti Donald Trump-la G7 sammitindəki görüşünün dərhal ardınca verib.

Bavariyada keçirilən bir seçki kampaniyası tədbirində, pivə çadırında əyləşən xanım Merkel deyib ki, bu görüş ayılmaq vaxtının gəldiyini göstərib.

O deyib: "Bizim kiməsə güvənə biləcəyimiz vaxtlar, bir növ başa çatıb və mən bunun son bir-iki gündə şahidi olmuşam".

"Və deməliyəm ki, biz avropalılar öz taleyimizi əlimizə almalıyıq" - deyib kansler.

Merkel deyib: "Hərçənd bizim gərək ABŞ, Birləşmiş Krallıq və Rusiya da daxil, başqaları ilə yaxşı münasibətlərimiz olsun".

"Amma biz öz gələcəyimiz, avropalı kimi öz taleyimiz üçün özümüz mübarizə aparmalıyıq" - deyib Almaniya lideri.

Fransa przeidenti Emmanuel Macron-u seçki qələbəsi münasibəti ilə təbrik edən Merkel deyib ki, "Almaniya harada bacarsa, köməyini əsirgəməyəcək, çünki Almaniyanın işləri Avropanın işləri yaxşı gedəndə yaxşı olacaq".

Yeri gəlmişkən, Macron "Journal du Dimanche" qəzetinə deyib: "Donald Trump, Türkiyə prezidenti və ya Rusiya prezidenti hər şeyə güc bucağından baxırlar, bu mənim mövqeyim deyil".

Macron Trump-ın əlini elə sıxdı ki…

Fotonun müəllifi Getty Images
Image caption Macron sözün əsl mənasında Trump-ın əlini sıxıb

"The Guardian" yazır ki, əl tutub görüşməyin tarixçəsi belədir: Görüşənlər silahsız olduqlarını göstərirlər. Amma Trump dünyanın bütün başqa qanunları kimi bunu da yenidən yazıb. ABŞ prezidenti əl tutub görüşməyə silah kimi baxır.

Lakin indi Fransanın yeni prezidenti Macron-un sayəsində Trump bu xasiyyətini də dəyişməli olacaq.

Məqalədə deyilir ki, Fransa və ABŞ prezidentləri görüşərkən bir-birlərinin əlini sıxıblar və bu əlsıxmadan Fransa lideri qalib çıxıb. Bu əl görüşməsinin sonunda Trump-ın üzündə ağrıdan doğan yazıq bir ifadə vardı.

Əslində Macron Trump-la əl tutmağa çox da can atmırdı və buna görə də NATO sammitində hamıdan əvvəl Almaniya kansleri Merkellə qucaqlaşıb görüşmüşdü.

Trump üçün əlsıxma onun hegemonluğunun bəyanatıdır. O ali məhkəmə hakimi Neil Gorsuch-la görüşəndə sonuncuya sanki "əl tulası" kimi baxırdı. Trump Yaponiya baş naziri Abe-nin əlini onun gözləri bərələnədək - düz 18 saniyə sıxmışdı.

FTB-nin keçmiş direktoru James Comey-ni isə Trump özünə tərəf dartıb qucaqlamaq istəmişdi. Sanki bununla ona "sən mənim adamımsan" demək istəyirdi. Lakin Comey bu şit jestdən məharətlə yayınmışdı.

Tarixdə başqa əlsıxmalar da olub. Məsələn Şimali İrlandiya millətçilərinin başçısı Gerry Adams və Britaniyanın ovaxtkı baş naziri Tony Blair-in görüşündən əvvəl hamını maraq bürümüşdü: əl tutacaqlar, yoxsa yox.

1993-cü ilin sentyabrında İsrailin o zamankı baş naziri Yitzak Rabin-in Fələstin lideri Yasir Ərəfatın əlini könülsüz sıxdığı diqqətdən yayınmamışdı.

Trump bütün bu ritualları alt-üst edib. Məsələn, Ağ Evdə jurnalistlərin ondan Merkellə əl tutmasını xahiş etmələrinə cavab olaraq yerindəcə daş kimi donub qalıb. Amma əvəzində Misirin avtoritar prezidenti Sisi və ya Rusiya xarici işlər naziri Lavrovla çox hərarətlə əl tutub.

Lakin Trump-ın qərbli həmkarları onun bu fəndlərini tez başa düşüblər. Kanadanın baş naziri Justin Trudeau Gorsuch-sayağı qucaqlanmağının qarşısını almaq üçün önləyici hərəkətlə Trump-ın qolundan tutub.

Amma Macron ona öz ruhunda, oda atəşlə cavab verib. Sözün əsl mənasında onun əlini sıxıb.

Azərbaycan çəkilən siqaretlərin sayına görə dünyada 13-cüdür

Fotonun müəllifi Getty Images
Image caption Azərbaycanlılar günə 6-7 siqaret çəkir

Çin dünyanın ən çox siqaret çəkən xalqıdır. Bu ölkədə adambaşına ildə 4124 siqaret çəkilir. Bu, günə 11-12 siqaret deməkdir.

Dünya Səhiyyə Təşkilatının 31 may Tütünə qarşı mübarizə gününə həsr edilmiş və "The İndependent" qəzetində dərc olunmuş interaktiv xəritəsindən Azərbaycan haqqında da məlumat almaq olar və bu məlumat kifayət qədər kədərlidir.

Azərbaycanda adambaşına bir ildə çəkilən siqaretlərin sayı 2114, 33-dür. Günə 6-7 siqaret düşür. Adambaşına çəkilən siqaretlərin sayına görə Azərbaycan 13-cü yerdədir.

Azərbaycanda əvvəlki pilləni Qazaxıstan tutur. Bu ölkədə bir adam bir ildə 2156 siqaret çəkir.

Amma digər Mərkəzi Asiya respublikalarında siqaret əhəmiyyətli dərəcədə az çəkilir. Türkmənistan ildə adambaşına 895 siqaretlə 69-cu yeri tutur. Özbəkistan 565 siqaretlə 92-ci, Tacikistan 533 siqaretlə 97-ci yerdədir.

Azərbaycan, həm də bütün Cənubi Qafqazda ən çox siqaret çəkən ölkə sayılır. Qonşu Gürcüstanda bir ildə adambaşına düşən siqaretlərin sayı 1378, Ermənistanda isə 1545-dir. Bu indeks cədvəlində müvafiq olaraq 39-cu və 30-cu yerlərə uyğundur.

Türkiyədə (29) bir ildə hər adama 1581 siqaret düşür. İranda (71-ci yer) bu rəqəm 853-dür.

Çindən sonra ən çox siqaret çəkən ikinci ölkə Belarusdur (3831). Onun ardınca Livan (3023), Makedoniya (2732) və Rusiya (2690) gəlir.

Qvineya dünyada ən az siqaret çəkən ölkədir. Burada adambaşına ildə cəmi 15 siqaret düşür. Afrika ümumiyyətlə, ən az siqaret çəkilən qitədir. Solomon adaları (26), Kiribati (28), Uqanda (41) və Ruanda (53) siqaret çəkən ölkələrin cədvəlinin dibini tuturlar.

İndeksə daxil edilmiş 182 ölkədən 68-ində adambaşına gündə bir siqaretdən az düşür. 61 ölkədə isə ildə adambaşına 1000-dən artıq siqaret çəkilir.

Britaniya cədvəldə 76-cı yerdədir. Burada hər bir adam ildə 826 siqaret çəkir. ABŞ 1083 siqaretlə 57-ci yeri tutur.