Rəqibi "Trump-ın əsas problemi Twitter-dir" deyir

Donald Trump Fotonun müəllifi Reuters
Image caption Santorum Trumpa sosial şəbəkələrdə az şikayətlənməyi və daha çox siyasətlə məşğul olmağı tövsiyyə edib

"Donald Trump Twitter-də yazmağı dayandırsa ABŞ administrasiyası normal şəkildə fəaliyyət göstərər ".

Bu bəyanatı Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədliyi irəli sürülən və seçkilərdə Donald Trump-a məğlub olan sabiq senator Rick Santorum verib.

"Əgər sən hər gün Twitter-də yazırsansa, KİV-lərə və sənə qarşı münasibətə etiraz edirsənsə, sən işdən yayınırsan və uğurlu fəaliyyət göstərə bilməzsən. Mən, bax, bunu demək istəyirəm", - deyə Santorum CNN telekanalının səhər proqramında bildirib.

"Mən ümid edirəm ki, son 9 gün prezidentə onu göstərdi ki, əgər sənin işdən diqqətin yayınmırsa, müəyyən ssenariyə əməl edirsənsə, seçki kampaniyası zamanı amerikalıların xoşuna gələn dediklərinin üzərində işləyirsənsə səndən yaxşı prezident ola bilər ", - deyə o, əlavə edib.

Santorum Trump-ın 9 günlük xarici səfəri başa çatdıqdan sonra öz tövsiyyələri barədə danışıb.

Səfər zamanı Trump-ın Twitter-də yalnız görüş hesabatları və minnətdarlıq hissləriylə bağlı neytral ismarıcları yer alıb.

Lakin səfərdən dərhal sonra ABŞ prezidenti növbəti dəfə KİV-lərin ünvanına tənqidi fikirlər səsləndirərək yazıb:

"Mənim fikrimcə, Ağ Evdən sızdırılan məlumatların çoxu kütləvi informasiya vasitələri tərəfindən yaradılan saxta məlumatlardır."

Görünən odur ki, Trump Santorum-un tövsiyyələri barədə məlumat alsa da ona qulaq asmamaq qərarına gəlib.

"Yalançı KİV-lər cidd-cəhdlə məni və mənim sosial şəbəkələrdəki fəaliyyətimi pis şəkildə təqdim etməyə çalışırlar. Çünki onlar Amerikanın real vəziyyətin necə olduğunu bilməsini istəmirlər", - deyə ABŞ prezidenti keçmiş senatorun çıxışından bir neçə saat sonra Twitter-də yazıb.