Paris: Mer "qaradərili feministlər"in festivalını qadağan etməyəcək

cartoon of black women from many backgrounds under a banner that says 'don't agonise, organise' Fotonun müəllifi Nyansapo Festival

Parisin meri Anne Hidalgo, paytaxtda keçirilməsi nəzərdə tutulan "qaradərili feminist" Nyansapo festivalının təşkilatçıları ilə razılaşdıqlarını bildirib.

Bundan əvvəl o, bu tədbirdə ağdərili insanların iştirakının istisna olunması əsası ilə festivalı qadağan etməyə çağırıb.

İyul ayında keçirilməsi nəzərdə tutulan və "qaradərili feminist" tədbiri kimi tanınan Nyansapo Festivalında tədbirlərin təşkil ediləcəyi yerlərin 80 faizi qaradərili qadınlar üçün nəzərdə tutulub.

Paris meri Hidalgo bildirib ki, təşkilatçılar festivalda ictimai zonaların hamı üçün açıq olacağı dedikdən sonra "razılıq" əldə edilib.

Təşkilatçılar isə onlara qarşı olan ittihamları "ədalətsiz" hesab edib.

Mer bundan əvvəl özünün Twitter səhifəsində bildirib ki, "diskriminasiyaya görə təşkilatçılara qarşı məhkəmə iddiası qaldırmaq hüququnu özündə saxlayır".

Fransanın bəzi antiirqçi təşkilatları da festivalı pisləyib. Cümə günü ifrat sağçı Milli Cəbhə partiyasının yerli şöbə rəhbəri Anne Hidalgo-dan "irqçi" tədbirin keçirilməsi səbəblərinin izah edilməsini istəyib.

Təşkilatçıların bəyanatında deyilir ki, Nyansapo festivalı "dezinformasiya və ifrat sağçıların təşkil etdiyi saxta xəbərlər kampaniyasının hədəfinə çevrilib".

Antiirqçi qrupların isə bu oyunda onlardan istifadə edilməsinə imkan vermələri Nyansapo təşkilatçılarını məyus edib.

Nyansapo təşkilatçıları xatırladıblar kı, irq məsələsinin üstündən keçənədək, feminist qruplarının fəaliyyətinə çoxlarının münasibəti "problemsiz" olur.

Əlaqəli mövzular

Bu barədə daha geniş