ABŞ: təyyarədə kompüter qadağası bütün xarici uçuşlara şamil oluna bilər

Laptoplara qadağa Fotonun müəllifi Getty Images

ABŞ Daxili Təhlükəsizlik naziri John Kelly sərnişinlərə, təyyarə salonuna özlərilə smartfondan iri elektron cihazların daşınmasını qadağan edən qərarın bütün beynəlxalq uçuşlara şamil edilə biləcəyini söyləyib.

Bazar ertəsi Fox News kanalına müsahibə verən John Kelly, "terrorçular üçün ABŞ təyyarəsinin həmişə hədəf olduğunu" qeyd edib və təhlükənin ciddiliyini vurğulayıb.

ABŞ martın 21-dən 8 ölkədən həyata keçirilən aviareyslərin sərnişinlərinə əl yükü kimi təyyarə salonuna smartfondan iri elektron cihazların daşınmasını qadağan edib.

Söhbət noutbuk, planşet kompüter və DVD-pleyer kimi elektron cihazlardan gedir.

Qadağa əsasən Yaxın Şərq və Şimali Afrika ölkələrini əhatə edib. Həmin siyahıya Türkiyə də daxil edilib.

John Kelly bildirib ki, həmin qadağanın bütün xarici reyslərə şamil olunması istisna olunmur.

"Gələn kəşfiyyat məlumatları təhlil edilir. Çox ciddi bir təhlükə ilə qarşı-qarşıyayıq və nələr baş verdiyini tam olaraq anlayana qədər belə bir qərarın verilməsi istisna olunmur", - Kelly deyib.

Eyni zamanda, mülki aviasiya mütəxəssisləri təyyarələrin baqaj bölməsinə təhvil verilən iri elektron cihazların litium batareyalarının alovlanma riskinin də mövcud oluğunu qeyd edirlər.

Bu barədə daha geniş