Britaniya mətbuatı: Ağ Ev "dərin dövlət" vahiməsi keçirir

Fotonun müəllifi Getty Images

Ağ Ev "dərin dövlət" vahiməsi keçirir

"The İndependent" xatırladır ki, Donald Trump onun kampaniyası ilə Rusiya arasındakı əlaqələrin araşdırılmasını "Amerika tarixində ən böyük əcinnə ovu" adlandırıb.

Lakin Ağ Evdəkilərin bəziləri bundan da betərini düşünürlər: qəsd və ya konspirasiya!

Cənab Trump-ın ən etibarlı adamı Steve Bannon da daxil Ağ Evin bir sıra müşavirləri bu nəticəyə gəliblər ki, "dərin dövlət" onların hakimiyyətinə son qoymağı qət edib. Bu barədə Ağ Evdəki mənbə Amerikanın nüfuzlu Politico məcmuəsinə bildirib.

Məqalədə deyilir ki, cənab Trump-ın FTB direktoru James Comey-ni vəzifəsindən kənarlaşdırmasının ardınca Ağ Evdən bir neçə ziyanlı sızmalar baş verib.

Cənab Trump-ın Rusiya rəsmiləri ilə görüşündən dərhal sonra sızan xəbərdə deyilirdi ki, prezident son dərəcə həssas kəşfiyyat informasiyasını rusiyalı qonaqlarla paylaşıb.

Bunun ardınca son günlərdə belə xəbərlər yayılıb ki, Trump-ın kürəkəni Jared Kushner Rusiya ilə kommunikasiyalar üçün məxfi kanal yaratmağa cəhd edib.

Hökumətin içərisindən bu qədər sızmaların baş verməsi Ağ Ev müşavirlərinin, kiminsə çox yaxınlıqdan onları izlədiyi barədə qənaətə gəlmələrinə səbəb olub.

Cənab Trump-ın etibarlı media kimi seçimi olan Fox News telekanalının şərhçiləri bu qənaətin güclənməsinə kömək edirlər.

Onlar inanırlar ki, Trump-ın hakimiyyəti Amerikanın "dərin dövləti" tərəfindən hədəflənib.

"Dərin dövlət" dedikdə dövlətin içərisində hakimiyyətdəkiləri devirməyə çalışan məxfi qüvvə nəzərdə tutulur.

Məsələn, telekanalın aparıcısı Sean Hannity Ağ Evdən ziyanlı sızmaların baş verməsinə görə "Obamadan qalan və bu prezidentin məhv edilməsinə qalxan dərin dövlət hökumət məmurlarını" ittiham edib.

"Trump administrasiyası bu təxribatçıları çox gec olmadan ifşa etməlidir" - deyib aparıcı.

Əvvəllər cənab Bannon-un redaktor olduğu sağ təmayüllü Breitbart News internet saytı da "dərin dövlət" nəzəriyyəsini inkişaf etdirməklə məşğuldur.

Bu internet portalındakı məqalələrin başlığında tez-tez "Dərin Dövlət" sözlərini görmək olar.

Amma belə görünür ki, bu nəzəriyyədən elə cənab Bannon-un özü mənfəətlənir.

Axios xəbər verir ki, bir vaxtlar kənarda qalmış prezident müşaviri "dərin dövlətə", mediaya, demokratlara və müstəntiqlərə qarşı mübarizə üçün mafiyasayağı "hərbi konsiliyeri" yaradır.

Hətta Konqresin keçmiş spikeri Newt Gingrich də deyib ki, "nəhəng bürokratiya prezidentə hücum məqsədilə bilərəkdən məlumat sızdırır və istədiyini edir".

Axios yazır ki, indi nəhayət Trump-ın komandası özü üçün dərin dövlət, siyasi rəqiblər və əllərindəki hakimiyyəti sadəcə olaraq vermək istəməyənlərdən ibarət "vahid opponent" formalaşdırıb.

"The İndependent" yazır ki, cənab Trump öz müşavirlərinin "dərin dövlətindən" əvvəl birbaşa opponenti olan media ilə mübarəzəyə diqqət verməlidir.

"Mənim fikrimcə bir çox sızmalar #FakeNews mediasının toqquşdurduğu yalanlardan ibarətdir" - yazıb Tvitterdə Trump.

"Nə vaxt ki, saxta xəbərlər mediasında "mənbələr bildirir" sözlərini oxudunuz və heç bir ad tapa bilmədiniz, çox ola bilsin ki, bu mənbələr heç yoxdur və xəbərləri saxtakar xəbər yazanlar özləri düzəldiblər".

Fotonun müəllifi Getty Images
Image caption Soldan sağa -Thomas Barrack, prodüser Harvey Weinstein və aktrisa Julia Roberts

Trump-ın dostlarından daha biri qalmaqal yaradır

Lakin bu arada "The Guardian" yazır ki, Donald Trump-ı bürüyən qalmaqallar hər gün yeni adlarla zənginləşməkdə davam edir.

Xəbər verilir ki, Donald Trump-ın yaxın dostu və onun prezident seçkisi kampaniyası üçün nəhəng məbləğdə vəsait toplamış şəxs İtaliyada vergidən yayınma üzrə təhqiqata cəlb edilib.

Belə hesab edilir ki, Thomas Barrack Donald Trump-ın seçki kampaniyasının maliyyələşdirilməsində, habelə Kremllə əlaqələrdə ittiham olunan keçmiş lobbiçi Paul Manafort-un Trump kampaniyasına cəlb edilməsində böyük rol oynayıb.

"The Guardian" yazır ki, 2016-cı ildə respublikaçıların qurultayında nitq etmiş cənab Barrack hazırda İtaliyanın rəsmi orqanları tərəfindən külli miqdarda vergidən yayınma iddiası üzrə araşdırılır.

Məqalədə deyilir ki, Barrack Sardiniya adasındakı dəbdəbəli kurortun alqı-satqısı zamanı 190 milyon dollarlıq vergi ödənişindən yayınıb.

Bununla belə, qeyd olunur ki, cənab Barrack və başqa icraçı direktorlara qarşı hələlik rəsmi ittiham irəli sürülməyib.

Barrack-ın Colony Capital firması iddialar barədə sorğulara cavab verməkdən imtina edib.

"The Guardian" yazır ki, istintaq sənədləri təhqiqatın aparılmasında dinləyici qurğulardan istifadə edildiyini göstərir.

Prezidentin İnaqurasiya Komitəsinin sədrliyini etmiş Barrack bu ilin əvvəllərində Wall Street rəhbərlərinin qarşısında etdiyi çıxışında demişdi ki, Trump-ın proqnozlaşdırılmaması ona xarici liderlərin ehtiramını qazandırıb.

"The Guardian" yazır ki, müğənni Michael Jackson-un hələ sağlığında onun Neverland rançosunu bağlanmaqdan xilas etmiş Barrack Trump-ın namizədliyini qəbul edən ilk nəhəng biznes adamı olub.

Fotonun müəllifi Allison Joyce/Getty Images

İsti duşdan soyuq duşa keçməyin "möcüzələri"

"The Daily Mail" yazır ki, Britaniyada Viktoriya zəmanəsinin adamları yaraları sağaltmaqdan tutmuş vahiməni götürməyədək bir çox müalicə üsullarını soyuq vannalarla edərdilər.

Məqalədə deyilir ki, belə görünür, keçmiş adamların hərəkətində həqiqətən də müdriklik olub.

Beləki idmançıların bir çoxu əzələ ağrılarından xilas olmaq üçün buzlu vannalardan və soyuq duşdan istifadə edirlər.

Bəziləri inanırlar ki, soyuq duş dəridəki qırışların azalmasına xidmət edir.

Məqalədə deyilir ki, alimlər tez bir şəkildə bədəndən axıdılan soyuq suyun immun sistemini möhkəmləndirdiyini və əhvalı yüksəltdiyini bildirirlər.

Ekspertlər inanırlar ki, isti və ya soyuq suyun müalicəvi gücü onların temperaturunda yox, əvəzlənməsi prinsipindədir.

"Kontrastlı su terapiyası" adlanan müalicə üsulu 20 dəqiqə müddətində isti duşun ardınca bir dəqiqəliyə soyuq duşa keçməyi və təkrar isti duşa qayıtmağı nəzərdə tutur.

Ekspertlər bildirirlər ki, bir neçə dəqiqə isti suyun altında vannada oturmaq dəridəki qan damarlarını "açır" və onun oksigenlə zənginləşməsinə imkan yaradır. Bunun ardınca bir dəqiqəliyə soyuq suya keçilməsi elə həmin damarları qəfil "bağlayır".

Ümumilikdə 20 dəqiqə ərzində davam etdirilən bu prosedur dəriyə yaxın damarlarda "sorğac" və ya "nasos" effekti yaradır və damarların ağ ciyərlərə oksigenlə zəngin daha çox qan aparmasını təmin edir.

Alimlər deyirlər ki, bu prosedurun əzələ ağrılarını azaltmaq da daxil, bir çox faydaları var, beləki idman hərəkətləri zamanı damarlar əzələlərə onların işlətdiyi qədər oksigen çatdıra bilmir. Buna cavab reaksiyası olaraq əzələlər süd turşusu deyilən maddə buraxır ki, bu da ağrı hissinin yaşanmasına və idmandan sonra bərpanın ləngiməsinə mane olur.

Kontrastlı su terapiyası zamanı əzələlər məhz bu süd turşusundan azad olur. Amsterdamdakı Akademik Tibb Mərkəzində aparılmış araşdırma isə göstərib ki, "istidən-soyuğa" gündəlik duş proseduru bütün soyuqdəymələrin qarşısını 30 faiz alır.

Alimlər inanırlar ki, isti duşdan soyuq duşa keçilməsi zamanı orqanizmin xəstəliklərə qarşı döyüşən ağ qan hüceyrələrinin tətiklənmısi immun sistemini möhkəmləndirmiş olur.

Amma bu üsulun vasitəsilə dərinin daha cavan görünməsinə dair tapıntılar bir qədər mübahisəlidir. Dermatoloqlar bunun hələ isbata ehtiyacı olduğunu bildirirlər.

Bununla belə, idman sağlamlığı alimi Georgios Tzenichristos deyir ki, dəriyə yaxın qan damarlarında qan axınının yaxşılaşması avtomatik olaraq dərinin elastikliyini artırmalıdır.

"Qanın daha yaxşı hərəkəti fibroblastların fəaliyyətini yaxşılaşdırır. Bu hüceyrələr isə dərinin əsas struktur zülalı olan kollagenin başlıca istehsalçısıdır" - deyir alim.

Amma alim bunu da əlavə edir ki, üzü gümrah saxlamaq üçün hər dəfə bütün bədəni yumağa ehtiyac yoxdur.

ABŞ-dakı Virginia Birlik Universitetinin alimləri isə bildirirlər ki, isti duşun altında 20 dəqiqə dayandıqdan sonra üç dəqiqəliyinə soyuq suya keçmək ruhi sağlamlıqla bağlı problemlərin kəskinliyini azaldır.

Bu araşdırmada iştirak edən könüllülər həftələrlə davam edən isti-soyuq duş prosedurundan sonra əhvallarının xeyli yaxşılaşdığını bildiriblər. Belə prosedur xüsusilə də depressiyalı adamlar üçün faydalı ola bilər.

Alimlər deyirlər ki, qəfil soyuq su şırnağı dəriyə sanki elektrik effekti ilə təsir göstərərək beyindəki noradrenalin hormonunun səviyyəsini qaldırır. Depressiyalı adamlarda bu maddənin miqdarı çox aşağı olur.

"The Daily Mail" yazır ki, əgər belə kontrastlı prosedurdan ağlınız bir şey kəsmirsə, yenə də ilıq vanna qəbul etməyinizdən qalmayın.

Loughborough Universitetində aparılmış təcrübə göstərib ki, 40 dərəcə istiliyi olan ilıq vannada bir saatadək qalmaq orta hesabla 140 kalori yandırır. Bu isə yarım saatlıq piyada gəzmək zamanı yandırılan kalori qədərdir.