İraq müharibəsi: Bağdadda kafeyə intiharçı hücumu

Bağdad Fotonun müəllifi Reuters
Image caption Partlayış şiələrin yaşadığı bölgədə baş verib.

İraq paytaxtı Bağdadda dondurma kafesinin qarşısında maşında quraşdırlmış bomba partlayışı azı 10 nəfərin ölümünə səbəb olub, onlarla insan xəsarət alıb.

İntiharçı tərəfindən həyata keçirilmiş hücum şiələrin yaşadığı Karrada məhəlləsində, iftarın açılmasından sonra baş verib.

Özünü İslam Dövləti adlandıran (İD) qruplaşma Amaq xəbər agentliyi vasitəsilə şiələrin toplantısının hədəf alındığını bildirib.

Fotonun müəllifi Reuters
Image caption Partlayış vaxtı əl-Faqma kafesində qələbəlik olub.

İD "mürtəd" hesab etdiyi şiələrə qarşı dəfələrlə hücumlar həyata keçirib.

Koalisiya qüvvələrində ABŞ nümayəndəsi gecə baş verən hücumu pisləyib.

"Bu gecə İŞİD [İD] terrorçuları dondurma kafesində birlikdə vaxt keçirən uşaq və ailələləri hədəfləyib. Biz bu şərlə qarşı-qarşıya olan İraqın yanındayıq", - Brett McGurk özünün Twitter hesabında yazıb.

İraqın şimalındakı Mosul şəhərinin alınması uğrunda əməliyyatın fəallaşmasından sonra Bağdadda İD hücumlarının sayı artıb.

Ramazan ayında adətən belə hücumların sayı artır.

Ötən il Ramazan ayında Karrada məhəlləsindəki ticarət mərkəzində baş verən partlayış nəticəsində azı 324 adam həlak olmuşdu.

Bu Səddam Hüseynin devrilməsindən sonra yeganə hücumda baş verən itkilərin sayına görə ən ölümcül basqın sayılır.

Bu barədə daha geniş