ABŞ senatoru John McCain: "Putin İD-dən daha təhlükəlidir"

MCCAIN Fotonun müəllifi Reuters

Amerikalı senator və prezidentliyə keçmiş namizəd, respublikaçı John McCain Rusiya prezidenti Vladimir Putinin özünü İslam Dövləti (İD) adlandıran qruplaşmadan daha təhlükəli olduğunu söyləyib.

McCain "Senat Rusiyanın ABŞ-da noyabr ayında keçirilən prezident seçkilərinə müdaxilə etməsiylə bağlı iddialara görə bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq etməlidir" deyə əlavə edib.

ABŞ Konqresində xarici siyasət sahəsində öndə gedən isimlərdən biri kimi qəbul olunan McCain, Avstraliyanın ABC kanalına verdiyi müsahibədə "Putinin ən böyük və hətta İD-dən daha təhlükəli olduğunu düşünürəm" deyib.

"Rusiyanın ABŞ-dakı prezident seçkilərinin nəticələrini dəyişdirməsi istiqamətində müvəffəqiyyətli olduğunu göstərən hansısa bir dəlilin olmamasına baxmayaraq, son olaraq Fransadakı prezident seçkiləri də daxil olmaqla, bəzi səsvermə nəticələrini dəyişdirməyə çəhd etdiyi açıq-aşkar ortadadır", deyə McCain bildirib.

McCain "Rusiyanın qarşımızdakı ən böyük problem olduğunu düşünürəm. Buna görə də sanksiyaları sərtləşdirmək lazımdır. Senatın yay tətilindən sonra davranışlarına görə Rusiyaya qarşı yeni sanksiyalar və cəzalar tətbiq edəcəyinə ümid edirəm" deyib.