WannaCry virusunun təhlili Çin ilə əlaqəni güman etməyə əsas verir

WannaCry Fotonun müəllifi AFP
Image caption WannaCry virusu kompüterin işini donduraraq istifadəçidən ödəniş tələb edir

Yeni təhlil güman etməyə əsas verir ki, dünya boyu minlərlə təşkilatın kompüter sistemlərinin işinə problem yaradan WannaCry virusunun arxasında çindilli kriminallar dura bilər.

Flashpoint şirkətinin tədqiqatçıları virusla yayılan ödəniş tələbinin yazıldığı dilə nəzər yetiriblər.

Təhlilçilərə görə, Çin dilinin qrammatik və punktuasiya qaydalarına uyğun yazılmış mətn göstərir ki, onu yazan müəllif üçün Çin dili ya doğmadır və ya bu dili sərbəst bilir.

WannaCry virusunun ödəniş tələbinin 28 müxtəlif dildə yazılmış versiyaları mövcuddur, lakin yalnız ingilis və Çin dillərində yazılmış mətnlərin maşın yox, insan tərəfindən yazıldığına bənzəyir.

Bununla belə, ingilis dilində yazılmış bəzi cümlələr bir qədər qəribə görünür.

WannaCry virusu 150 ölkədə hökumət, səhiyyə və özəl şirkətlərə aid 200,000-dən çox kompüterin işinə təsir göstərib.

Britaniyanın Cinayətkarlıq əleyhinə Milli Agentliyi, ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) və Europol, WannaCry virusunun kimlər tərəfindən hazırlandığını araşdırırlar.

Əvvəlki təhlillərdə güman edilirdi ki, WannaCry virusunun arxasında Şimali Koreya dura bilər.

Lakin Flashpoint tədqiqatçıları virusun yaydığı ödəniş tələbinin Koreya dilindəki mətninin qrammatik cəhətdən çox zəif səviyyədə yazıldığına fikir veriblər.

Fotonun müəllifi AFP
Image caption WannaCry kompüter virusunun ziyan vurduğu təşkilatlar arasında Britaniyanın bir neçə xəstəxanası da olub.

"Yalnız Çin və ingilis dilində yazılmış mətnləri həmin dilləri anlayan şəxs tərəfindən yazıldığını güman etmək olar, - Surrey universitetindən kibertəhlükəsizlik üzrə ekspert, professor Alan Woodward bildirib. - Qalan dillərdəki yazılar Google Translate proqramı ilə tərcümələrə bənzəyir. Hətta, Koreya dilində yazılmışı da".

Professor Woodward deyib ki, virusun arxasında duranlar hücum qurbanlarının Bitcoin valyutası ilə ödədikləri pulu götürməyə cəhd göstərməyiblər, və onun fikrincə, bu, onların özlərini faş etmək istəmədiklərini göstərir.

"Onların artıq gizləndiyini düşünürəm, - Alan Woodward BBC-ə deyib. - Onlar öz sistemlərini qapadıblar. Axtarışda olduqlarını blirlər. Belə bir məqamda pulu əldə etmək cəhdi onlar üçün məhvə bərabər ola bilər".

"Başlarında ağıl varsa, onlar o pula dəyməyəcəklər", - ekspert qeyd edib.

Bu barədə daha geniş