Hamiləlik zamanı çəkilən siqaret "körpənin qaraciyər hüceyrələrini zədələyir"

Hamiləlik və siqaret Fotonun müəllifi Getty Images
Image caption Hamiləlik dövründə siqaret çəkilməsinin dölə necə təsir göstərə biləcəyi alimlərin diqqət mərkəzindədir.

Aparılmış elmi araşdırmalara əsasən, siqaretdəki kimyəvi maddələr kokteyli ana bətnindəki körpənin inkişaf etməkdə olan qaraciyər hüceyrələrini zədələyir.

Tədqiqatın nəticələri Archives of Toxicology jurnalında dərc olunub.

Edinburgh Universitetinin elmi qrupu araşdırmanı gövdə hüceyrələrinin təhlili əsasında aparıb.

Alimlər aşkar ediblər ki, siqaretdəki kimyəvi maddələrin dölə necə təsir göstərəcəyi rüşeymin cinsindən asılı olaraq müxtəlifdir.

Tədqiqatçılar , qaraciyər toxumalarının inkişaf etdirilməsi üçün rüşeymin gövdə hüceyrələrindən istifadə ediblər.

Müxtəlif növ toxumalara çevrilə bilən həmin hüceyrələrə "plüripotent gövdə hüceyrələri" deyilir.

Tədqiqat zamanı qaraciyər hüceyrələri siqaretdə aşkar edmiş zərərli kimyəvi maddələr qarışığının təsirinə məruz qalıb.

Alınan nəticəyə əsasən, siqaret çəkildiyi zaman əmələ gələn kimyəvi maddələrin kokteyli rüşeymin qaraciyərinə daha çox zərər vurur, nəyinki həmin komponentlər ayrı-ayrılıqda.

Qaraciyər, maddələr mübadiləsində və orqanizmin toksik maddələrdən təmizlənməsində mühüm rol oynayır.

Tərkibində 7 minədək kimyəvi maddənin olduğu siqaretin çəkilməsi ana bətnindəki dölün daxili orqanlara uzunmüddətli zərər vura bilər.

Edinburgh Universitetindən doktor David Hay deyib ki, aparılmış elmi tədqiqat siqaretin ana bətnindəki vurduğu ziyanı daha yaxşı anlamağa imkan verəcək.

Aberdeen və Glasgow universitetlərilə birgə aparılmış tədqiqat eləcə də siqarətin vurduğu zərərin rüşeymin cinsindən asılı olaraq fərqli ola biləcəyini aşkar edib.

Belə ki, oğlan rüşeyminin toxumalarında siqaretdəki kimyəvi maddələr çərtik izi buraxırsa, qız toxumalarındakı hüceyrələrdə maddələr mübadiləsi funksiyası siqaretin təsiri nəticəsində zədələnir.

Aberdeen Universitetinin tibb elmləri institutunun professoru Paul Fowler qeyd edib ki, aparılmış tədqiqat, siqaret çəkən ananın bətnindəki dölə siqaretin təsirinin dölün cinsindən asılı olaraq müxtəlif ola biləcəyini aşkar edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş