Britaniya mətbuatı: Birləşmiş Ştatlar Suriya kürdlərini silahlandırmağa başladı

Fotonun müəllifi Reuters

Birləşmiş Ştatlar Suriya kürdlərini silahlandırmağa başladı

"The Telegraph" yazır ki, Birləşmiş Ştatlar İslam Dövləti adlandırılan təşkilatdan Raqqa şəhərinin alınmasında iştirakı gözlənilən Suriya kürdləri arasında silah və hərbi avadanlığın paylanmasına başlayıb.

Məqalədə deyilir ki, Türkiyənin narahatlığına baxmayaraq prezident Trump Suriya Demokratik Qüvvələrinin tərkibindəki "kürd elementlərin" silahla təchiz edilməsi planına xeyir-dua verib.

Pentaqonun sözçüsü mayor Adrian Rankine-Galloway deyib ki, kürd döyüşçülər artıq ilk silahları mayın 30-da ala biliblər.

Kürdlər arasında silahların paylanması qərarı Trump tərəfindən bir neçə həftə əvvəl rəsmiləşdirilib.

"The Telegraph" yazır ki, silahların paylanmasına başlananda Türkiyə tərəfindən bu hadisəyə reaksiya verilməmişdi, lakin Ankara Suriya kürdlərinin YPG özünümüdafiə qüvvələrini qadağan edilmiş Kürdüstan İşçi Partiyası - PKK-nın bir qanadı hesab edir.

PKK 1984-cü ildən bəri Türkiyə hökumətinə qarşı üsyan qaldırıb. Bu təşkilat Türkiyədən başqa, həm də Avropada və Amerikada terrorçu təşkilatların siyahısına salınıb.

Bu ayın əvvəllərində verdiyi bəyanatda Pentaqonun sözçüsü Dana White demişdi: "Prezident Raqqada İŞİD üzərində tam qələbənin təmin edilməsi məqsədilə Müdafiə Nazirliyinə Suriya Demokratik Qüvvələrinin sıralarındakı kürd elementlərin təchiz olunmasına icazə verib".

"Suriya Demoktaik Qüvvələri ABŞ və onun koalisyasının əməli dəstəyi ilə yaxın gələcəkdə Raqqanın uğurla ələ keçirilməsi üçün yerdəki yeganə qüvvədir" - demişdi sözçü.

Bu ayın əvvəllərində cənab Trump və Türkiyə prezidenti Recep Tayyip Erdoğan Washington-da görüşmüşdülər.

ABŞ rəsmiləri habelə işarə etmişdilər ki, onlar Türkiyənin PKK-ya qarşı mübarizəsinə kəşfiyyat əməkdaşlığı ilə dəstək verəcəklər.

Lakin Türkiyə belə bir narahatlıq ifadə etmişdi ki, YPG-yə veriləcək silahlar sonunda PKK-nın əlinə düşə bilər.

Kürdlərə verilən hərbi avadanlığa kiçik kalibrli silahlar, pulemyotlar, tikinti avadanlığı və zirehli maşınlar daxildir.

Pentaqon bildirib ki, bu avadanlıq məxsusi olaraq Raqqanın zəbt edilməsi məqsədilə verilir.

Pentaqonun sözçüsü daha sonra deyib: "Biz partnyorumuz Türkiyənin təhlükəsizlik narahatlığından xəbərdarıq. Biz Türkiyə hökumətinə və xalqına təminat veririk ki, ABŞ, əlavə təhlükəsizlik risklərinin önlənməsinə və NATO müttəfiqimizin müdafiəsinə sadiqdir".

ABŞ-ın kürdləri silahlandırmaq barədə planı uzun müddət müzakirə olunub və Raqqa əməliyyatının sürətləndirilməsi məqsədini güdür.

ABŞ rəsmiləri bundan əvvəl demişdilər ki, kürdlərə 120 mm-lik minaatanlar, pulemyorlar, sursat və yüngül zirehli maşınlar verilə bilər.

Onlar demişdilər ki, ABŞ kürdlərə yer-göy raketləri verməyəcək.

Bundan əvvəl kürdlərə artilleriya silahlarının və yer-göy tipli raketlərin verilməməsini Ankara ABŞ-dan rica etmişdi.

Birləşmiş qərargahlar rəisi Joseph Dunford da daxil, ABŞ-ın vəzifəli rəsmiləri Türkiyə tərəfi ilə görüşlər keçirərək Raqqa hücumunun Ankaraya münasib şəkildə aparılması üçün məsləhətləşmələrdə olmuşdular.

Türkiyə rəsmiləri Raqqanın alınması əməliyyatında kürdlərin iştirak etməsini istəmədiklərini bildirsələr də, ABŞ Suriya kürdlərinə alternativin olmadığını bildirmşdi.

Fotonun müəllifi MISSILE DEFENSE AGENCY

ABŞ Şimali Koreyanın "raket zərbəsinə" hazırdır

"Metro" qəzeti yazır ki, Pentaqon Şimali Koreyanın hədələdiyinə bənzər hücumların qarşısını almağa hazırdır.

Məqalədə deyilir ki, ABŞ hərbiyyəsi yerüstü raket zərbəsindən Müdafiə Radarını ötən gecə uğurla sınaqdan keçirib.

Bununla da Trump administrasiyası amerikalıların müdafiəsi üçün bir neçə mərhələli müdafiə sisteminin mövcud olduğunu təsdiqləyib.

Bu da qeyd olunur ki, bu, 1999-cu ildən bəri keçirilən 17 sınaqdan uğurla başa çatan 10-cusudur.

"Biz nəticədən asılı olmayaraq hər bir yeni sınaqdan öyrənir və sistemi təkmilləşdiririk. Sınaqların keçirilməsindən məqsəd də elə budur" - Pentaqonun sözçüsü kapitan Jeff Davis deyib.

Bununla belə, sözçü əlavə edib ki, bu dəfəki sınaqda inkişaf etdirilmiş sistemdən istifadə olunub.

Onun sözlərinə görə, sınaq sistemin daha da təkmilləşdirilməsinə imkan verəcək.

Raket Hücumundan Müdafiə Alyansının təsisçisi Riki Ellison isə daha açıq danışıb. O deyib ki, bu sınaq "həyati" məna daşıyır:

"Biz sınaq zamanı Birləşmiş Ştatların Şimali Koreyanın mümkün zərbəsindən müdafiəsini yoxlayırdıq."

Xəbərlərdə deyilir ki, sınaq zamanı Şimali Koreya raketini təqlid edən maket uçuş zamanı yarı yolda vurulub.

Fotonun müəllifi Getty Images

Trump-ın şəxsi vəkili də araşdırmaya cəlb olunub

"The İndependent" yazır ki, Donald Trump-ın seçki kampaniyası komandasının Moskva ilə əlaqələrinə dair federal araşdırmaya prezidentin şəxsi vəkili də daxil edilib.

Əvvəllər Trump Organisation təşkilatında hüquqşünas kimi çalışmış Michael Cohen ABŞ mediasına deyib ki, Konqres və Senatda təhqiqatı aparan komissiyalar ondan informasiya və ifadə tələb ediblər.

Bu informasiyalar onun Rusiya hökumətindəki şəxslərlə əlaqələrinə aiddir. O ifadə vermək üçün edilən dəvəti rədd etdiyini bildirib.

"Mən dəvətdən imtina etmişəm, çünki dəvətin mətni yaxşı tərtib edilməyib, həddən ziyadə yayğındır və əslində ordakı sorğuların cavablandırılması qeyri-mümkündür" - deyib Cohen ABC News şəbəkəsinə.

Associated Press bildirir ki, Konqresin Kəşfiyyat Komitəsinin üzvləri Cohen-ə bildiriş göndərildiyini təsdiq ediblər.

Cənab Cohen Konqresin əməkdaşlıq tələbini rədd etdikdən sonra Senatın seçkili kəşfiyyat komitəsi, komitə başçılarını, yəni respublikaçı Richard Burr və demokrat Mark Warner-i Cohen-ə çağırış göndərilməsinə müvəkkil edib.

Beləliklə, Trump-ın kürəkəni və baş müşaviri Jared Kushner-in FTB təhqiqatının subyekti olduğuna dair yayılan xəbərlərdən sonra, Trump-ın yaxın çevrəsindən sayılan Cohen-in də təhqiqata dəvət edilməsi xəbər başlıqlarına çıxıb.

ABŞ mediası yazır ki, Cohen Trump-ın "vuran qolu" sayılır və keçmişdə New York maqnatının tənqidçilərini məhkəmə ilə hədələyib.

2016-cı ildə Cohen-in CNN-dəki çıxışı böyük hay-küyə səbəb olmuşdu.

Proqram aparıcısı Brianna Keiler ona Trump-ın seçki düşərgəsinin zəif olduğunu demişdi.

Cavabında vəkil sərt şəkildə dillənmişdi: "Onu kim deyir?"

Aparıcı rəy sorğularına əsaslandığını bildirəndə, Cohen demişdi ki, tezliklə Trump-ın bütün bu rəy sorğularından daha çox səs toplayacağını görəcəksiniz…

"The Guardian" yazır ki, əvvəlcə bundan imtina etməsinə baxmayaraq, Donald Trump-ın keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn, Rusiyanın 2016-cı il seçkisinə müdaxiləsini araşdıran Senat komissiyası ilə əməkdaşlığa hazır olduğunu deyib.

Flynn Associated Press agentliyinə deyib ki, Senat komitəsinin bu ayın əvvəllərində ondan tələb etdiyi sənədləri təqdim etməyə hazırdır və təqdim olunacaq sənədlər bir həftə müddətində hazır olacaq.

Məqalədə deyilir ki, Flynn-in bu qərarı onun Senat palatası ilə ortaq məxrəc tapdığını göstərir.

Flynn bundan əvvəl özünün Konstitusiyaya 5-ci düzəlişdə nəzərdə tutulmuş hüququndan istifadə edərək komitənin çağırışını rədd etmişdi.

Konstitusiyanın sözü gedən maddəsi vətəndaşı özünə qarşı ifadə verməkdən azad edir.