Britaniya mətbuatı: Azərbaycanın "uşaq göstəriciləri" Cənubi Qafqazda "ən aşağıdır"

uşaqlar Fotonun müəllifi Getty Images
Image caption Azərbaycanın "uşaq göstəriciləri" Cənubi Qafqazda "ən aşağıdır"

"The İndependent" 1 iyun Beynəlxalq Uşaqların Müdafiəsi günündə yazır ki, bütün dünyada 28 milyon uşaq müharibə və münaqişələrə görə yurd-yuvalarından didərgin düşüb.

Save the Children beynəlxalq uşaq hüquqlarının müdafiəsi xeyriyyə təşkilatının yeni hesabatında deyilir ki, bu günün uşaqları itirilmiş nəsil ola bilər, çünki onların uşaqlıq illəri "oğurlanıb".

Təşkilat uşaqların ən yaxşı və ən pis yaşadıqları ölkələrin qlobal indeksini tərtib edib.

Məlum olub ki, bütün dünya boyunca 700 milyon uşaq münaqişələr, uşaq əməyi, erkən evlilik, təhsilsizlik və səhiyyə xidmətinin olmaması ucbatından uşaqlıq çağının xoşbəxtliyindən məhrum olub.

Hesabatdan bu da bəlli olub ki, hər il dünyada 8 milyon uşaq ölür, hər 6 uşaqdan biri təhsil ala bilmir.

Save the Children təşkilatının indeksində ən pis göstəricilərə malik ölkələr əsasən Afrika qitəsindədir. Bunlar Niger, Anqola, Mali, Mərkəzi Afrika Respublikası və Somalidir.

Təşkilatın baş direktoru Kevin Watkins deyib ki, 2015-ci ildə dünya ölkələri 2030-cu ilədək harada yaşamasından asılı olmayaraq bütün uşaqların təhsil və səhiyyə xidməti ilə təminatına söz veriblər.

Cənab Watkins deyib ki, bu, ambisiyalı vəd olsa da, tamamilə realist hədəfdir.

Bu indeksdə son 15 ildə müharibə şəraitində olan İraq 172 ölkə arasında 123-cü yeri tutur.

İndeks cədvəlində Azərbaycan 87-ci, Gürcüstan isə 85-ci pillədədir. Ermənistan uşaqların vəziyyətinə görə Cənubi Qafqazda ən yaxşı göstəriciyə malikdir. Bu ölkə indeksdə 54-cü yerdədir.

Cədvəldə Azərbaycandan sonrakı yerlərdə yalnız iki keçmiş sovet respublikası var. Qırğızıstan 91, Tacikistan isə 94-cü pillədə qərarlaşıb.

Bu cədvəldə Rusiya 37, ABŞ isə 36-cı yerdədir.

Almaniya NATO sammitinin İstanbulda keçirilməsinə qarşıdır?

Fotonun müəllifi Getty Images
Image caption "NATO rəsmiləri istəmirlər ki, alyansın Türkiyənin hazırkı daxili siyasətini qəbul etdiyi kimi bir təsəvvür yaransın"- Die Welt qəzeti yazıb

"The Daily Telegraph" qəzeti yazır ki, bəzi məlumatlara görə Almaniya, Fransa, Hollandiya və Danımarka NATO-nun gələn ilə nəzərdə tutulmuş sammitinin Türkiyədə keçirilməsini bloklamağa çalışır.

Almaniyada çıxan Die Welt qəzeti xəbər verir ki, Avropa İttifaqının 18 ölkəsi və Kanada sammitin İstanbulda keçirilməsinin qarşısını almaq barədə razılığa gəliblər.

Bəzi məlumatlara görə Türkiyə alyansın 2016-cı ildə Varşavada keçirilmiş sammitində 2018-ci il üçün nəzərdə tutulmuş növbəti zirvə toplantısının İstanbulda keçirilməsini təklif edibmiş. Lakin qəzetin yazdığına görə, NATO ölkələri qəti qərarın daha sonra qəbul ediləcəyi barədə razılığa gəliblər.

NATO ölkələrinin müdafiə nazirləri zirvə toplantısının yeri barədə qərarı iyunda keçiriləcək görüşlərində qəbul etməlidirlər.

Die Welt yazır ki, hazırda əksər alyans üzvləri toplantının Brüsseldə, NATO-nun yeni qərargahında keçirilməsinə meyllidirlər.

Qəzetin məlumatına görə, "NATO rəsmiləri istəmirlər ki, alyansın Türkiyənin hazırkı daxili siyasətini qəbul etdiyi kimi bir təsəvvür yaransın".

Bununla belə, NATO-nun sözçüsü Piers Cazalet deyib ki, 2018-ci il sammitinin yeri barədə qərar hələ qəbul edilməyib.

Sözçü deyib ki, Türkiyə alyansın növbəti sammitlərindən birinin İstanbulda keçirilməsini təklif edib, lakin Brüssel variantı da nəzərdən keçirilir.

Qərb mediası yazır ki, bu xəbər NATO-nun iki üzvü - Türkiyə və Almaniya arasındakı gərginlik və incikliyin davam etdiyini göstərir.

May ayının əvvəllərində Türkiyə Almaniya millət vəkillərinin İncirlik bazasında xidmət edən alman hərbçilərə baş çəkməsinə icazə verməmişdi.

Ankara bildirirdi ki, bu, Almaniyanın Türkiyədə baş tutmamış çevriliş cəhdində şübhəli bilinən türk hərbçiləri Tükiyəyə ekstradisiya etməkdən boyun qaçırmasına cavab addımıdır.

Bunun ardınca Almaniya bəyan edib ki, Türkiyədəki alman kontingentinin bu regionda başqa bir bazaya keçirilməsi məsələsinə baxılır. Variantlar kimi İordaniya, Küveyt və ya Kiprdəki hərbi bazaların adı çəkilirdi.

Almaniya kansleri Angela Merkel Türkiyə prezidenti Recep Tayyip Erdoğanın nəzərinə çatdırıb ki, Bundestaqdakı millət vəkillərinin xaricdəki alman hərbi kontingentlərinə baş çəkməsi imkanı müzakirə mövzusu ola bilməz.

Almaniya Konstitusiyasına görə ordu parlamentə tabedir.

"The Telegraph" yazır ki, Almaniya parlamenti Türkiyədəki hərbi kontingentin başqa ölkəyə keçirilməsi barədə qərar qəbul edilməsini hələlik təxirə salıb.

Hazırda Türkiyədəki İncirlik hərbi hava bazasında 250 alman hərbçi xidmət edir. Onlar İslam Dövləti adlandırılan təşkilata qarşı döyüşən ABŞ koalisiyasının tərkibindədirlər.

Əfsanəvi futbolçu Garrincha qəbirdən "yoxa çıxıb"

Fotonun müəllifi Getty Images
Image caption Əfsanəvi futbolçu Garrincha-nı 1983-cü ildə iki dəfə dəfn etməsinə baxmayaraq onun sümükləri "yoxa çıxıb"

"The Sun" qəzeti yazır ki, Braziliya qəbristanlıqlarından biri əfsanəvi futbolçu Garrincha-nı 1983-cü ildə iki dəfə dəfn etməsinə baxmayaraq onun sümükləri yoxa çıxıb.

"Xaqlın sevinci" ləqəbini qazanmış Garrincha 1958 və 1962-ci illərdə dünya çempionu adını qazanıb və Pele və Mario Zagallo kimi oyunçularla çiyin-çiyinə yarışıb.

O 1983-cü ildə alkoqolizmlə uzun mübarizədən sonra vəfat edib və Rio de Janeyronun 60 kilometrliyindəki doğma şəhəri Magedə torpağa tapşırılıb.

Lakin bu şəhərin rəsmiləri Extra qəzetinə deyiblər ki, furbolçunun sümükləri qəbirdən çıxarılıb və onların yerini bilən yoxdur.

"Bizə deyiblər ki, onun cəsədi eksqumasiya edilib və sümükləri siyirtməli məzar divarına qoyulub. Lakin əlimizdə bu barədə heç bir sənəd yoxdur" - deyib məzarlığa cavabdeh rəsmilərdən biri.

Braziliyada qəbristanlıqlar iki sektora bölünür. Bir sektorda mərhumlar torpağa basdırılır, ikinci sektroda isə kremasiyadan sonra ölənin külləri və ya sümükləri divardakı siyirtmələrə yerləşdirilir.

Məsələ burasındadır ki, Magedəki Raiz da Serra qəbristanlığında üzərində Garrincha-nın adı olan iki sərdabə var.

Onlardan birində Garrincha ilk dəfə 1983-cü ildə, başqa ailə üzvləri ilə yanaşı dəfn edilib. İkinci məzarın isə obeliski var və o 1985-ci ildə inşa olunub.

Garrincha-nın qızı Reuters agentliyinə bildirib ki, qəbirqazanlardan biri ona atasının bu iki məzardan birində ola biləcəyini söyləyib.

Lakin sonunda Rosangela Santos atasının iki məzardan heç birində olmadığını öyrənib.

"Biz onun harada olduğunu bilmirik, - deyib qadın, - Şəhər meri bizə mavzoley vəd etmişdi, amma indi gərək əvvəlcə onun sümüklərini tapsınlar".

Lakin verdiyi vədə baxmayaraq şəhər meri Santos-un email-lərinə və telefon zənglərinə cavab vermir.

Mer Tubarao Extra qəzetinə deyib ki, indi yeganə çıxış yolu hər iki sərdabədəki qalıqları DNT analizi etməkdir. Amma buna görə futbolçunun yaxın qohumlarının razılığı olmalıdır.