İsveç: Sığınacaq verilməsini gözləyərkən "heroinə sığınan" əfqan gəncləri

Heroin Fotonun müəllifi Getty Images

İsveçdə sığınacaq müraciətinin nəticəsini gözləyən həddi-büluğa çatmamış və yanında ailəsi olmayan əfqanlı qaçqınların arasında narkotikdən istifadə halları getdikcə yayılmaqdadır.

Ötən il ərzində paytaxt Stockholm-da sığınacaq üçün müraciət edənlərdən ən azı 1000 nəfərin heroin asılılığından müalicə kursu keçdiyi bildirilib.

AFP agentliyinin araşdırmasına görə, paytaxtdan şimalda yerləşən Uppsala universitet şəhərində 18 yaşına çatmamış və yanında ailəsi olmayan əfqan gənclərinin təxminən 10 faizi narkotikdən istifadə edir.

Bu şəhər təxminən minə yaxın yetkinlik yaşına çatmamış əfqan gəncini qəbul edib.

Fotonun müəllifi AFP

Həm keçmişin ağrıları, həm deportasiya qorxusu

Bu gənclər sığınacaq üçün müraciətin nəticəsini gözləyərkən, yaşadıqları stressin öhdəsindən gəlməyin yolunu heroin kimi narkotiklərdən istifadədə görürlər.

İsveçdə sığınacaq üçün ərizənin verilməsindən yekun cavab alınana qədər azı 1 il vaxt keçir.

Müraciətinin cavabını gözləyərkən narkotikdən istifadə etməyə başlayan 16 yaşlı Mehdi, bu hərəkətini cavab gözlədiyi müddətdə deportasiya olunmaqdan qorxusu ilə izah edib.

Mehdinin bəxti gətirib - o, həm gördüyü müalicə nəticəsində narkotik asılılığından xilas olunan, həm də sığınacaq barədə müraciəti qəbul edilənlərdən biridir.

Mütəxəssislər isə bu qrupda olanların narkotikdən istifadə səbəbləri arasında deportasiya qorxusu ilə yanaşı keçirilmiş mənəvi sıxıntıların da rol oynadığını qeyd edirlər.

Uppsala-da Sosial Təminat Xidmətinin direktoru Hilde Wiberg də, sığınacaq üçün müraciət edənlərdən bir çoxlarının keçmişdə yaşadıqları sıxıntılara görə ruhi sağlamlıqlarının pozulduğuna diqqəti çəkib.

Fotonun müəllifi AFP

Müraciətlərin təxminən 80 faizi qəbul olunur

Wiberg-in sözlərinə görə, isveçli rəsmilər də sığınacaq üçün müraciət edən gənclərin yaşadığı narkotik probleminin fərqində olduqlarını qeyd edirlər.

Rəsmilər, həmin gənclərin cəmiyyətə və özləri üçün bir risk amilinə çevrilməməsi məqsədilə çalışdıqlarını söyləyiblər.

Heroin saxlamaq və ya istifadə etmək, sığınacaq barədə müracətə mənfi təsir yaradan amil sayılmır.

Lakin rəsmilərin əsas narahatlığı, bu bahalı vərdişin böyük xərc tələb etməsi ilə bağlıdır.

Həmin xərci qarşılamaq üçün gənclər oğurluq kimi kriminal hərəkətlərə yol verir.

Bu isə, öz növbəsində, sığınacaq almaq şansını azaltmaqla yanaşı şəhərlərdə kriminal vəziyyəti də pisləşdirir.

İsveçdə qaçqın statusu almaq üçün gözləyənlərin əksəriyyəti əfqanlardır. Bu qrupda sığınacaq üçün müraciət edənlərin təxminən 80 faizinin ərizəsinə müsbət cavab verilib.

İsveç Miqrasiya Təşkilatının məlumatlarına görə, 2017-ci ildən bəri 1321 adamın sığınacaq barədə ərizəsinə baxılıb, onlardan 200 nəfərin müraciəti təmin olunmayıb.

Bu barədə daha geniş