Hollandiya: Ailələrə, sperm bankı həkiminin DNT məlumatı açıqlanacaq

İddiaçılar media nümayəndələrinə məlumat verib - Rotterdam Fotonun müəllifi AFP
Image caption İddiaçılar media nümayəndələrinə məlumat verib

Hollandiyada süni mayalanma üçün öz spermindən istifadə etməkdə təqsirləndirilən mərhum həkimin DNT məlumatı onun müştərisi olmuş ailələrə açıqlanacaq.

Müvafiq qərar Rotterdam şəhər məhkəməsi tərəfindən qəbul olunub.

Söhbət aprel ayında vəfat etmiş süni mayalanma klinikasının 89 yaşlı müdirindən gedir.

Jan Karbaat Rotterdam yaxınlığında Bijdorp tibbi mərkəzində 60 uşağın bioloji atası olmaqda şübhəli bilinir.

Klinikanın müştərisi olmuş ailələr mərhum doktorun DNT məlumatını bilmək istəyib və bunun üçün məhkəməyə müraciət ediblər.

Mərhum həkimin DNT nümunələri onun şəxsi əşyalarından götürüləcək.

Onun ailə vəkili qaldırılmış iddianın dəstəklənməsi üçün heç bir dəlilin olmadığını söyləyib.

Jan Karbaat özünü "süni mayalanma sahəsinin pioneri" adlandırırdı.

Onun klinikası 2009-cu ildə donorlar barədə məlumatın saxtalaşdırıması xəbəri yayıldıqdan sonra bağlanıb.

23 valideyn və övladdan ibarət iddiaçılar qrupunun vəkili məhkəmə iclasında bildirib ki, iddia, o cümlədən, göygöz donorun spermindən doğulanın qonurgözlü olması və digər bir övladın isə zahirən mərhum doktora bənzəməsi hallarını əhatə edir.

Rotterdam məhkəməsində prosesi izləyən BBC müxbirinin qeyd etdiyinə görə, iddia qaldıran ailələr mərhum həkimin bioloji ata olduğunu düşünməyə əsas verən dəlillər təqdim etməyənə qədər, onun DNT məlumatı açıqlanmayacaq.

DNT yoxlaması mərhum həkimin bioloji ata olduğunu sübut edərsə, övladlar doktora qarşı məhkəmə iddiası irəli sürəcəklər.

Əlaqəli mövzular

Bu barədə daha geniş