Britaniya mətbuatı: Putinin yaxın adamı neftin özəlləşdirilməsindən danışıb

Fotonun müəllifi EPA

Putinin yaxın adamı neftin özəlləşdirilməsindən danışdı

"Financial Times" yazır ki, Rusiya prezidenti Vladimir Putinin baş müşavirlərindən biri ölkənin neft sənayesinin tamamilə özəlləşdirilməsini təklif edib.

Keçmiş maliyyə naziri və Putinin iqtisadi məşvərət şurası sədrinin müavini Aleksey Kudrin deyib ki, ölkənin bütün neft sektoru qarşıdan gələn 7-8 ildə tam özəlləşdirilməlidir.

"Bizə dövlət neft şirkətləri lazım deyil" - deyib Kudrin.

O bildirib ki, özəlləşdirmə xarici investorlara açıq olmalıdır və əlavə edib ki, Rusiya nefitinin dövlət mülkiyyətində olmasının xeyrindən çox ziyanı var.

"Financial Times" yazır ki, Kudrinin təklifi elə Putinin özünün iqtisadi müşavirlərinin çevrəsində çoxdan davam edən debatları qızışdırıb. Məqalədə deyilir ki, həm də bu təklifin prezident seçkisi ərəfəsində verilməsi xüsusi maraq doğurur.

FT yazır ki, Kudrinin təklifi, onu dövlət neft nəhənglərinin qüdrətli başçıları ilə, ələxüsus da Rosneftin rəhbəri İqor Seçinlə üz-üzə qoyacaq.

Bu da bəllidir ki, Rusiyada bütünlükdə iqtisadiyyatda və ayrılıqda neft sənayesində son illər dövlət mülkiyyətinin çəkisi artıb.

Cənab Kudrin deyib: "Bu elə bil bizim bəxtimizə yazılıb ki, dövlət mülkiyyətindən yaxa qurtara bilmirik və hələ təkrar-təkrar ona qayıdırıq".

2016-cı ildə Rusiyada çıxarılmış neftin təxminən 75 faizi dövlət neft şirkətlərinin payına düşüb. Bunun 40 faizi Rosneftin hasil etdiyi neftdir.

Transneft neft kəmərləri monopoliyası da dövlət mülkiyyətindədir.

Fotonun müəllifi Reuters

Kudrin sankı bilərəkdən cənab Seçini sancmaq məqsədilə bunu da deyib ki, Rusiya Başnefti özəlləşdirməməklə əlinə düşən fürsəti fövtə verib. Məlumdur ki, Başneft böyük bir qalmaqalla Rosneftə birləşdirilib. O deyib ki, müxtəlif münasib alıcılar olsa da, bu şirkətə də Rosneft sahiblənib.

FT yazır ki, Kudrinlə Putinin yaxın münasibətlərinin tarixi 1993-cü ilə gedib çıxır. O vaxt onların hər ikisi Sankt Peterburq merinin müavinləri idilər.

Cənab Seçin bundan bir il sonra Putin administrasiyasının başçısı təyin olunub və o vaxtdan bəri prezidentin yaxın müşaviri kimi fəaliyyət göstərib. Prezidentin özü kimi Seçinin də keçmişi dövlət təhlükəsizliyi orqanları ilə bağlıdır.

Kreml dərhal bildirib ki, Kudrinin təklifi onun öz şəxsi fikrinin məhsuludur.

Putinin sözçüsü Dmitri Peskov deyib ki, "mənim məlumatıma görə hökumət hələlik özəlləşdirmə məsələsinə baxmır".

Kabinet rəsmilərindən biri isə deyib ki, cənab Putin çətin, Kudrinin bu məsləhətini qəbul etsin.

Rusiyanın böyüklüyünə görə üçüncü iri neft şirkəti Gazprom Neft-in baş icraçı direktoru Aleksandr Dyukov deyib ki, o Kudrinin neft və qaz şirkətlərinin özəlləşdirilməsinin faydalı olacağına dair fikirlərini bölüşmür.

Dyukov deyib ki, dövlət şirkətləri özəl şirkətlərdən daha səmərəli işləyir.

Fotonun müəllifi Alamy

İŞİD "ən sonuncu" döyüşə hazırlaşır

"The İndependent" yazır ki, İŞİD özünün ən son döyüşünə hazırlaşır. Məqalədə deyilir ki, İraqın ikinci böyük şəhəri və özünü İslam Dövləti adlandıran təşkilatın son istehkamı olan Mosulda indi yalnız kiçik bir ərazi cihadçıların tam nəzarətində qalıb.

Elə bu ərazidə ilişib qalmış iraqlılar bildirirlər ki, islamçılar Böyük ən-Nuri məscidinin ətrafındakı müdafiə xəttini möhkəmləndirməklə məşğuldurlar.

Qəzetin Beyrut müxbiri yazır ki, son iki gündə Dəclə çayının qərb sahilindəki orta əsrlərə aid möhtəşəm məscidə aparan bütün yollar bağlanıb və cihadçılar şəhərin bu hissəsində qalmış sakinlərdən yaxınlaşmaqda olan İraq ordusuna qarşı canlı sipər kimi istifadə etməyi planlaşdırırlar.

Məqalədə deyilir ki, İŞİD İraqın bu zəngin kosmopolit şəhərini 2014-cü ilin yayında gözlənilməyən hücumla ələ keçirmişdi. O vaxt təşkilatın əlində İraqın bütün ərazilərinin üçdə biri cəmləşmişdi.

"The İndependent" yazır ki, 1, 5 milyonluq əhalisi olan şəhəri ələ keçirə bilməsi o vaxt İŞİD-in özünü də mat qoymuşdu.

Məhz bundan sonra təşkilatın başçısı Əbu Bəkr əl-Bağdadi ən-Nuri məscidində ilk və son dəfə açıq xütbəyə çıxaraq xilafəti bəyanlamış və bütün dünya müsəlmanlarına çağırış etmişdi.

Lakin aydındır ki, nə İraq, nə də onun ABŞ koalisyası tərəfindən dəstəklənən müttəfiqləri heç vaxt Mosulu əbədi olaraq İŞİD-in ixtiyarına buraxmaq fikrində olmamışdılar.

Buna baxmayaraq Mosul uğrunda döyüş gözlənildiyindən uzun və qanlı olub.

2016-cı ilin oktyabrında Mosulun alınması uğrunda "Yenilməz qətiyyət" adlı əməliyyat başlananda İraq generalları müharibənin ilin sonunadək başa çatacağını proqnozlaşdırırdılar.

Lakin artıq səkkiz aydır ki, Mosulda küçəbəküçə snayperlərin və mina pusqularının müharibəsi səngimək bilmir.

İraq hökuməti öz itkilərinin sayını məxfi saxlayır ki, ictimaiyyət qələbənin necə ağır başa gəlməsindən həyəcanlanmasın.

Mosul əməliyyatı zamanı, ABŞ koalisiyasının zərbələri də ara-sıra səbəb olmaqla minlərlə dinc sakin həlak olub.

Mosulun Köhnə şəhər hissəsində hələ də 200 min sakinin ilişib qaldığı təxmin edilir.

Oradan qaçıb gələ bilənlər deyirlər ki, şəhərin İD-ə aid hissəsində su və ərzaq çatışmır, tibb xidməti isə demək olar mövcud deyil.

Yerli sakinlərin qaçıb getməməsi üçün İŞİD döyüşçüləri bəzi hallarda evlərin qapılarını daşla hörürlər.

Müxbir yazır ki, İŞİD-in qara bayrağı hələ də ən-Nuri məscidinin əyilmiş minarəsində dalğalanır, lakin bunun nə qədər davam edəcəyi bilinmir.

Bu da ehtimal edilir ki, 1970-ci illərdən bəri təmir görməyən məscid binasının özü çökə bilər.

"The İndependent" yazır ki, Mosul azad ediləndən sonra hətta sakinlər bura qayıtsalar da, sığınmağa bir ev də tapmayacaqlar. Qədim şəhərin daşı daş üstündə qalmayıb.

Qoyunların ağrı çəkməsini qeyd edən proqram hazırlanıb

"The Daily Telegraph" yazır ki, yenicə yaradılmış süni zəka proqramı qoyunların üzündəki beş müxtəlif ifadədən heyvanların ağrıdan iztirab çəkib-çəkmədiklərini müəyyən ediblər.

Bu sistem qoyunlar üçün qoyulmuş su axurlarının üstündə xüsusi kameraların quraşdırılmasını nəzərdə tutur.

Yeni sistem axura yaxınlaşan qoyunun ağrı keçirib-keçirmədiyini fermerə xəbər verir və beləliklə ağrının səbəbi olan xəstəliyə və ya zədəyə qarşı çarə edilir.

Məqalədə deyilir ki, bu sistemdən başqa heyvan növlərinin də ağrılarını müəyyən etmək üçün istifadə oluna bilər.

Alimlər inanırlar ki, gələcəkdə bu sistemin köməyi ilə gəmiricilərin, ev heyvanları və ya atların da ağrısını müəyyən etmək mümkün olacaq.

Cambridge Universitetinin Kompüter Laboratoriyasından professor Peter Robinson deyir ki, heyvanlarla insanların üz ifadələri barədə ilk müşahidələri Darwin aparıb. O yazırdı ki, insanlar və heyvanlar emosiyalarını heyrətamiz şəkildə eyni tərzdə ifadə edirlər.

Professor deyir ki, alimlər məhz bu müşahidədən nəticə çıxarıblar. Onlar düşünüblər ki, insanda olduğu kimi heyvanlarda da üz ifadələri olmaldır.

Alim deyir ki, kənd yerlərində çox olub və dəfələrlə ayaq saxlayaraq qoyunlarla "söhbət" edib. Onun məqsədi heyvanların üzündə hər hansı ifadənin olub-olmadığını aşkarlamaq idi.

Tədqiqatçıların yaratdığı alqoritm ağrının işarələrinə - gözlərin daralmasına, yanaqların sıxılmasına, qulaqların sallanmasına, dodaqların gərilməsinə və burun pərlərinin dəyişməsinə diqqət yetirir.

Araşdırmada iştirak etmiş başqa bir alim - professor Marva Mahmud deyir ki, diqqətlə nəzər yetirdikdə ağrı çəkən qoyunla ağrı çəkən insanın üzündə eyni ifadələri görmək mümkündür.

"The Telegraph" yazır ki, şablon ifadə modellərini cizgiləmək üçün Cambridge alimləri 500 qoyunun fotolarını təhlil ediblər. Bu işdə onlara baytar həkimlər də kömək ediblər.

Alimlər deyirlər ki, qoyunların üzündəki ağrılı işarətlər ən müxtəlif xəstəliklərdən xəbər verir və bu ifadələrin öyrənilməsi, diaqnozun tez bir zamanda qoyulmasına xidmət edə bilər.