Trump ABŞ-ın Paris iqlim sazişindən çıxdığını elan edib

Trump makes announcement Fotonun müəllifi Reuters
Image caption Donald Trump Paris sazişini ABŞ-ı axsatmaq, əlverişsiz vəziyyətə salmaq və tükətmək məqsədi daşıyan sövdələşmə kimi səciyyələndirib

Prezident Donald Trump elan edib ki, ABŞ qlobal istiləşməyə dair 2015-cil il Paris iqlim sazişindən geri çəkilir.

O bildirib ki, ABŞ müəssisə və işçilərini əlverişsiz vəziyyətdə qoymayacaq "ədalətli" razılaşma üçün danışıqlara doğru hərəkət edir.

Cənab Trump ötən ilin prezident seçkilərindəki kampaniyası zamanı ölkəsinin neft və kömür sənayesinə kömək etmək üçün addım atacağını deyib.

Rəqibləri deyirlər ki, sazişdən çıxmaq ABŞ-ın əsas qlobal meydanda rəhbərlikdən əl çəkməsi deməkdir.

Paris sazişi ABŞ və digər 187 ölkədə tətbiq edilir.

Bu saziş qlobal temperaturun artmasını "xeyli aşağıda", sənayeləşməyə qədərki səviyyənin 2C üzərində saxlanılması və onun daha da aşağı, 1,5C-ə qədər "məhdudlaşdırmaq səylərini" ehtiva edir.

Yalnız Suriya və Nikaraqua bu razılaşmanı imzalamayıb.

Fotonun müəllifi EPA
Image caption Paris iqlim sazişi ABŞ və digər 187 ölkədə tətbiq edilir

Trump nə deyir?

Cənab Trump Paris sazişini ABŞ-ı axsatmaq, əlverişsiz vəziyyətə salmaq və tükətmək məqsədi daşıyan sövdələşmə kimi səciyyələndirib.

Təhlilçilərin fikrincə, ABŞ-ın Paris razılaşmasından çıxması dünya ölkələri üçün razılaşmada müəyyən edilmiş məqsədlərə nail olmağı daha da çətinləşdirəcək.

Karbon qazı tullantılarının 15 faizi ABŞ-ın üzərinə düşür. ABŞ həm də inkişaf etməkdə olan ölkələrin temperaturun artması ilə mübarizə aparmaq səyləri üçün maliyyə və texnologiyanın mühüm mənbəyidir.

Cənab Trump ABŞ-ın nə zaman sövdələşmədən çıxacağı barədə dəqiq tarix verməyib. Lakin Ağ Evdəki mənbələr bildirib ki, bu proses dörd ilədək vaxt apara bilər.

Fotonun müəllifi AFP
Image caption Etirazçılar Ağ Evin qarşısına toplaşıblar

Reaksiyalar nə olub?

Paris sövdələşməsinə razılıq vermiş keçmiş ABŞ prezidenti Barack Obama, dərhal cənab Trump-ın addımını tənqid edib və Trump administrasiyasını "gələcəyi rədd etməkdə" ittiham edib.

Respublika konqresinin liderləri və ABŞ kömür sənayesi prezidentin qərarını dəstəkləyib.

Senatın Demokrat lideri Chuck Schumer qərarı "21-ci əsrin ən pis siyasət addımlarından biri" adlandırıb.

Fransa, Almaniya və İtaliya liderləri müqavilənin yenidən baxılmasını rədd edən birgə bəyanat yayıb.

Kanada prezident Trump-ın qərarına "dərindən məyus" olub, ölkənin Ekologiya Naziri Catherine McKenna jurnalistlərə bildirib.

Böyük Britaniyanın Baş Naziri Theresa May ABŞ prezidentinin addımından "məyusluq ifadə edib".

O, telefonda cənab Trump-a sövdələşmənin "gələcək nəsillərin rifah və təhlükəsizliyini" qoruduğunu deyib.

Skandinaviya ölkələrinin liderləri - İsveç, Finlandiya, Danimarka, Norveç və İslandiya- da bu addımı pisləyib.

BMT-nin sözçüsü deyib ki, qərar "istixana qazlarının atmosferə atılmasının azaldılması və qlobal təhlükəsizliyin təşviqinə görə qlobal səylər üçün böyük məyusluqdur".

Dəniz səviyyəsinin qalxması nəticəsində mövcudluğu təhlükə altında olan kiçik ada millətlər də addımı tənqid edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş