Gey kərkəslər valideyn olublar

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Heyvanxanada daha əvvəl yumurtadan çıxan bala kərkəs

Holland heyvanxanasından bildiriblər ki, uzun müddətdir münasibətdə olan iki erkək kərkəs, valideyn olub.

İşçilər gey qızılbaşlı kərkəslərə tərk edilmiş yumurtanı veriblər və onlar yumurtanı iki ay yuvalarında saxlayıblar.

Zooparkın baxıcıları Job və Tol deyiblər ki, atalar "ayrılmaz cütlükdür" və valideynlik vəzifəsini mükəmməl icra edirlər.

"Onlar artıq bir neçə ildir ki, bizim zooparkımızdadırlar. Birlikdə yuva qurur, vaxt keçirir və cinsi əlaqədə olurlar."

"Lakin, erkək olduqlarına görə yumurtlaya bilmirlər."

Buna görə də işçilər kərkəsləri övlad sahibinə çevirmək qərarına gəlirlər və atılmış yumurtanı onlara verirlər.

Yumurta əvvəlcə inkubatorda saxlanılırdı.

"Bu, bir az riskli idi, çünki alınacağından əmin deyildik. Lakin, sonda düşündük ki, bu onların şansıdır," Cənab Van Tol deyib.

Artis Amsterdam Ali Zooparkından bildirilib ki, yeni valideynlər sürətlə böyüyən balalarına qarşı diqqətlidirlər. Bala artıq 20 günlükdür və onlar balaya yemək asan olsun deyə qidanı hissələrə belə ayırırlar.

"Bəzi pinqvin növlərində olduğu kimi kərkəslər də hər şeyi eyni edirlər və bütün işləri növbə ilə görürlər. Yumurtanı verən dişi olsa da, onu birgə yetişdirir, qidanı birgə tapırlar. Erkək kərkəslərin də qayğı məsuliyyəti kimi instinkti mövcuddur."

Bu, heyvanxananın son beş il ərzində ilk uğurlu yumurtlamasıdır.

Başqa bala kərkəs də eyni fəsildə yumurtadan çıxıb. Onun heteroseksual valideynləri İspaniyada qəza nəticəsində yoldan tapılmışdılar.

"Bu il iki qeyri-adi hadisəni yaşadığımız üçün çox şanslıyıq," Cənab Van Tol deyib.

Zoopark, hər iki yeni quşu daha sərbəst və yaşlı olanda təbiətə buraxmağa ümid edir.

Fotonun müəllifi AFP/Getty Images
Image caption Qızılbaşlı kərkəs

2016-cı ilin aprelində Almaniyanın şimalında yerləşən Nordhorn Zooparkında başqa gey kərkəs cütlüyün atılmış yumurtaya baxdığı xəbəri yayılmışdı.

Təəssüf ki, yumurtadan bala çıxmamışdı.

"Onlar yuvada otururdular, lakin, bala çıxmadı," baytar və zooparkın kuratoru Dr. Heike Weber BBC-ə söyləyib.

"Biz bilirdik ki, yumurta bala verməyəcək, lakin onlardan ayırmaq istəmədik."

Heyvanxananın baxıcıları yumurtanı götürmək istədikdə quşlar aqressiv reaksiya veriblər.

"Onlar yumurtaya bağlanmışdılar," Dr. Weber deyib.

Kərkəslər nümunəvi valideynlər kimi

ABŞ Şimali Carolina Zooparkının kərkəs mütəxəssisi Dr. Corinne Kendall-a görə, kərkəslərin analıq hissi çox yüksəkdir və rolları düzgün qiymətləndirilməyib.

"Onlar balalarının qeydinə çox yaxşı qalırlar," o deyib.

"Qədim misirlilər kərkəslərə valideynlik roluna görə böyük hörmət bəsləyirdilər. Onlara qadınlıq rəmzi kimi baxılırdı."

Təbiətdə rast gəlinən kərkəslərin bir çox növündə erkək və dişini ayırmaq çətin olduğuna görə, onların homoseksuallığı haqqında çox məlumat yoxdur, deyə Dr. Kendall bildirib.

"Lakin, imkan olarsa iki erkəyin yumurtaya qulluq edə bildiyini gördük," - o əlavə edib.

"Yumurtlamaqdan başqa onlar, qalan bütün mərhələləri keçə bilirlər."