Britaniya mətbuatı: Çində uşaqlara "müsəlman adlarının" verilməsi qadağan olunur

Fotonun müəllifi Getty Images
Image caption Sintzyan əyalətinin hakimiyyət orqanları yaşı 16-dan az olan uşaqların müsəlman adlarının dəyişdirilməsinə sərəncam verib.

Çində uşaqlara "müsəlman adlarının" verilməsi qadağan olunur

"The Guardian" yazır ki, Çin özünün uzaq qərbindəki Sintzyan uyğur rayonunun əhalisini uşaqların dini müsəlman adlarını dəyişməyə məcbur edir.

Ramazan ayında Sintzyan əyalətinin hakimiyyət orqanları yaşı 16-dan az olan uşaqların müsəlman adlarının dəyişdirilməsinə sərəncam verib.

"İfrat müsəlman adlarını" polis müəyyən edəcək.

"The Guardian" Azad Asiya Radiosuna istinadən yazır ki, söhbət ilk növbədə İslam, Quran, Məkkə, Cihad, İmam, Səddam, Həcc, Mədinə və Ərəfat kimi adlardan gedir.

Məqalədə deyilir ki, artıq aprel ayından başlayaraq hökumət yeni doğulan uşaqlar üçün bir sıra dini əsaslı adların qadağanı barədə sərəncam vermişdi. Amma indiki sərəncam artıq bu adla yaşayan uşaqların adlarının dəyişdirilməsini tələb edir.

Sintzyan əhalisinin əksəriyyəti bu sayaq qadağanlara boyun əymək məcburiyyətindədir, çünki 16 yaşında bütün uşaqlara vətəndaşlıq vəsiqəsi verilir. Təbiidir ki, qadağana tabe olmayanlar belə vəsiqələrdən məhrum olurlar.

Bu sərəncamla yanaşı regionda Kommunist Partiyasına sədaqət ifadə edən 50 minlik yürüş keçirilib. Bu yürüşlərdə hamı Çinin dövlət himnini oxumağa məcbur edilib.

Sintzyan rayonunun əhalisi əsasən müsəlman və türkdilli uyğurlardan ibarətdir.

Bu regiondakı müqavimət hərəkatını Çin hökuməti bir qayda olaraq xarici kəşfiyyat və təxribatçılarla əlaqələndirir.

İnsan haqları təşkilatları Çini uyğur xalqının hüquqlarını pozmaqda ittiham edir.

Bu da qeyd olunur ki, uyğurların yaşadığı bu ərazi Çin hökumətinin böyük İpək Yolu təşəbbüsünün keçdiyi zolağa daxildir.

Bu yaxınlarda Çin hökuməti regiondakı sakinlərdən Quran kitablarının müsadirəsinə başlayıb.

Fotonun müəllifi Getty Images
Image caption ABŞ milyarderi Michael Bloomberg prezident Donald Trump Amerikanın Paris İqlim Sazişindən çıxdığını elan edəndən dərhal sonra BMT-yə iqlim məsələləri ilə bağlı "öz cibindən" 15 milyon dollar xərcləmək niyyətini açıqlayıb

ABŞ milyarderi ABŞ prezidentini necə "pərt etdi"

"The Telegraph" qəzeti yazır ki, ABŞ milyarderi Michael Bloomberg prezident Donald Trump Amerikanın Paris İqlim Sazişindən çıxdığını elan edəndən dərhal sonra BMT-yə iqlim məsələləri ilə bağlı "öz cibindən" 15 milyon dollar xərcləmək niyyətini açıqlayıb.

Bu pul BMT-nin İqlim Dəyişikliyi İcraiyyə Katibliyinin çərçivə Konvensiyasına dəstək kimi verilir.

Bu barədə qərarın altına "Bloomberg insanpərvərləri" imzası qoyulub.

"Amerikalılar Paris İqlim Sazişindən çıxmırlar, - deyib Michael Bloomberg, - Əksinə, biz iştirakımızı daha da inkişaf etdiririk".

Bloomberg deyib ki, "amerikalılar Paris razılaşmasına əvvəldən axıradək əməl edəcəklər".

"Washington bizi dayandırmaq üçün heç nə edə bilməz" - deyib milyarder.

2002-2013-cü illərdə New York şəhərinin meri olmuş 75 yaşlı Bloomberg Forbes-un zənginlər siyahısında 8-ci şəxsdir.

O həmçinin Şəhərlər və İqlim Dəyişikliyi üzrə BMT-nin xüsusi elçisidir.

Bundan əvvəl prezident Donald Trump Amerikanın iqlim dəyişikliyi ilə bağlı bütün razılaşmalardan çıxdığını bəyan etmişdi.

Bloomberg deyib ki, ABŞ-ın hər iki partiyasından olan liderlər və biznes başçıları BMT-yə dəstək bəyannaməsini birlikdə imzalayacaqlar.

"Biz Paris razılaşmasına uyğun olaraq Amerikanın bütün öhdəliklərini yerinə yetirəcəyik" - deyib Bloomberg.

Fotonun müəllifi DON EMMERT/AFP/Getty Images
Image caption David Beckham və Harper (2014).

Atanın qızını öpməsi qəbahətdirmi?

"The İndependent" yazır ki, İngiltərə futbol yığmasının keçmiş məşhur kapitanı David Beckham İnstagram səhifəsində yerləşdirdiyi bir şəkillə sosial mediada qızğın debatlara, qınaqlara və təqdirlərə tuş olub.

Məşhur futbolçu bu şəkildə balaca qızını dodaqlarından öpür və onu ad günü münasibətilə təbrik edir.

5 yaşlı Harperin atası ilə öpüşdüyü bu şəkil Tanzaniyada çəkilib.

Şəklin altında "dədəmə öpüş" sözləri yazılıb.

Şəkli 2 milyon istifadəçi bəyənib, lakin bu hadisə eyni zamanda valideynlərin uşaqları dodaqdan öpməsinin ziddiyyəti barədə mübahisələrə səbəb olub.

"David, sənin qızını dodağından öpməyin düzgün deyil" - yazır bir istifadəçi.

"Düzünü desəm, atanın öz qızını dodağından öpməsi bir az qəribə görünür" - yazır başqa birisi.

Amma Beckham-ın müdafiəsinə qalxanlar da çoxdur.

"Atanın övladına belə bağlılığına yalnız qibtə etmək olar" - yazır İngiltərə yığmasının bir pərəstişkarı.

Beckham-ın tərəfini saxlayan başqa birisi isə yazır ki, "atanı qızını öpdüyünə görə qınayan dünyaya adamın yazığı gəlir".

Maraqlıdır ki, 2016-cı ildə qızı Harperi dodağından öpdüyünə görə Beckham-ın arvadı, - dizayner Victoria-nı qınamışdılar.

"The İndependent" yazır ki, ata-ana Beckham-lar bu debatlarla bağlı şərh vermək istəməyiblər.

Əlaqəli mövzular

Bu barədə daha geniş