London hücumu: İndiyədək nəyi bilirik?

Londonun mərkəzindəki London Bridge ərazisində üç nəfərin avtofurqonu piyadaların üstünə sürməsi və şənbə günü Borough Market məhəlləsindəki bar və restoranlarda əylənən adamlara bıçaqla hücum nəticəsində 7 nəfər həlak olub.

Polis bunu "terror hadisəsi" adlandırıb.

Hadisə barədə indiyədək öyrənə bildiklərimiz bunlardır:

Nə baş verib?

Şənbə günü axşam saat 22:08-də ağ rəngli avtofurqonun London Bridge rayonunda bir neçə adamı vurduğu barədə siqnal daxil olub.

Avtofurqon səkinin üzərinə qalxaraq bir neçə nəfəri vurub.

Fotonun müəllifi H. Attai
Image caption Bu şəkildəki ağ avtofurqondan London Bridge hücumunda istifadə edildiyi düşünülür

Avtomaşın yaxınlıqdaklı Borough Market ərazisində hərəkətini davam etdirib. Burada şübhəlilər maşından düşərək ətrafda əylənən londonlulara və turistlərdən bir neçəsinə bıçaq zərbələri endiriblər.

Şahidlər deyirlər ki, hücum edənlər pablara basqın ediblər. Bəziləri stulları və butulkaları onların üstünə ataraq müdafiə olunmağa çalışıblar.

Gerard adlı şahid bir qadının 10-15 dəfə bıçaqlandığını gördüyünü və hücum edənin "bu, Allah üçündür" qışqırdığını eşitdiyini deyib. "Onlar bu qıza 10, bəlkə də 15 dəfə bıçaq zərbəsi endiriblər", Gerard deyib.

7 nəfərin öldüyü və 48 yaralının Londonun 5 xəstəxanasına aparıldığı xəbər verilib.

Hücumda şübhəli bilinən üç şəxs hadisə barədə ilk xəbərin alınmasından 8 dəqiqə sonra artıq polis tərəfindən öldürülmüşdülər.

London Bridge ərazisindən 3 kilometr aralıda yerləşən Vauxhall adlanan məhəlləyə üçüncü polis dəstəsi göndərilib. Polis zabitləri sonradan bildiriblər ki, burada baş verən bıçaqlama hadisəsinin London Bridge və Borough Market əməliyyatları ilə əlaqəsi yoxdur.

Londonun Ambulans Xidmətinə hücumla əlaqədar 100-dən çox təcili zəng daxil olub.

Ərazi polislər tərəfindən əhatəyə alınıb və adamlar hadisə yerindən qaçıblar.

Ölənlər

Həlak olmuş 7 nəfərdən heç birinin adı açıqlanmayıb.

Bəzi yaralıların vəziyyəti kritikdir.

Dost və yaxınlarından narahat olan ictimaiyyət nümayəndələri zərərdidələr üçün xüsusi qaynar xətt yaradıblar. Adamlar 0800 096 1233 və ya 020 7158 0197 telefon nömrələrinə "yalnız əsl təcili" məsələlərlə bağlı zəng edə bilərlər.

Fotonun müəllifi Reuters
Image caption Polisin ekpertiza müstəntiqləri bazar günü London Bridge ərazisində dəlillərin axtarışı ilə məşğul olurlar

Britaniya Nəqliyyat Polisindən olan bir zabit hadisə ilə əlaqədar çağırışa gedərkən ağır yaralanıb.

Yaralıların arasında iki fransız var. Onlardan birinin vəziyyəti ağırdır. Bunu Fransa prezidentinin administrasiyası xəbər verib.

Hadisə zamanı iki Avstraliya vətəndaşı birbaşa zərər çəkib, Avstraliyanın baş naziri Malcolm Turnbull bildirib.

Fotonun müəllifi Gabriele Sciotto
Image caption Gabriele Sciotto-nun çəkdiyi fotoda belinə flyaqalar bağlamış şəxs görünür

Hücum edənlər

Hücum edən olduqları güman edilən üç nəfər polis tərəfindən Borough Market ərazisində güllələnib.

Bir nəfərin çəkidiyi şəkildə adamların Wheatsheaf pabının bayırında yerə uzandıqları görünür. Onlardan birinin belinə flyaqalar bağlanıb.

Polis bildirib ki, hücum edənlər saxta partladıcı jiletlər geyinibmişlər.

Şəkli çəkmiş şəxs deyib ki, polis tərəfindən vurulmuş üç nəfərin yerdə uzandığını görüb.

Hücum edənlərdən birinin əynində Arsenal futbol klubunun köynəyi olub, yazır Daily Mail qəzeti.

İndi nə baş verir?

Bələdiyyə polisinin komissarı Cressida Dick deyir ki, vəziyyət nəzarət altındadır, lakin bir çox zabitlər hər bir kəsin salamat olduğuna əmin olmaq üçün hadisə yerində qalırlar.

Anti-Terror Komandosunun təhqiqatı davam edir.

Daxili İşlər Nazirliyi bu hadisədən təsirlənənlər üçün xüsusi internet saytı açıb.

Londonun şərqindəki Barking ərazisində polis reydinin keçirildiyi barədə xəbərlər var. Bunun nə ilə bağlı olduğu bəlli deyil.

Polis adamlardan hadisə zamanı çəkdikləri foto və videoları bu internet saytına yükləməyi xahiş edib.

London meri Sadiq Khan deyib ki, küçələrdəki polisin sayı artırılacaq, lakin adamlar bundan həyəcanlanmamalıdırlar.

Birləşmiş Krallıqda terror təhlükəsinin səviyyəsi "kəskin" olaraq qalır. Təhlükə səviyyəsi "kritik" həddinə yalnız Manchester hücumu zamanı qısa müddətdə qaldırılmışdı.

London Bridge vağzalı bütün gün ərzində bağlı qalacaq, dəmiryolu şəbəkəsi bildirib.

London Bridge və Borough metro stansiyaları da bağlıdır və qatarlar bu stansiyalardan dayanmadan keçir.

Temza çayı yenidən katerlər üçün açılıb və Southwark Bridge körpüsü indi bağlı deyil.

Reaksiya

Baş nazir Theresa May Cobra fövqəladə hallar komitəsinin iclasına sədrlik etdikdən sonra bazar günü səhər xalqa müraciət edib.

O günahsız insanlar üzərinə hücumu pisləyib və deyib ki, terrorizmə qarşı mübarizədə "artıq yetər" deməyin vaxtı gəlib.

O deyib ki, bu hücum Manchester və Londonun Westminster ərazisində baş verən aktlarla aşkar şəkildə bağlı deyil, amma adamların terror edilməsi üçün işlədilən yeni və "qaba" metodların tətbiqinə görə bənzərdir.

Image caption Baş nazir Theresa May Downing Street-də çıxış edir

Bəs seçki nə olacaq?

Xanım May bəyan edib ki, parlament seçkisi planlaşdırıldığı kimi cümə axşamı günü keçiriləcək.

Buna baxmayaraq əksər siyasi partiyalar bir günlüyünə ölkəboyunca təbliğat kampaniyasını dayandırıb. Yalnız UKİP partiyası kampaniyasını davam etdirir.

Leyboristlərin lideri Jeremy Corbyn deyib ki, "bütün icmalar bir araya gəlib güclənməlidir. Bizim gücümüz icmaların birlik gücündədir".

O da razılaşıb ki, "demokratiya üstün gəlsin deyə" seçki vaxtında keçirilməlidir.

Liberal-demokratların lideri Tim Farron deyib ki, "dəhşətli hadisə baş verib" və Şotlandiyanın birinci naziri Nicola Sturgeon olanları "ağır xəbər" adlandırıb.

Dünyanın reaksiyası

ABŞ prezidenti Donald Trump tvit yazıb: "Londona və Birləşmiş Krallığa nə kömək lazımdırsa Birləşmiş Ştatlar bunu etməyə hazırdır. BİZ SİZİNLƏYİK. ALLAH KÖMƏYİNİZ OLSUN!"

Cənab Trump eyni zamanda onun altı müsəlman ölkəsindən səfər qadağanı sərəncamına ABŞ məhkəmələrində imkan verilməsinə çağırıb. Hazırda məhkəmələr bu qadağanı dayandırıb.

Başqa dünya liderləri də hücumu pisləyiblər. Fransa prezidenti Emmanuel Macron deyib ki, onun ölkəsi "həmişə olduğundan daha artıq Birləşmiş Krallığın yanındadır".

Əlaqəli mövzular

Bu barədə daha geniş