London hücumu: Polis "hücumçuların kimliyini bilir"

London polisi Fotonun müəllifi EPA

Londonda şənbə günü axşam saatlarında baş vermiş terror hücumunu araşdıran polis deyib ki, onlar yeddi nəfərin ölümünə, 48 nəfərin yaralanmasına səbəb olan üç hücumçunun kimliyini bilir.

Paytaxt Polisi bildirib ki, onların adları "mümkün qədər tez" açıqlanacaq.

Şənbə günü yerli vaxtla 21:58-də avtofurqon London Bridge rayonunda piyadaları vurduqdan sonra, 3 nəfər yaxınlıqda yerləşən Borough Market-də (Borough bazarı) insanları bıçaqlamağa başlayıb.

Hücumçular polis tərəfindən güllələnərək öldürülüb. Polis bunu "terror hadisəsi" adlandırıb.

Özünü İslam Dövləti adlandıran qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Polis bazar ertəsi səhər saatlarında bildirib ki, zabitlər şərqi Londonda iki ünvanda - Nyuham və Barking rayonlarında axtarış aparırlar.

Skotland Yard bir neçə nəfərin saxlanıldığını qeyd edib.

Terror aktından sonra polis şərqi Londonda, Barking rayonunda 12 nəfəri həbs edib. Daha sonra 55 yaşlı kişi ittiham irəli sürülmədən azadlığa buraxılıb.

Fotonun müəllifi Reuters

Dünya liderləri hücumu pisləyib

Fransa prezidenti Emmanuel Macron və digər dünya dövlətlərinin liderləri şənbə günü baş verən və yeddi nəfərin öldüyü London terror hücumunu pisləyib.

Hadisədə ölənlər arasında Fransa vətəndaşı da olub, xarici işlər nazirliyi deyir. Yaralanan onlarla insan arasında da 4 Fransa vətəndaşının olduğu bildirilir.

Cənab Macron Böyük Britaniyanın Baş Naziri Theresa May ilə telefonla danışıb və bildirib ki, Fransa "həmişəkindən daha çox Britaniyanın yanındadır".

Cənab Macron hadisələrə reaksiya verən ilk dünya liderlərindən biridir.

Son aylarda Fransada prezident seçkilərindən əvvəl Yelisey Xiyabanında ölümcül atışma və Luvr Muzeyindən kənarda maçete hücumu kimi bir neçə hadisələr baş verib.

Parisdə həmrəylik məqsədilə Eyfel Qülləsinin işıqları söndürüləcək.

Şənbə günü Londonda baş verən hücumda Kanada vətəndaşı həlak olub, 2 alman isə xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır.

"Həlak olanlar sırasında kanadalının olması məni sarsıdıb", Kanadanın baş naziri Justin Trudeau bəyanatında bildirib. O, əlavə edib ki, Kanada Böyük Britaniyanın yanındadır.

Bu arada Avstraliyanın Baş Naziri Malcolm Turnbull bildirib ki, onun "duaları və qətiyyətli həmrəyliyi" britaniyalılarladır.

Almaniya Kansleri Angela Merkel bəyanatında deyib: "Bu gün biz sərhədlər üzərindən dəhşət, matəm, həm də qətiyyət içində birləşmişik".

İspaniyanın xarici işlər nazirliyi, Roma papası və Yeni Zellandiyanın baş naziri də hadisəni pisləyən bəyanat yayıb.

Avropa Komissiyasının Prezidenti Jean-Claude Juncker bildirib ki, o, son hadisələri "dəhşətlə" izləyir.

ABŞ prezidenti Donald Trump Twitter sosial şəbəkəsində Böyük Britaniyaya dəstək ifadə edib.

Rusiya Prezidenti Vladimir Putin də "britaniyalılara dərin hüznlə başsağlığı göndərib və baş vermiş terror aktını pisləyib", onun mətbuat katibi Dmitri Peskov yerli mətbuata bildirib.

Bu barədə daha geniş