Britaniya mətbuatı: Trump Londonun müsəlman merinə "sataşır"

Fotonun müəllifi Getty Images
Image caption Sadiq Khan - Avropa İttifaqının üzvü olan ölkədə ilk müsəlman paytaxt meridir.

Trump Londonun müsəlman merinə sataşır

"The Telegraph" qəzeti yazır ki, Donald Trump Londonda törədilmiş terror aktını bəhanə edərək şəhərin müsəlman meri Sadiq Khan-a "ilişmək" qərarına gəlib. Özü də o bunu terror hücumundan cəmi bir neçə saat sonra edib.

ABŞ prezidenti cənab Khan-ı onun "terror həyəcan üçün heç bir əsas vermir" sözlərinə görə qınayıb.

Amma burası da var ki, Trump London merinin sözügedən cümləsini ümumi mətndən çıxarıb. Mer öz çıxışında London küçələrində bu günlər polis qüvvələrinin daha çox olacağını və bundan həyəcan üçün əsas olmadığını demişdi.

Bundan başqa Trump Londonda baş vermiş son terror hücumundan öz siyasətinə haqq qazandırmaq üçün də fürsətlənib.

O yazıb ki, Londonda baş vermiş hadisə onun 6 müsəlman ölkəsindən ABŞ-a səfərlərə qadağan qoyan sərəncamının düzgün olduğunu göstərib.

Bundan başqa Trump bazar günü təzə tvitlər də yazıb.

"Biz siyasi ədəb-ərkan gözləməyi bir tərəfə qoymalıyıq və adamlarımızın təhlükəsizliyi işi ilə məşğul olmalıyıq. 7 nəfər ölüb və 48 nəfər yaralanıb və Londonun meri deyir ki, "həyəcan üçün əsas yoxdur" - yazıb Trump.

Trump yazıb ki, camaatın əlində odlu silah olsaydı, bıçaqla hücum edən terrorçuları dəf edərdilər.

Amma Britaniya sosial media istifadəçiləri yazırlar ki, Britaniyada da ABŞ-da olduğu kimi odlu silahı əldə etmək asan olsaydı, terrorçular belə silahlardan istifadə edərdilər.

Trump-ın mesajına gəlincə isə, cənab Khan-ın sözçüsü ona dərhal cavab verib: "Mer hazırda adamlarla və polislə, təcili yardım xidmətləri və hökumətlə bu dəhşətli və xain hücumun nəticələrini aradan qaldırmaq üçün işləməklə bərk məşğuldur. Onun Donald Trump-ın məlumatsız və kontekstdən çıxarılmış qeydlərinə cavab verməkdən daha mühüm işləri var".

Donald Trump-ın bəyanatı Britaniya millət vəkillərini də qəzəbləndirib.

David Lammy deyib ki, "bu sözlər dərindən xoşagəlməzdir və heç bir ölkənin başçısına yaraşmır. Bu, terror qurbanlarının xatirəsinə təhqiramiz yanaşmadır".

And Wes sual edib, ki, belə demək mümkündürsə, müttəfiq hələ bizə məsləhət də verir.

Onun Londona dövlət səfəri ləğv olunmalıdır, deyib millət vəkili.

"The Telegraph" yazır ki, Trump-ın bu qeydləri onunla London meri arasındakı gözügötürməzliyi bir daha qabardıb.

Bu qarşılıqlı niftrət 2015-ci ildən başlayır.

O vaxt Sadiq Khan Suriyada salamat zonalar barədə Trump-ın dediklərinə cavab olaraq bildirmişdi ki, ABŞ prezidenti deyəsən söhbətin nədən getdiyini anlamır.

2016-cı ildə isə Khan demişdi ki, Trump-ın din məsələlərindəki nadanlığı dünya üçün təhlükə yaradır.

Trump da öz növbəsində London merini "qanmaz" adlandırmışdı. O hədələmişdi ki, belə şeyləri yaddan çıxarmır.

Bu ilin yanvar ayında London meri Trump-ın Britaniyaya dövlət səfərinin ləğv edilməsinə çağırmışdı.

Mart ayında London merindən qisasını atasının əvəzində Trump-ın oğlu almışdı.

O, Sadiq Khan-ın keçmiş çıxışlarından birini eşələyib çıxartmışdı. Bu çıxışda Khan demişdi ki, terror hücumları "böyük şəhərlərin həyatında adi haldır".

Lakin bunun ardınca Khan demişdi ki, polis, ictimaiyyət və icmalar buna hazır olmalıdırlar.

Məlum olurdu ki, atası kimi bala Trump da London merinin sözlərini kontekstdən çıxarıb.

Image caption Londonda şənbə günü baş verən, 7 nəfərin ölümünə, 48 nəfərin yaralanmasına səbəb olan hücuma görə məsuliyyəti özünü İslam Dövləti adlandıran qruplaşma üzərinə götürüb

Qılınc və qələm?

Britaniyada bir jurnalist öz başına 50 min funt sterlinq mükafat qoyaraq cəsarəti çatan hər hansı İŞİD cihadçısını qılınc döyüşünə dəvət edib.

New York Observer məcmuəsinin sütun yazarı Andre Walker Temza çayının Westminster bulvarında çəkilmiş fotoda əlindəki qılıncı yellədir.

Tvitter sosial şəbəkəsində postladığı çağırışda jurnalist yazır: "Öz başıma mükafat qoymuşam. Ünvanımı da verəcəyəm. Polisə ehtiyac yoxdur. Qılıncım var. Uğur olsun".

O daha sonra belə davam edir: "Mən kənardan axmaq kimi görünə biləcəyimdən narahat deyiləm. Heç İŞİD-dən də qorxmuram…Gəlin döyüşək, uşaqlar…"

Bu mesaja Tvitterdəki reaksiyalar müxtəlif olub.

Bəziləri onu yumor hissi ilə qarşılayıblar. Amma bir başqaları bu cür hərəkətlər üçün indi heç də münasib vaxtın olmadığını yazıblar.

"Bununla nəyə nail olmaq istəyirsən?" - deyə bir istifadəçi soruşur.

"Əyri oturaq, düz danışaq, sən terroru maliyyələşdirmək fikrindəsən?" - deyə bir başqası tənqid edir.

Üçüncü istifadəçi isə belə yazıb: "Küçədə bu cür qılınc siyirmək yəqin ki, qanunsuz hərəkətdir. Bu səhər Tvitter-də gördüyüm ən axmaq post budur".

Amma cənab Walker deyir ki, təklifinin səbəbi sadədir.

"Qoy İŞİD öz tay-tuşu ilə vuruşsun. Balaca uşaqlara hücum etməsin" - deyə yazır cənab Walker.

Jurnalist Walker bu postu Londonda baş vermiş, 7 adamın həyatına son qoymuş və 48 nəfəri yaralamış terror aktlarından sonra yazıb. Bu, mart ayından bəri Böyük Britaniyada törədilmiş üçüncü terror aktıdır.

"Köklü Mançesterli kimi məni Manchester Arena-ya terror hücumu sarsıdıb, - deyib Walker "The İndependent" qəzetinə, - Bu qorxaqlar balaca qızları bomba ilə partladırlar, turistlərin üstünə maşın sürürlər".

"London şəhərinin azad bir kişisi kimi indi mənim qılıncım var. Mənim bütün terrorçulara mesajım budur: Gəlin özünüz boyda adamlarla vuruşun", o deyib.