6 ərəb ölkəsi Qətərlə diplomatik əlaqələri dayandırıb

вид Дохи Fotonun müəllifi Getty Images
Image caption Qətər rəhbərliyi onlara qarşı qaralama kampaniyası aparıldığını bəyan edib

Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Yəmən və Liviya Qətəri regionda qeyri-sabitlik yaratmaqda ittiham edərək bu ölkəylə diplomatik əlaqələri dayandırıb.

Bu ölkələrin rəhbərləri iddia edirlər ki, Qətər terror qruplaşmalarını, o cümlədən "Müsəlman-qardaşları" qruplaşmasını dəstəkləyir.

Səudiyyə Ərəbistanının SPA informasiya agentliyinin məlumatına görə, rəsmi Ər-Riyad Qətərlə sərhədləri bağlayaraq qonşu ölkəylə bütün quru, dəniz və hava əlaqələrini kəsib.

Rəsmi nümayəndələrə istinad edən agentliyin yazdığına görə, bu addım "milli təhlükəsizliyi terrordan və ekstremizmdən qorumaq" məqsədiylə atılıb.


Niyə indi?

Qətərlə digər ərəb ölkələri arasında əlaqələrin kəsilməsi qəflətən baş versə də, tamamilə gözlənilməz deyil.

İki həftə əvvəl Səudiyyə Ərəbistanı barədə tənqidi şərhlər Qətər əmiri Şeyx Tamim bin Həməd əl-Taniyə istinadən Qətər dövlət mediasında yayılıb. Nəticədə BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn və Misir Al Jazeera daxil olmaqla bir bir çox Qətər xəbər saytlarını bloklamışdı.

Rəsmi Doha dərc edilən şərhlərin "qondarma" olduğunu deyib və xəbəri "kiber cinayət"in nəticəsi adlandırıb.

Lakin əlaqələrin kəsilməsinin əsas səbəblərİ Qətərin İslamçı qruplaşmalarla əlaqələri və Səudiyyə Ərəbistanının regional rəqibi olan İranın roludur.

Qətər ABŞ-ın özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya qarşı rəhbərlik etdiyi koalisiyaya daxil olsa da, İraqın şiə rəhbərləri tərəfindən İD-ni maliyyələşdirdiyi iddiaları ilə üzləşməli olub.

Qətər hökuməti bu iddiaları dəfələrlə rədd etsə də, əmirlikdə yaşayan varlı şəxslərin Suriyada döyüşən ifrat İslamçı silahlı qruplara maddi yardım, hökumətin isə silah verməsi geniş yayılmış bir iddiadır.

Qətərin həmçinin Əl-Qaidə qolu olan və keçmişdə əl-Nüsrə kimi tanınan islamçı qruplaşma ilə əlaqələri olduğu iddia edilir.

Səudiyyə Ərəbistanı həmçinin Qətəri Bəhreyndə və Səudiyyə Ərəbistanını şərqi Qətif əyalətində yerləşən şiə silahlı qruplaşmaları dəstəkləməkdə ittiham edib. Qətər uzun zamandır ki, İranla əlaqələri barədə iddiaları təkzib edir.

Lakin Səudiyyə Ərəbistanı da İD-i maliyyləşdirmə ittihamları ilə üzləşib. Riyad hökumətin rolunu və fərdi donorların fəaliyyətini kifayət qədər məhdudlaşdırmadığı iddialarını rədd edir.


Fotonun müəllifi Getty Images
Image caption Əlaqələrin gərginləşməsindən bir ay əvvəl ərəb körfəz ölkələrinin xarici işlər nazirləri Körfəz Əməkdaşlıq Şurasının zirvə görüşündə iştirak ediblər.

Misirin Xarici İşlər Nazirliyi də Qətərlə hava və dəniz əlaqələrinin kəsilməsi barədə məlumat yayıb.

Birləşmiş Ərəb Əmirlikləri isə Qətər diplomatlarına ölkəni tərk etmələri üçün 48 saat vaxt verib.

BƏƏ-nin WAM dövlət agentliyinin məlumatına görə, Əbu-Dabi Qətəri terroru və ekstremizmi dəstəkləməkdə və maliyyələşdirməkdə ittiham edib.

Bəhreynin dövlət agentliyi isə ölkənin daxili işlərinə müdaxilə etdiyi və bu ölkə tərəfindən təhlükə hiss etdikləri üçün Qətərlə dipolmatik əlaqələrini kəsməsi barədə məlumat yayıb.

Yəməndə Husi üsyançılarına qarşı mübarizə aparan, Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisya da Qətəri alyansdan kənarlaşdırıb.

Alyans da Dohanı terroru, Əl-Qaidəni və özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanı dəstəkləməkdə ittiham edib.

Doha hələ ki, bu 6 ölkə ilə diplomatik əlaqələrin pozulmasına rəsmi münasibət bildirməyib.

Bir qədər əvvəl Qətər rəhbərliyi terroru dəstəkləməsi barədə ittihamları rədd edərək onlara qarşı qaralama kampaniyası aparıldığını bəyan etmişdi.

Bu barədə daha geniş