Britaniya mətbuatı: London mollaları terrorçular üçün ölü namazından imtina edirlər

dindarlar Fotonun müəllifi Getty Images
Image caption Londonda ruhanilər deyiblər ki, onlar dinin hökmlərini saxtalaşdıranlarla bütün vasitələrlə mübarizə aparacaqlar

Britaniyanın 130-a yaxın imamı və ruhani xadimi London Bridge terror aktını törədənlərin yasında iştirak edib cənazə namazı qılmaqdan imtina ediblər.

Onlar deyiblər ki, bu adamlar üçün, kimliyindən asılı olmayaraq hər bir müsəlmanın haqqı olan yas ayinlərini icra etməyəcəklər.

Onların sosial mediada dərc olunmuş bəyanatında deyilir ki, İslamın prinsiplərində yer alan bir sıra etik məqamlara görə terror aktını törətmiş adamların yasında ənənəvi ayinləri icra etməkdən imtina edirlər.

Onlar ölkənin başqa imamlarını da belə etməyə çağırıblar.

Bəyanatda deyilir ki, haqq qazandırılması mümkün olmayan hərəkətlər İslamın mərhəmətli təlimlərinə ziddir.

Britaniyada bütün dinlərdən olan ruhani liderlər 7 nəfərin həyatına son qoymuş və daha 47 nəfəri yaralamış terror aktını qətiyyətlə pisləyiblər.

Londonun şərqindəki məsciddə çıxış edən ruhanilər deyiblər ki, onlar dinin hökmlərini saxtalaşdıranlarla bütün vasitələrlə mübarizə aparacaqlar.

"Biz bir daha bizi bölməyə çalışanlara qarşı birlikdə çıxış edirik, - deyib Şərqi London məscidinin və London Müsəlman Mərkəzinin rəhbəri Məhəmməd Həbib ür-Rəhman, - Şənbə axşamı Londonda günahsız insanların soyuqqanlı qətli bizləri bir-birimizdən ayıra bilməz".

"Mən bütün terror törədənlərə üz tutub deyirəm: Siz İslamın və peyğəmbərimiz Məhəmməd əleyhissəlamın təlimlərinə qarşısınız, - deyib imam, - Biz sizdən və sizin İslamı saxtalaşdırmağınızdan kənarda dayanırıq".

Bundan əvvəl verdiyi bəyanatda baş nazir Theresa May terrorçuların "həqiqi İslamı təhrif etdiklərini" demişdi.

Baş nazir bunu da əlavə etmişdi ki, Britaniyada yaşayan, lakin cəmiyyətə inteqrasiya olunmaq istəməyən müsəlman icmaları barədə "ciddi söhbətlər" olacaq. Xanım May bundan başqa təfərrüat verməyib.

Polis indiyədək terror basqınçılarından ikisinin adını Xuram Şazad Butt və Rəşid Reduan (Rizvan) olaraq açıqlayıb.

Almaniya qoşunlarını Türkiyədən çıxarır

Fotonun müəllifi Reuters
Image caption Almaniyanın xarici işlər naziri Sigmar Gabriel türkiyəli həmkarı Mevlut Çavuşoğlu ilə görüşüb

"The Telegraph" qəzetinin Berlin müxbiri Justin Huggler yazır ki, Almaniya Türkiyədə NATO müttəfiqliyi çərçivəsində yerləşdirilmiş hərbi hissəsini və təyyarələrini bu ölkədən çıxarmaq barədə qərar qəbul edib.

Almaniyanın xarici işlər naziri Sigmar Gabriel deyib ki, Türkiyə ilə son danışıqlar onun ölkəsinin qarşısında qoşunları çıxarmaqdan başqa seçim qoymayıb.

Almaniyanın 260 hərbçisi və bir neçə Tornado təyyarəsi Türkiyənin İncirlik hava bazasında mənzillənib. Almanlar Qərbin İŞİD-ə qarşı hava zərbələri üçün kəşfiyyat xidməti ilə məşğuldur.

Türkiyə artıq bir xeyli müddət idi ki, Almaniya millət vəkillərinin İncirlik bazasındakı əsgərlərə baş çəkməsinə icazə vermirdi. Belə güman edilir ki, Türkiyə bunu ötən ilin iyulunda baş vermiş çevriliş cəhdində şübhəli bilinənlərdən bəzilərinin Almaniyada sığınacaq alması və Berlinin onları ekstradisya etməməsinə cavab addımı olaraq edib.

Cənab Gabriel məsələni yoluna qoymaq üçün son cəhd məqsədilə ötən bazar ertəsi Ankaraya uçmuşdu. Lakin bu danışıqlar baş tutmamış, daha doğrusu baş nazir Binali Yıldırım almaniyalı naziri qəbul etməkdən boyun qaçırmışdı. Halbuki bu görüş barədə əvvəlcədən razılıq əldə olunmuşdu.

"Biz qoşunlarımızı İncirlikdən çıxarmalıyıq. Bundesver daha orada qala bilməz" - deyib Gabriel türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə danışıqlardan sonra, - Türkiyə açıq şəkildə bildirdi ki, daxili siyasi məsələri ilə bağlı Almaniya millət vəkillərinin səfərinə icazə verə bilməz. Türkiyə başa düşməlidir kİ, belə bir situasiyada biz alman əsgərləri İncirlikdən transfer etməyə məcburuq".

Bəzi xəbərlərə görə Gabriel Türkiyədən alman millət vəkillərinin İncirliyə gələ biləcəyi barədə yazılı zəmanət almaq istəyirmiş.

Lakin buna cavab olaraq Çavuşoğlu deyib ki, "Almaniyanın bir sıra millət vəkilləri Kürdüstan İşçi Partiyası və ya PKK ilə əlaqə saxlayırlar və buna görə də aviabazaya təhlükəsizlik mülahizələri ilə buraxıla bilməzlər".

Maraqlıdır ki, alman millət vəkillərinin İncirliyə gəlməsinə icazə verməyən Türkiyə, onların Konya bazasındakı alman əsgərlərə baş çəkməsinə razılıq verib.

İndi gözlənilən budur ki, Almaniya İŞİD-ə qarşı əməlyiyyatların davam etdirilməsi üçün qoşunlarını İncirlikdən, çox güman İordaniyaya transfer edəcək.

Almaniyada millət vəkillərinin ordu ilə əlaqələri həssas məsələdir, beləki, ölkənin müharibədən sonrakı Konstitusiyasına görə silahlı qüvvələrə komandanlıq funksiyası parlamentə məxsusdur.

Bu son mübahisə Almaniya və Türkiyə arasında bir müddətdir ki, davam edən diplomatik toqquşmaların ən ciddisidir.

Çavuşoğlu Almaniyadan iyul çevriliş cəhdində şübhəli bilinən hərbçilərin ekstradisiya olunmasını tələb edirdi.

İki nazir habelə Türkiyədə saxlanılmış ikili vətəndaşlıqlı jurnalist Deniz Yücelin həbsinə görə toqquşmuşdular. Türkiyə bu jurnalisti "terror təbliğatını yaymaqda" ittiham edirdi.

Çavuşoğlu iddia irəli sürmüşdü ki, Qərb jurnalistlərdən Türkiyəyə qarşı casusluq üçün istifadə edir.

"Türkiyə və Almaniya arasında problemlərin olmasına səbəb yoxdur, - deyib Çavuşoğlu, - Almaniya müsbət addımlar atsa, Türkiyə tərəfi də müsbət addımlar atacaq".

"Kiprin birləşdirilməsi danışıqları" davam edəcək

Fotonun müəllifi Getty Images
Image caption BMT-nin baş katibi António Guterres deyib ki, liderlər ərazi, mülkiyyət və hakimiyyətin bölüşdürülməsi barədə razılığa gəliblər

"The Guardian" yazır ki, adanın yunan və türk liderləri arasında yaranmış ixtilafın çözülməsinin ardınca Kiprin birləşdirilməsinə dair danışıqlar bərpa olunacaq.

Nicos Anastasiades və Mustafa Akıncı arasında bazar günü New York-da keçirilmiş dörd saatlıq danışıqlardan sonra BMT-nin baş katibi António Guterres deyib ki, danışıqlar bu ayın sonunda bərpa olunacaq.

Son həftələrdə adanın birləşdirilməsinə dair danışıqların iflasa uğraya biləcəyindən narahatlıq vardı.

İki icma liderinin arasında dayanaraq bəyanat verən Guterres deyib ki, üç tərəf Kiprin birləşdirilməsinə dair konfransın çağırılması barədə razılaşma əldə edib.

Guterres deyib ki, bu danışıqlarda təhlükəsizlik və zəmanətlər əsas məsələdir.

"Liderlər qalan bütün məsələlərdə, ərazi, mülkiyyət və hakimiyyətin bölüşdürülməsi barədə razılığa gəliblər" - deyib baş katib.

Kipr 1974-cü ildə bu adada çevriliş cəhdinin ardınca Türkiyə qoşunlarının işğalına məruz qalıb. Bundan sonra adanın bir hissəsində Şimali Kipr Türk Respublikası yaradılıb. Lakin bu qurumu Türkiyənin özündən başqa heç bir ölkə tanımır.

ABŞ-ın keçmiş vise-prezidenti Joe Biden deyib ki, tərəflər son razılaşmaya çox yaxındırlar. O əlavə edib ki, birləşmə hər iki icma üçün böyük maliyyə və iqtisadi imkanlar açacaq.

Kipr sahillərində böyük karbohidrogen yataqlarının olduğu məlumdur.

Guterres növbəti danışıqlar üçün dəqiq vaxt göstərməyib, lakin bildirib ki, görüş üçün əvvəlcə adanın təhlükəsizliyinin üç qarantı - Yunanıstan, Türkiyə və Birləşmiş Krallığın başçıları ilə məsləhətləşmələr aparılacaq.

Yanvar ayında Kiprə dair Cenevrədə keçirilən ilk konfransa bu üç qarant ölkənin xarici işlər nazirləri qatılmışdılar.

Diplomatlar bundan əvvəl deyirdilər ki, Cenevrə danışıqları baş nazirlər səviyyəsində davam etdiriləcək.

Bu danışıqların bərpası həm də ona görə əhəmiyyətlidir ki, 2018-ci ildə Kipr Respublikasında prezident seçkisinin kampaniyası başlanacaq.

İkiyə bölünmüş Kiprin paytaxtı Nikoziyada yaşayan ekspert Kyriakos Pierides "The Guardian" qəzetinə deyib kli, BMT-nin intensiv müdaxiləsi sayəsində dalandan çıxmaq mümkün olub.

"Bu şad xəbərdir. Ortalıqda təkcə danışıqların iflası ilə deyil, həm də iki lider arasında etimadın iflası ilə bağlı narahatlıq vardı. Burada söhbət nəyisə verib, nəyisə almaqdan getmir. Burada siyasi iradə və cəsarət lazımdır" - deyib ekspert.

Kipr danışıqlarında təhlükəsizlik məsələsi çox kəskindir. Kipr yunanları adadakı 40 minlik Türkiyə qoşunun çıxarılmasını istəyirlər.

Anastasiades onların əvəzində adaya beynəlxalq polis qüvvəsinin yeridilməsini təklif edir.