Qətərdən barışıq mesajı: İntiqam almayacağıq

Qatar Havayolları Fotonun müəllifi Reuters

Qətər Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də daxil olmaqla, onunla diplomatik əlaqələri kəsən bəzi ərəb ölkələrinə ismarıc göndərib.

Reuters agentliyinin məlumatına görə, Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin əs-Sani körfəzdəki qonşularından intiqam almayacaqlarınıı açıqlayıb.

Əs-Sani "məsələlərin dialoq yoluyla həll edilməsinin lazım gəldiyini" söyləyib.

Qətərlə diplomatik əlaqələri kəsən ölkələrdən biri olan Misir bu gün saat 07:00-dan etibarən "ikinci bir əmr verilənə qədər" Qətər təyyarələrinə hava məkanını bağlayıb.

Səudiyyə Ərəbistanı və Bəhreynin də gün ərzində hava məkanını bağlayacaqları gözlənilir.



Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Yəmən və Liviya hökuməti dünən Qətərlə diplomatik əlaqələrin dayandırıldığını bəyan etmişdi. Buna səbəb isə Qətərin terror qruplaşmalarını dəstəkləməsi göstərilib.

Bu ölkələrin Qətər təyyarələrinə hava məkanını bağlaması nəticəsində Qətərdən havaya qalxaraq qərb istiqamətində hərəkət edən təyyarələrin qonşu ölkələrin ətrafından fırlanması lazım gələcək.

Qətər ittihamları rədd edərkən ölkə birjası ötən günü 7,2 faiz enişlə başa vurub. Somali hava məkanından istifadə edən Qətər təyyarələrinin sayında böyük bir artımın müşahidə edildiyi bildirlir.

Qətərin paytaxtı Doha-da yerləşən və bu regionun ən böyük hava limanı sayılan Hamad Beynəlxalq Hava Limanının və Qətər Hava Yollarının bu qadağadan ziyan görəcəyi gözlənilir.

Fotonun müəllifi FlightRadar24.com
Image caption Təyyərələrin hər an təqib edildiyi FlightRadar 24 saytı Qətər Hava Yollarına məxsus təyyarələri bu gün müşahidə edə bildiyi məhdud yollarla göstərir

Prezident Erdoğandan Qətər diplomatikası

Türkiyə prezidenti Recep Tayyip Erdoğan baş verən son hadisələrdən sonra müxtəlif liderlərlə bir sıra telefon danışıqları aparıb.

Erdoğan Qətər əmiri Şeyx Təmim bin Hamad əs-Sani ilə yanaşı, Rusiya prezidenti Vladimir Putin, Səudiyyə Ərəbistanı kralı Səlman bin Abduləziz əL-Səud və Küveyt əmiri şeyx Sabah əl-Əhməd əs-Sabah ilə telefon danışığında onları bölgədəki gərginliyi azaltmağa çağırıb.

Prezidentin məlumat mənbələri Erdoğanın danışıqları davam etdirəcəyini açıqlayıb.

Bu barədə daha geniş