Britaniya mətbuatı: Qətər böhranı neft qiymətlərinə risk yaradır

Fotonun müəllifi Getty Images
Image caption Trump adminsitarsiyası mart ayında Rusiya sanksiyalarını qaldırmağı müzakirə edib

Trump adminsitarsiyası Rusiya sanksiyalarını qaldırmağı müzakirə edirmiş

"The Daily Mail" yazır ki, sızmış email-lərdən Trump administrasiyasının Rusiyanın neft sənayesi üzərindəki sanksiyaları qaldırmağı, lap bu yaxınlarda, mart ayında müzakirə etdiyi məlum olub. Bu hadisənin milli təhlükəsizlik müşaviri Michael Flynn-in istefaya getməsindən sonra baş verdiyi bildirilir.

Bu da bəlli olub ki, Dövlət Departamenti bu hərəkətin ABŞ iqtisadiyyatına ziyan vuracağını bildirərərək sanksiyaların qaldırılmasına qarşı çıxıb.

Sözü gedən sanksiyalar Rusiya üzərinə Moskva Krımı ilhaq etdikdən sonra prezident Barack Obama tərəfindən qoyulub. Sanksiyalar, həm də Rusiyanın Suriya prezidenti Əsədi dəstəkləməsinə və ABŞ prezident seçkisinə kiberhücumlarına cavab kimi qəbul olunub.

"The Daily Beast" saytının tanış olduğu email-lərdən görünür ki, sanksiyaların qaldırılması barədə müzakirələr yeni müşavir general-leytenant H. R. McMaster Flynn-i əvəzlədikdən sonra da davam etdirilib.

"The Daily Beast" yazır ki, NSC strateqi Kevin Harrington Rusiya üzərindən sanksiyaların qaldırılmasının nəticələri barədə təhlil tərtib edib.

Ağ Ev isə bildirir ki, bu hesabat Rusiyaya qarşı sanksiyaların necə işlədiyini təhlil etmək üçün idi.

Onun təhlilinə görə sanksiyalar Rusiyaya xüsusi bir ağrı vermirdi. Onun mövqeyi belə idi ki, əgər bu sanksiyalar Rusiyaya heç bir təsir etmirsə, və əksinə "bizim iqtisadiyyatımıza ziyan vurursa, onların xeyri nədir?"

Lakin Ağ Evin rəsmisi deyib ki, bu hesabatdan heç bir nəticə çıxmayıb.

Email-lərdən birində deyilirdi ki, sanksiyaların qoyulmasına səbəb olan vəziyyət dəyişməyib.

Email-də qeyd olunurdu: "Rusiya Krım da daxil olmaqla Ukrayna ərazilərinin işğalını davam etdirir".

Hadisələrlə içəridən tanış mənbə bildirib ki, Harrington-a Rusiya neftinə qoyulmuş sanksiyaların ABŞ iqtisadiyyatına mümkün ziyanını öyrənmək tapşırılmışdı.

"The Daily Mail" yazır ki, Trump Ağ Evə gəldiyi ilk həftələrdən Rusiya ilə daha yaxşı münasibətlərə can atdığını bəyan edir.

O "Times" məcmuəsinə demişdi ki, "Rusiya ilə bir-iki yaxşı sövdələşmə əldə etməyə çalışır".

Qətər böhranı neft qiymətlərinə risk yaradır

Fotonun müəllifi STF
Image caption Qətər böhranı neft qiymətlərini yenidən azalda bilər

"Express" qəzeti yazır ki, Səudiyyə Ərəbistanı və Körfəzin başqa ölkələri Qətəri terrora sponsorluq etməkdə ittiham edəndən sonra Brent markasından olan neftin qiyməti bir barrel üçün 50 dollardan aşağı düşüb, hərçənd sonradan 50 dollar səviyyəsinə qayıdıb.

Lakin bununla belə, Qətər böhranının OPEC-in hasilatın ixtisarı barədə razılaşmasını poza biləcəyindən narahatlıqlar var.

Başda Səudiyyə Ərəbistanı olmaqla, OPEC hasilatı daha doqquz ay müddətində azaltmaq qərarı qəbul edib, lakin bəzi ekspertlər Qətərin bu sövdələşmədən çıxa biləcəyi barədə ehtimal yürüdürlər.

Məqalədə deyilir ki, Yaxın Şərq qonşuları arasında ixtilafın nəticəsində qızılın da qiymətləri qalxıb.

Bu siyasi böhranla əlaqədar olaraq qızılın qiyməti hazırda aprel ayından bəri ən yüksək həddinə yüksəlib.

Ekspertlər bildirirlər ki, Səudiyyə Ərəbistanı və Qətər arasında qəfildən yaşanan ixtilaf bazarları silkələyib və hazırda hamı bu qarşıdurmanın necə başa çatacağını gözləyir.

"Express" yazır ki, neft qiymətlərinin qalxmaması, hətta bir qədər enməsi Səudiyyə-Qətər ixtilafının hasilatda fasilə yaratmayacağına olan inama görədir.

Ekspertlər bildirirlər ki, hazırkı şəraitdə hətta Qətərin bazara çıxardığı günə 650 min barrel kəsilsə də, neft qiymətlərinə əhəmiyyətli təsir göstərməyəcək.

Ekspertlər Qətərin maye qaz ixracatında da ciddi dəyişiklik yaranacağına inanmırlar, hərçənd Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə dəniz yollarını məhdudlaşdırıblar.

Yeganə ciddi narahatlıq bundandır ki, Qətər hasilatın ixtisarına dair öhdəliyini poza bilər.

Əgər belə olarsa, başqa ixracatçılar da ondan nümunə götürə bilərlər.

Gecə yeməyin ziyanı düşündüyümüzdən də çoxmuş

Fotonun müəllifi Getty Images
Image caption Gündüz vaxtı yeyənlərdə iştahanı stimullaşdıran hormon yaranır. Bunun sayəsində sonrakı saatlarda acmanın qarşısını alınır

"The Telegraph" yeni elmi araşdırmaya əsasən gecələr yeməyin düşünüldüyündən də təhlükəli olduğundan yazıb.

Məqalədə dyilir ki, gecələr qəlyanaltı etmək diabet və ürək xəstəlikləri riski yaradır.

Pennsylvania Universitetinin Perelman Tibb Məktəbinin alimləri aşkar ediblər ki, gecələr yemək qanda qlükoza və insulinin səviyyəsini qaldırır və bu da 2-ci tip diabetin əsas səbəblərindəndir.

Onlar habelə bildirirlər ki, ümumiyyətlə ciddi vaxt rejimi olmadan yemək xolesterolun səviyyəsinə mənfi təsir göstərir.

Tədqiqatçılar 9 könüllü ilə keçirilən elmi təcrübə zamanı onlardan səkkiz həftə ərzində səhər 9-dan axşam 7-dək üç dəfə yeməyi və iki dəfə qəlyanaltı etməyi xahiş ediblər.

Daha sonra eyni adamlara eyni yeməyi günortadan axşam 11-dək qəbul etməyi tapşırıblar. Hər iki təcrübə zamanı könüllülər axşam 11-dən səhər 9-dək yatmalı idilər.

Alimlər aşkar ediblər ki, gecə yemək yeyənlərdə təkcə çəki yox, həm də insulin, qlükoza və xolesterolun səviyyəsi qalxıb.

Bu da aşkar olunub ki, gündüz vaxtı yeyənlərdə iştahanı stimullaşdıran hormon istehsal olunub. Bu hormon sonrakı saatlarda acmanın qarşısını alır və daha uzun müddətdə toxluq hissi yaradırdı.

Bu araşdırmaya rəhbərlik etmiş Namni Goel deyib ki, tədqiqatın nəticələri gündüz saatlarında yeməyin daha faydalı olduğunu bir daha təsdiqləyib.

Gecə saatlarında yeməyin ziyanlı olduğu barədə əvvəllər də az yazılmayıb, lakin "The Telegraph" bu adətin başqa ziyanlarından da söz açıb.

Yaddaşa təsir

Amerika alimlərinin fikrincə gecələr yemək insanın yaddaşına da mənfi təsir göstərir. California Universitetində aparılmış elmi təcrübə göstətib gecənin gec saatlarında yemək adəti olan adamda zehni funksiyalarla bağlı problemlər yaranır.

Bunun aşkara çıxarılması üçün alimlər bir qrup siçanı gündüzlər, digər qrupu isə gecələr yedizdiriblər.

Bundan sonra siçanların qəfəsdəki yeni obyektləri tanımaq qabiliyətini müşahidə ediblər.

Məlum olub ki, gündüzlər yedizdirilən siçanlarda tanıma qabiliyyəti zəifləyib. Axı siçanların gecələr yeməsi onlar üçün normal sayılır.

Bu da aydın olub ki, vaxtında yeməmək uzunmüddətli yaddaşı zəiflədib.

Vahiməli yuxular

2015-ci ildə Kanada psixoloqları adamların yemək adətlərinin onların yuxu keyfiyyətinə necə təsir etdiyini araşdırıblar.

Alimlər Tore Nielsen və Russell Powell 400 tələbədən özlərinin yemək və yatmaq adətləri barədə anketləri doldurmağı xahiş ediblər.

Anket dolduranlardan 18 faizi inandığını bildirib ki, yedikləri yeməklər onların yuxularındakı narahatlığı, vahiməni və cəfəngliyi artırır.

Nielsen və Powell bu nəticəyə gəliblər ki, nəinki yeməyin vaxtları, hətta nə yeyilməsi də yuxulara təsir göstərir. Məsələn süd məhsulları və ədvalı xörəklər gecələr qorxulu və xoşagəlməz yuxuların görülməsinə səbəb olur.

İnfarkt riski

Türkiyədəki Dokuz Eylül Universitetinin araşdırmaçıları müəyyən ediblər ki, axşam saat 7-dən sonra yeyilən şam yeməyi infarkt riskini artırır.

Alimlər aşkar ediblər ki, gec saatlarda yemək insanların qan təzyiqinin yuxu saatlarında qalxmasına səbəb olur. Onların fikrincə, hətta duzlu yemək də, gecə yeməkdən daha az təhlükəlidir.

Axşam yeməyini yatmazdan iki saat əvvəl yeyənlərin 24 faizində qan təzyiqinin səviyyyəsi növbəti gün də yüksək olaraq qalıb.

Mədə turşuluğu və ertəsi gün...

Ekspertlərin fikrincə gecələr yemək qastro-ezofageal reflyuks xəstəliyinin, sadə dillə deyilsə mədə turşuluğunun riskini yaradır.

Və nəhayət gecə saatlarında yemək ertəsi gün adamda güclü aclıq hissi yaradır. Bu ona görə baş verir ki, mədəaltı vəz gecə ərzində qana xeyli miqdarda insulin buraxmış olur.