Britaniya mətbuatı: Türkiyə Qətərə qoşun və…yumurta göndərir

Fotonun müəllifi Getty Images
Image caption Türkiyə Qətərə bir neçə yüz nəfər ordu göndərmək istəyir

"Financial Times" yazır ki, Ankara Qətərə tez bir zamanda daha çox əsgəri qüvvə göndərmək planı ilə Körfəzdə yaşanan bu böhranda Dohanın arxasında dayandığını nümayiş etdirib.

Məqalədə deyilir ki, bu qərar Ankara və Riyad arasında qarşıdurma yaradacaq, belə ki Səudiyyə və onunla həmrəy olan ərəb Körfəz ölkələri Qətəri təcrid etmək məqsədilə onun blokadasına başlamışdılar.

Səudiyyə və Körfəz dövlətləri Qətəri Yaxın Şərqdəki ekstremist qrupları dəstəkləməkdə və İrana münasibətdə yumşaq mövqe tutmaqda ittiham ediblər.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib ki, Dohanın üzərinə sanksiyaların qoyulması yanlış addımdır, çünki bu ölkə terrora qarşı effektiv mübarizə aparır.

Türkiyə parlamenti Türkiyə qoşunlarının Qətər torpağında yerləşdirilməsinə icazə verən qərar qəbul edib.

Bu arada Türkiyə rəsmiləri bildirirlər ki, onların ölkəsi bu mübahisədə tərəfsiz olmağa çalışır.

Vəzifəli Türkiyə rəsmilərindən biri FT-yə bildirdib ki, "biz Səudiyyə və Qətər arasında dostluğun olduğunu bilirik və onların ikisindən kiminsə tərəfini saxlamaq istəmirik".

"Amma Türkiyə Qətərin əzişdirilməsinə yol verməyəcək" - deyə əlavə edib həmin rəsmi.

Qətərə qarşı demarşlar Körfəz ölkələri arasında 1990-cı ildə İraqın Küveytə müdaxiləsindən bəri ən böyük qarşıdurmaya səbəb olub.

Bu arada həm də İran rəsmiləri Tehranda törədilmiş və 12 nəfərin həyatına son qoymuş terror hücumuna görə Səudiyyə Ərəbistanını ittiham edib.

Eyni zamanda ABŞ prezidenti Trump-ın böhrana münasibəti dəyişib. O bu qarşıdurma başlananda Səudiyyə Ərəbistanının tərəfini tutmuşdu. Lakin indi Trump Qətər əmiri Təmim bin Həmədi mübahisəni Körfəz ölkələri ilə birlikdə danışıqlar yolu ilə çözməyə çağırıb. Trump deyib ki, lazım gələrsə, tərəflər arasında fərqlərin aradan qaldırılması üçün Ağ Evdə görüş keçirilə bilər.

Qətər rəsmiləri ölkənin, altı üzvü olan Körfəz Əməkdaşlıq Şurasından çıxacağı ilə hədələyib. Bəziləri Dohanın islampərəst Ankara ilə yaxınlaşmağa can atdığını söyləyirlər. Qətər İranla da yaxın münasibətlər saxlamağa çalışır.

Washington Universitetinin Yaxın Şərq üzrə eksperti Mərvə Məzyəd deyib ki, bu qarşıdurmadan çıxmaq üçün ya Qətər güzəştlərə getməli olacaq, ya da qarşıdurma güclənəcək.

Lakin mütəxəssis bunu da qeyd edir ki, yaranmış vəziyyət Qətəri İrana daha da yaxınlaşdıra bilər. Bu isə Səudiyyə ilə gərginliyin daha da güclənməsi deməkdir.

"Financial Times" yazır ki, 2014-cü ildə İran və Türkiyə Qətərdə 3 min əsgəri qüvvəlik baza tikmək barədə razılaşma əldə etmişdilər. 2015-ci ildən 150 Türkiyə hərbçisi Qətərdə yerləşdirilib.

Türkiyə diplomatları bildirirlər ki, ABŞ hərbi bazasının da yerləşdiyi Qətərdəki türk kontingentinə əlavə kiçik ola bilər. Burada söhbət bir neçə yüz əsgərdən gedir.

Diplomatlardan biri FT-yə deyib: "Allah eləməmiş orda bir şey baş versə, bu, nəyisə dəyişəcəkmi? Yox. Özünüz fikirləşin, Qətərdə 10 min Amerika əsgəri var. Bu o deməkdirmi ki, amerikalılar Qətərin tərəfindədirlər? Yox".

Lakin bütün hallarda Türkiyə qoşunlarının göndərilməsi regional qüvvələr balansını dəyişə bilər.

İran və Türkiyə artıq bəyan ediblər ki, çətin məqamda Dohanın yanında olacaqlar. Səudiyyə Qətərlə sərhədlərini bağlayandan bəri Dohanın supermarketlərində Türkiyə yumurtaları peyda olub.



Ərəb yarımadasında Soyuq müharibə atmosferinin yarandığı bir vaxtda Birləşmiş Ərəb Əmirlikləri elan ediblər ki, Qətərə rəğbət ifadə edən hər hansı bir şəxsi 15 il müddətinə həbsxana cəzası gözləyə bilər.

BƏƏ-nin əksərən xaricdə olan müxalifəti sosial mediada Qətərə dəstək verdiyini bildirir.

Bu arada məkik diplomatiyası ilə məşğul olan Küveyt əmiri şeyx Səbah əs-Səbah Dubaya baş çəkdikdən sonra Dohaya gəlib.

BƏƏ-dən olan şərhçi Sultan əl-Qassemi deyib ki, Doha ilə birbaşa danışıqlara başlamazdan əvvəl Körfəz ölkələri Qətərdən əl-Cəzirə televiziya şəbəkəsinin, habelə Riyad və Abu Dabini qıcıqlandıran digər xəbər agentliklərinin bağlanmasını tələb edəcəklər.

Qətərdən habelə buradakı Müsəlman Qardaşları təşkilatının və Həməs liderlərinin ölkədən çıxarılması istənəcək.

Qətərə yaxın müşahidəçilərindən biri bildirib ki, böyük bir ehtimalla Qətər sözü gedən media qurumlarının tonunu aşağı salacaq, bəzi qrupları Dohadan qovacaq və ekstremizmin maliyyələşdirilməsi ilə daha sərt davranacaq.

Lakin eyni mənbə bildirib ki, Doha tərəfindən güzəştlərin də hüdudu var və həddindən artıq güzəştə gedilməsi Qətər əmiri hakimiyyətinin legitimliyinə kölgə sala bilər.

Gərginlik artdıqca Dohada Səudiyyə tərəfindən dəstəklənən hər hansı bir çevrilişlə əmirin devrilməsinə cəhd edilə biləcəyindən narahatlıqlar da artır.

FT yazır ki, əksər qətərlilər bu mübahisənin tezliklə çözülməsini istəsələr də, bunun baş verməyəcəyindən qorxurlar.

Londonda müsəlmanlara hücumlar beşqat artıb

Fotonun müəllifi Getty Images
Image caption Londonda hücumlardan sonra şəhərdə polisin sayı artıb

"The Guardian" yazır ki, Londonda törədilmiş terror aktının ardınca Britaniya müsəlmanlarına qarşı nifrət zəminində hücumların sayı əhəmiyyətli dərəcədə artıb.

London meri Sadiq Xanın açıqladığı son məlumatlardan görünür ki, ötən şənbə London Bridge körpüsündə baş vermiş terror aktından sonra irqçi insidentlərin sayı bu il ərzində gündəlik orta rəqəmlərlə müqayisədə 40 faiz yüksəlib.

Bu artım hətta 2013-cü ildə Britaniya əsgəri Lee Rigby-nin qətlindən sonrakı artımla müqayisədə də çoxdur. Bu da xəbər verilir ki, hazırkı insidentlər keyfiyyətcə Brexit referendumundan sonrakı hadisələrdən köklü şəkildə fərqlənir.

Son terror aktından sonra London boyunca hər gün orta hesabla 54 zorakılıq hadisəsi baş verib. Bu, 2017-ci il ərzində gündəlik orta rəqəm olan 38-dən xeyli çoxdur. Zorakılıqların təxminən 20-si antimüsəlman xarakteri daşıyır. Halbuki bu il ərzində bu rəqəm orta gündəlik hesabla 4-dən az idi.

Müstəqil xeyriyyə Tell Mama qrupu isə bildirib ki, bazar günündən çərşənbə axşamınadək ona 66 insident barədə siqnal daxil olub. Maraqlıdır ki, bu siqnallar polisə yox, xeyriyyə təşkilatına ötürülüb. Bu isə nifrət cinayətlərinin əslində rəsmi rəqəmlərdən daha geniş miqyas aldığını göstərir.

Tell Mama bildirir ki, 22 mayda Mançester terror basqını baş verdikdən sonra nifrət cinayətləri ilə bağlı 141 siqnal almışdı və bu, gündəlik orta rəqəm olan 25-dən 500 faiz çoxdur.

Xan londonlulara müraciət edərək onları Britaniya paytaxtının bölünməz olduğunu bütün dünyaya nümayiş etdirməyə çağlırlb.

Tell Mama təşkilatının direktoru Fiyaz Muğal deyib ki, London hücumundan sonrakı üç gündə nifrət insidentləri barədə onlara 63 siqnal gəlib, halbuki mayın əvvəllərində gündəlik orta rəqəm 3 idi.

Müsəlmanlara qarşı zorakılıq insidentlərinə hücumlar, fiziki zorakılıq, hədə və internetlə təhdid daxildir.

"The Guardian" yazır ki, üç terrorçu hadisəni törətdikləri vaxt Şərqi Londonda yaşayırdılar.

Londonun cənubundakı Sutton İslam Mərkəzinin divarlarına qraffiti yazılıb: "Gedin öz ölkələrinizi terror edin".

Polis bildirir ki, əgər Brexit səsverməsinin ardınca nifrət zorakılıqları avropalılara və etnik azlıqlara qarşı yönəlmişdisə, indi hücumlara konkret olaraq müsəlmanlar məruz qalırlar.

Bununla belə polis bildirir ki, terror aktları və dünyada baş verən başqa hadisələr ölkədə nifrət cinayətlərinin qısa müddətdə artmasına təkan verir.

Milli polis rəisləri şurasının sədr müavini baş inspektor Mark Hamilton deyib ki, məhz bu səbəbdən də indi icmalar daha sıx birləşməlidirlər və qorxu onların arasına təfriqə salmamalıdır.

Bu barədə daha geniş