Uber zorlama qurbanının tibbi sənədlərini "əldə edib"

Shiv Kumar Yadav Fotonun müəllifi Getty Images
Image caption Shiv Kumar Yadav ömürlük həbs cəzasına məhkum edilib.

Uber taksi şirkətinin yüksək rütbəli meneceri Hindistanda şirkətin sürücüsü tərəfindən zorlandığını deyən qadının tibbi sənədlərini əldə edib, onlayn xəbər agentliyinin məqaləsində bildirilir.

Texnologiya üzrə Recode saytındakı məlumatda deyilir ki, Uber-in Asiyada əməliyyatlarına rəhbərlik edən Eric Alexander həmin sənədləri şirkətin icraçı direktoru Travis Kalanick-lə paylaşıb.

Uber BBC-ə cənab Alexander-ın artıq şirkətdə işləmədiyini təsdiqləyərək əlavə təfərrüatlara varmayıb.

Recode bildirir ki, cənab Alexander məlumatın yayılmasından sonra vəzifəsindən azad edilib.

İddia olunur ki, tibbi sənədlər cənab Kalanick-lə yanaşı şirkətin vitse-prezidenti Emil Michael-a da təqdim olunub.

Uber qadının zorlanma iddiasını yerli rəqib Ola taksi firmasının qarayaxma kampaniyası cəhdi kimi də nəzərdən keçirib, məqalədə deyilir.

Cümə axşamı günü BBC müxbiri Shilpa Kannan-a danışan Ola şirkəti iddiaları rədd edib.

"Dəhşətli cinayətin əhəmiyyətini azaltmağa cəhd edərək bir qadının şəxsi məlumatları və əxlaqına şəkk etmək rüsvayçılıqdır", - Ola şirkətinin nümayəndəsi deyib.

Qadağa

Xəbər son zamanlar Uber-in adına xələl gətirən qalmaqallardan biridir.

Çərşənbə axşamı günü şirkət cinsi zəmində təqib və başqa pozuntularla bağlı aparılan araşdırma çərçivəsində 20 işçinin işdən azad edildiyini bildirib.

2014-cü ilin dekabr ayında 26 yaşlı dehlili qadın Uber sürücüsü Shiv Kumar Yadav tərəfindən zorlanmaya məruz qalmışdı. Məhkəmə Yadav-a ömürlük həbs cəzası kəsmişdi.

Uber öz bəyanatında bildirdi ki, "cinsi təcavüz dəhşətli cinayətdir və onun hüquqi məsuliyyətə cəlb olunmasından məmnunuq".

Şirkət "dəhşətli işdən nəticə çıxardığını" əlavə edib.

Lakin Dehlidə taksi xidmətinin fəaliyyətinə dəfərlərlə qadağalar qoyulub.

Məhdudiyyətlər 2015-ci ildə qaldırılıb.

Xəbərə görə, Uber rəhbərliyi qadının iddiasının həqiqiliyinə şübhə ilə yanaşırdı.

Uber həmçinin iddiaların rəqib Ola şirkətinin təxribat cəhdi olub-olmadığını sual edib.

Cinayət işilə yanaşı qadın tərəfindən Uber şirkətinə qarşı ayrıca iddia qaldırılıb. Bu iş məhkəmədən kənar sövdələşmə çərçivəsində həll olunub.

Əlaqəli mövzular

Bu barədə daha geniş