Britaniya mətbuatı: "Özbəkistanda 100 dollara Bill Gates kimi yaşamaq olar…"

"Özbəkistanda 100 dollara Bill Gates kimi yaşamaq olar…"

"The İndependent" qəzetinin səyahət bölməsində Simon Calder Özbəkistan səfərnaməsini bölüşüb.

Daşkənd-Səmərqənd sürət qatarının bələdçisi səyahətlərdən yazan jurnalisti Microsoft şirkətinin sahibi Bill Gates-ə bənzədib və hətta bunu Calder-dən soruşmaqdan da çəkinməyib.

Calder yazır ki, Himalay dağlarının ətəklərindən və səhralardan keçən Əfrasiyab qatarı saatda 140 kilometr sürətlə səyyahı paytaxt Daşkənddən minarəli-məscidli Səmərqəndə ikicə saata çatdırır.

"Bələdçinin başı ekonom vaqonunda çay və piroq paylamağa qarışdığından ona deməyə macal tapmadım ki, Microsoft-un banisi burda olsa, yəqin ki, Mərkəzi Asiyanın ən sürətli qatarının biznes dərəcəli vaqonunda oturardı" - yazır jurnalist.

Məqalədə deyilir ki, Özbəkistan, superzənginlərin hansı hissləri keçirdiklərini təcrübə etmək üçün çox rahat yerdir.

Jurnalist yazır ki, burada milli valyuta somdur və milyonçu olmaq istəyirsənsə, 100-cə funt sterlinqi soma dəyişdirmək kifayətdir.

Amma Calder səyyahlara məsləhət görür ki, Britaniya üçün bu təlatümlü vaxtlarda funta çox da güvənməsinlər və onu bəri başdan dollara çevirsinlər. Çünki funt sterlinq Özbəkistan puldəyişənləri üçün də qeyri-sabit puldur.

Burada ən hörmətli əskinas 100 dollarlıqdır. Bundan ucuz əskinaslara bir qədər az som verə bilərlər.

"Banklar və otellərin exchange büroları da sərfəli deyil. Orda sizə 100 dollara yarım milyon somdan az verəcəklər. Əsl milyon somluq sövdələşmə istəyirsinizsə özünüzü qara bazardakı yerli maliyyəçinin yanına verin".

Məqalədə deyilir ki, 21-ci əsr səyyahının İpək Yolunun üstündəki bu ölkədə həyatı kifayət qədər sadədir. Hakimiyyət qara valyuta bazarlarının mövcudiyyətinə göz yumur. Bu qara bazarlar, elə əsl ərzaq bazarlarının həndəvərində fəaliyyət göstərir.

"Sovet vaxtlarında polisdən qara bazara gedən yolu soruşanları zindana aparardılar, amma indi çox nəzakətli özbək polisindən yolu rahatca öyrənə biləcəksiniz, - yazır jurnalist, - Daşkənddə yolu soruşduğum polis nəfəri mənə taksi tapa biləcəyini də söylədi…"

Cadler nəhayət axtardığı yeri tapıb və 100 dolları pəncərədən içəri uzadıb. Əvəzində pəncərədən ona kərpic qalınlığında özbək pulu veriblər.

Məqalədə deyilir ki, normal halda turist ona verilən pulu saymalıdır. Axı ona "paçka basa" bilərlər. Amma 1000 somun 10-ca pens etdiyi yerdə bunu eləməyə dəyməz.

Belə ölkədə Bill Gates kimi varlılar pulu saymaq üçün yəqin ki, tərəzidən istifadə edərdilər.

Cadler yazır ki, burada taksi Daşkəndin bir başından o biri başına 1 funtdan da ucuza sürür. Yerli restoranda kabab, salat, pivə və şərablı şam yeməyi 5 funtdan da ucuz başa gəlir.

Mərkəzi Asiyanın ən müasir qatarı ilə 400 kilometrlik məsafə üçün dəmiryolu bileti isə 6 funt sterlinq edir. Hələ pulsuz çay və piroq da verirlər…

Jurnalist yazır ki, bütün bunların xarici valyutanın real məzənnəsi ilə heç bir əlaqəsi yoxdur.

Özbəkistan hökumətinin milli valyutanın məzənnəsini qaldırmaq cəhdləri çox güman ki, əvvəlki cəhdlər kimi uğursuz olacaq.

"Beynəlxalq valyuta mübadiləsinin bu qədim məkanında azad bazar qalib gəlir. Lap elə Bill Gates-in özü kimi…" - yazır Cadler.

Fotonun müəllifi Reuters

Neft qiymətlərinin qalxmamasına səbəb OPEC-in özüdür

"Financial Times" yazır ki, Yaxın Şərqdə, Qətər və İranda baş verənlərə, OPEC-in hasilatı ixtisar etmək barədə razılaşmanın müddətini uzatmasına, Amerikada şist nefti hasilatının azacıq azalmasına baxmayaraq Brent markasından olan neftin qiyməti bir barrel üçün 50 dollardan aşağı düşüb.

Bəziləri yenə də iddia edirlər ki, bazara çıxarılan neft ixtisar olunmuş həcmlərdə qalmaqda davam edətrsə, üstəlik də 2011-ci ildən bəri ən böyük gərginliyini yaşayan regionda alovlanma baş verərsə neftin qiymətləri qalxa bilər.

Lakin məqalədə deyilir ki, OPEC üzvlərinin pərtliyinə baxmayaraq, neft qiymətlərinin uzun müddət davam edən aşağı qiymətləri ədalətli sayıla bilər. Halbuki 2017-ci ilin əvvəllərində OPEC-in neft qiymətlərinin qalxacağına ümidləri çox böyük idi.

Həmin vaxt istər hasilatçılar, istərsə də investorlar bazarda üç ildir ki, yaranmış izafiliyin nəhayət ləğv olunacağını gözləyirdilər.

FT yazır ki, bu ümidlərin əksəriyyətini real vəziyyətdən çox, neft tacirlərinin spekulyasiyaları yaratmışdı.

Məqalədə deyilir ki, neft qiymətlərinin qalxmamasına, əlbəttə Amerika şisti həcmlərinin artması əsas səbəbdir və ABŞ neftinin heyrətamiz dirçəlişi OPEC-in bazarı tənzimləmək ambisiyalarına ölümcül zərbə vurur.

ABŞ şistinin hasilatçıları isbat ediblər ki, bir barrel üçün 50 dollar qiyməti Amerika neftçiləri üçün sərfəlidir. Burada dalbadal 20 həftədir ki, buruq sayı artmaqda davam edir. Bu, keçən ilin müvafiq dövründə olan sürətdən iki dəfə çoxdur.

FT yazır ki, neft qiymətlərinin qalxmamasına ikinci əsas səbəb OPEC-in özünün gözləntilərə cavab verə bilməməsidir.

Səudiyyə Ərəbistanı və Rusiya başda olmaqla neft ixracatçıları OPEC-in mayın 25-də keçirilən iclasında hasilat ixtisarının müddətini gözlənilən 6 ay əvəzinə 9 ay uzatmaq barədə qərar qəbul ediblər.

Halbuki neft tacirləri neft nazirlərinin Vyana görüşündən müddətin uzadılmasından daha çox, ixtisar həcmlərinin dərinləşdirilməsini gözləyirdilər.

O vaxtdan bəri xam neftin qiyməti 10 faiz düşüb. Beləliklə təsəvvür yaranıb ki, əslində heç bir yenilik baş verməyib.

FT yazır ki, başqa bazarlardan fərqli olaraq xammal bazarlarında sentiment, yəni tacirlərin əhval-ruhiyyəsi həlledici rol oynayır.

Hazırda neft tacirləri neft qiymətlərinin qalxa biləcəyinə dair yeni proqnozlar verməkdən çəkinirlər.

Qəzetin yazdığına görə, neft bazarında mükafat və risk arasındakı nisbət əlverişsiz durumdadır.

Hazırda Yaxın Şərqdəki gərginliyin də alovlanma həddinə çatacağı gözlənilmir.

Bu o deməkdir ki, neftin bir barreli üçün 50, hətta 40 dollar müddəti davam edə bilər. Bunun dəyişməsi üçün ya Amerikadakı neft hasilatının artımı dayanmalı, ya da OPEC daha dərin hasilat ixtisarlarına getməlidir.

Fotonun müəllifi Getty Images
Image caption Sonradan yayılan məlumata görə, Səudiyyə futbol rəhbərliyi milli komandanın Londonda baş vermiş terror aktı qurbanlarının xatirəsinə 1 dəqiqəlik sükuta riayət etməkdən boyun qaçırmasına görə üzr istəyib.

Səudiyyə futbolçuları London terror qurbanlarına "ehtiram göstərməyiblər"

"The Telegraph" yazır ki, Səudiyyə Ərəbistanı milli futbol yığmasının oyunçuları Avstraliyada azarkeşlər tərəfindən fitə və küyə basılıb.

Buna səbəb səudların Londonda baş vermiş terror aktı qurbanlarının xatirəsinə 1 dəqiqəlik sükuta riayət etməkdən boyun qaçırması olub.

Bu hadisə Avstraliyada yerli komanda ilə Səudiyyə yığması arasında Dünya Çempionatının seçmə oyununun başlanğıcında baş verib.

Avstraliya oyunçuları bir xətt boyunca sıralanaraq qollarını birləşdirdikləri halda, Səudiyyə futbolçuları meydançada pərakəndə dayanmışdılar.

Fox Sports telekanalının Avstraliyadakı aparıcısı Adam Peacock-un dediyinə görə, Səudiyyə Ərəbistanının futbol rəsmiləri Asiya Futbol Konfederasiyasının terror qurbanları üçün 1 dəqiqəlik sükut qərarına qarşı çıxıblar.

Bundan sonra hətta Avstraliya Futbol Federasiyası da səudları dilə tuta bilməyib.

Bir dəqiqəlik sükut zamanı Səudiyyə futbolçuları əllərini arxalarında çarpazlamışdılar, lakin hərəkətlərini davam etdirərək "qızışırdılar".

Xəbərlərə görə, Səudiyyə komandasının əvəzedici heyətinin oturduğu skamyadakılar da ayağa qalxmayıblar.

Bu hadisə sosial mediada qəzəb partlayışına səbəb olub. Sosial media istifadəçilərindən biri yazıb ki, o, FİFA-nın Səudiyyə Ərəbistanını bu "iyrənc" hərəkətə görə cəzalandıracağına ümid edir.

Londonun London Bridge körpüsündə islamçı ekstremistlər tərəfindən törədilmiş terror basqınında 8 nəfər həlak olub.

Oyunun nəticəsi isə səudları artıq "cəzalandırb". Onlar bu matçda 2-3 hesabı ilə məğlub olublar.

Hazırda Yaponiya, Səudiyyə və Avstraliya 5-ci qrupda hər birinə 16 xalla 1, 2 və 3-cü yerləri bölüşürlər.