Həm də ixtiraçı olan 7 məşhur

Roger Moore in 2002
Image caption Lord Roger Moore mayın 23-də 89 yaşında vəfat edib

Lord Roger Moore Magnum dondurmasını ixtira edibmi? Bu, ötən ay məşhur Britaniya aktyorunun vəfatından sonra yayılmış ən maraqlı şayiələrdən biri idi.

Jurnalist Chrissy Iley-in yazdığına görə James Bond rolunu oynamış ulduz bir dəfə 1960-cı illərdə deyib ki, onun arzusu Wall's dondurma şirkətinin çöp üstündə buzlu şokolad istehsal etməsidir.

Onda deməli, şirkət aktyorun arzusuna hay verib və Magnum dondurması 1989-cu ildən istehsalata çıxarılıb. Çöp üstündə şokolad indi dünyanın ən çox satılan dondurmasıdır.

Wall's şirkəti belə bir söhbətdən xəbərsiz olduğunu bildirib. Şirkət "Daily Mail" qəzetinə deyib ki, bu, "əla bir rəvayətdən" başqa bir şey deyil.

Oğul Harry Connick

Fotonun müəllifi Getty Images

O müğənni, istedad şousu münsifi və hərdənbir də aktyordur. Lakin oğul Harry Connick həm də orkestrlər üçün dəyərli bir cihazın ixtiraçılığına iddialı ola bilər.

O 1990-cı illərdə tez-tez qastrollara gedər və açıq havada konsertlər verərdi. Amma küləyin not kağızlarını qoparıb aparması onun canını boğazına yığmışdı. Beləliklə, müğənni günlərin bir günü çıxış yolu tapır. Notlarını kağızlara yox, rəqəmsal üsulla yazmağa başlayır.

Bu üsulun qiymətli cəhətlərindən biri də bu idi ki, düzəlişləri o bir dəfə edirdi və bu düzəliş avtomatik qaydada qrupun digər üzvlərində olurdu.

"A kişi, bilirsən, bu üsul mənim həyatımı nə qəsər rahatlaşdırıb, - demişdi müğənni 2002-ci ildə New York Times qəzetinə, - Səhər musiqi parçasını yazıram, günorta bu parça artıq qrupun hər bir üzvünün kompüter monitorunda olur".

Jamie Lee Curtis

Fotonun müəllifi Getty Images

Məşhur "Halloween" filminin qəhrəmanı "Vanda adlı balıq" (A Fish Called Wanda) komediyasına çəkilməzdən əvvəl kinematoqrafın ən məşhur "həşir kralıçalarından" idi.

Lakin 58 yaşlı aktrisa həm də uşaq silgiləri üçün su buraxmayan cibləri olan pamperslərin ixtiraçısıdır.

O bu barədə ötən il Amerika Milli İctimai Radiosuna verdiyi müsahibədə deyib.

Bu pampersləri hər dəfə dəyişmək lazım gəlmir. Onun içərisindəki silgi qatlarını çıxarmaqla məsələ həll olunur.

Howard Hughes

Fotonun müəllifi Getty Images

Milyarder maqnatın sərvətinin böyük bir hissəsi atasının ixtira etdiyi özüitilənən qazma baltasından gəlmişdi.

Amma ot kökü üstündə bitər deyiblər də...Hə, elə də demək olar. Amma oğul Hughes neft avadanlığına müəlliflik edən atasından fərqli olaraq, bilik və enerjisini qaldırıcı lifçiyin ixtirasına həsr etmişdi.

1943-cü ildə çəkilən "Yağı" (The Outlaw) filmi üçün hazırlanmış bu lifçik, heç öz bədən göstəriciləri də inkişafdan geri qalmayan Jane Russell-in döşlərini qabartmalıydı.

Burası da var ki, Russell narahatlığına görə bu ixtiradan imtina edib, öz lifçiyini geyinmişdi.

Michael Jackson

Fotonun müəllifi Prods./Kobal/REX/Shutterstock

Mərhum pop əfsanəsi aydagəzişdən tutmuş Bubbles adlı şimpanzeyədək bir çox şeylərlə məşhur idi.

Amma bir çoxları bilmirlər ki, o özünün ən heyrətamiz gözbağlıcalarından birini - ona və dəstə üzvlərinə Smooth Criminal mahnısı üçün klipin çəkilişində 45 dərəcə bucaq altında əyilmək imkanı verən fəndin işlənməsində iştirak edib.

Bu məqsədlə səhnədə xüsusi dabanlı ayaqqabılar qurulmuşdu. Ayaqqabıların dabanları səhnənin döşəməsinə bərkidilmişdi.

1992-ci ildə patentlənmiş bu mexanizm əla işləyirdi. Amma tək bircə dəfə, 1996-cı ildə sıradan çıxıb Jacksonu yerə çırpmışdı.

Fotonun müəllifi US Patent Office
Image caption Michael Jackson-un patent ərizəsindəki eskizlər.

Hedy Lamarr

Fotonun müəllifi Getty Images

1914-cü ildə Vyanada Hedwig Kiesler adı ilə doğulmuş aktrisa 1930 və 1940-cı illərdə Hollywood ulduzu olmazdan əvvəl Almaniya filmində tam çılpaq çəkilməsi ilə qalmaqal yaratmışdı.

Amma onun əsas nailiyyəti ekrandan kənarda və daha ciddi sahədə qazanılmışdı.

O İkinci Dünya Müharibəsi illərində radiodalğalarla idarə olunan torpedolarda tezliklərin pozulmasını önləyən yeni vasitənin yaradılmasında iştirak etmişdi.

"Tezlikvuran" (frequency hopping) adı ilə tanınan bu texnologiyadan hazırda əl telefonlarının, GPS, Bluetooth və WiFi sistemlərinin işlədilməsində istifadə olunur.

Zeppo Marx

Fotonun müəllifi Getty Images

Marx qardaşlarının sonbeşiyi teleekranlarda daim daha gözgəlimli qardaşları Chico, Groucho və Harpo-nun kölgəsində itib-batardı.

Amma o, başqa sahədə qardaşlarını kölgədə qoymuş və ürək pasientlərinin nəbz döyüntüsünü monitorinq edən qol saatını yaratmışdı. Bu qol saatı döyüntülər anormallaşan kimi həyəcan siqnalı verirdi.

Zeppo həm də aerokosmik cihazlar buraxan Marman Products şirkətini təsis etmişdi. 1945-ci ildə Yaponiyanın Naqasaki şəhərinə atılan atom bombasını təyyarənin qarnında onun hazırladığı tutqaclar saxlayırdı.

Buna bənzər tutqaclardan 1962-ci ildə həyata keçirilmiş Friendship 7 kosmik missiyasında istifadə olunmuşdu. Bu missiya zamanı mərhum amerikalı astronavt John Glenn yerin orbitində dövrə vuran ilk amerikalı olmuşdu.

Julie Newmar

Fotonun müəllifi Getty Images

1960-cı illərin məşhur batman filmlərində Pişik-qadın (Catwoman) rolunu oynamış Julie Newmar özünü internet saytında fəxrlə Amerikaya Mayflower gəmisində gələnlərin 11-ci nəslinin törəməsi adlandırır. Bu gəmi 1620-ci ildə ilk dəfə olaraq ingilisləri İngiltərədən Amerikaya gətirib.

Lakin burada onun 1970-ci illərdən patentlədiyi kolqotkanın adı çəkilmir. Bu corablar Nudemar adı ilə marketinq olunub.

"Bu corablar sizin arxa tərəfinizi qaxac olunmuş donuz buterbroduna yox, almaya bənzədir" - demişdi Newmar 1977-ci ildə People jurnalına.

Hazırda 83 yaşında olan ABŞ aktrisası və müğənnisi həm də görünməz ipləri olan lifçiklərin patentini alıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş