Britaniya mətbuatı: Evliliyin cana xeyri var…Əgər qadın deyilsinizsə…

Fotonun müəllifi Getty Images
Image caption Kraliça II Elizabeth 69 ildir ki, 96 yaşlı şahzadə Phillip-lə evlidir.

Subaylıq sultanlıq olsa da, sağlamlıq deyil

"The Telegraph" qəzetində dərc olunmuş başqa bir məqalədə deyilir ki, nəhayət ər və arvadlar üçün xeyir xəbər var.

İngiltərənin Birmingham şəhərindəki Aston Tibb Məktəbinin araşdırmaçıları aşkar ediblər ki, evlilik sizin xəstəliklərdən salamat qurtarmanıza kömək edə bilər.

Bu nəticəyə gəlmək üçün alimlər 13 il ərzində bir milyondan artıq insanın xəstəlik tarixlərini öyrəniblər.

Nəticələr kifayət qədər əsaslıdır: evlilik sizin sağlamlığınız üçün xeyirlidir.

Alimlər bu nəticəyə gəliblər ki, evli olanların diabet, yüksək qan təzyiqi və yüksək xolesterolla bağlı xəstəliklərdən ölüm rislki əhəmiyyətli dərəcədə azdır.

Bunun səbəbi olaraq ər-arvadın bir-birinə qayğısı, dərmanları qəbul etməyi bir-birinin yadına salması və daha keyfiyyətli qidalanması göstərilir.

Lakin alimlər xəbərdarlıq edirlər ki, bu, heç də hamının dərhal evliliyə cumması üçün əsas olmamalıdır.

Bu tədqiqatın nəticələrini Britaniya Kardiovaskulyar Cəmiyyətinin Mançesterdə keçirilmiş konfransında təqdim etmiş professor Paul Carter deyir ki, sadəcə olaraq yaxın insanların və qohumların çevrəsində olan insanlar bir qayda olaraq daha sağlam olurlar.

Evlilik çox uzun müddətdir ki, dərdlərin çarəsi hesab olunur. 2010-cu ildə Dünya Səhiyyə Təşkilatı bu qərara gəlib ki, evli olmaq ən azı depressiyaların qarşısını alır.

Lakin bundan da ciddi elmi nəticələr var. California Universitetində aparılmış bir araşdırma göstərib ki, xərçəng xəstəliyinə tutulmaq şansı aşağı olan insanların əksəriyyəti subay olmayanlardır.

Amma burası da var ki, qadınlar üçün məsələ o qədər sadə deyil. Bir çox tədqiqatlar göstərib ki, tənhalıq kişilərə, qadınlardan daha çox ziyan vurur.

Üstəlik London Kollec Universiteti, London İqtisad Məktəbi və London Gigiyena və Tropik Təbabət Məktəbinin apardığı müşahidələr göstərib ki, diabet, yüksək qan təzyiqi və piylənmə kimi xəstəliklərə meyllilik həm ərli, həm də subay qadınlarda eynidir.

Başqa sözlərlə, bu o deməkdir ki, evli olmağın kişilər üçün cana xeyri var.

Fotonun müəllifi AFP
Image caption xəbər verilir ki, Trump-ın Səudiyyəyə səfərindən əvvəl Qətər və oradakı sammitə toplaşan başqa ərəb ölkələrinin arasında İran üzrə ciddi ziddiyyət olub.

Ərəblər niyə Qətərin üstünə düşüblər?

"The New Statesman" məcmuəsinin məqaləsi Səudiyyə Ərəbistanı ilə Qətər arasında davam edən böhranın tarixi səbəblərinə həsr olunub.

Məqalədə deyilir ki, Səudiyyə Ərəbistanının kiçicik Qətər dövlətinə qarşı embarqolarına təkcə Körfəz ölkələri, Misir və Liviya deyil, həm də Məhəmməd ibn Əbdül Vəhabın 200 səudiyyəli törəməsini birləşdirən Əl Əş-Şeyx icması qoşulub. Bu həmin Əbdül Vəhabdır ki, İslam dininin Səudiyyə təriqəti olan Vəhabiliyin əsasını qoyub.

Məqalə müəəlifi John Jenkins yazır ki, son onilliklərdə Yaxın Şərqdə baş verənləri izləyənlər üçün Qətər böhranı heç də gözlənilməz olmayıb.

Hələ 1971-ci ildə belə bir plan vardı ki, Qətər və Bəhreyn konfederasiya əsasında aşağı Körfəzdəki şeyxliklərə qoşulacaqlar. Lakin o vaxt hər iki ölkə müstəqil olaraq qalmağa üstünlük vermişdi. Qətər getdikcə varlanırdı, lakin o qədər də səs çıxarmırdı. Amma 1995-ci ildə Qətərin o vaxtkı başçısı xarici səfərdə olarkən öz oğlu tərədfindən devrildi. Bu qansız çevriliş Səudiyyə Ərəbistanını xeyli narahat etmişdi.

Məhz bundan sonra Dohanın sürətli qaydada fiziki və siyasi inkişafı nəzəri cəlb etməyə başladı.

Atasını hakimiyyətdən uzaqlaşdırmış Şeyx Həməd 1950-ci illərdən bəri çox da dəyişməmiş bu ölkəni göydələnlər, ecazkar ofis və otellər məkanına çevirdi.

Bu həmin vaxtlar idi ki, Qətər beynəlxalq meydana çıxmaq üçün Körfəz İqtisadi Əməkdaşlıq Şurasına o qədər möhtac deyildi. Qətər o vaxtlar Həməs və Fətah, habelə Əfqanıstan Talibanının müxtəlif dəstələri, Yəmən və İran arasında vasitəçilik edirdi.

Səudlar inanırdılar ki, Qətər hər hansı bir şəkildə 2003-cü ildə vəliəhd şahzadə Abdullanın qətlə yetirilməsi üçün Liviya lideri Müəmmər əl-Qəzzafinin qəsdi ilə bağlıdır.

Bəhreynlilər və səudlar həm də bundan şübhəli idilər ki, Qətər onların bəzi tayfaları ilə manipulyasıya edir. Birləşmiş Ərəb Əmirlikləri isə Qətərdə mənzillənmiş Əl Cəzirə telekanalının və başqa Qətər mediasının onun hökmdarlarının legitimliyini sual altına alan verilişlərindən narazı idi.

2011-ci ildə Liviyada Qəzzafiyə qarşı üsyan başlananda, Qətər anti-Qəzzafi qüvvələrinə qarşı döyüşənlərə dəstək verən ilk ölkələrdən biri olmuşdu.

Lap bu yaxınlarda isə Qətər hakim ailə üzvləri də daxil 20 vətəndaşının İraqda İrana bağlı şiə qruplaşması tərəfindən oğurlanmasından sonra onların azad edilməsi üçün birbaşa qaydada Hizbullah, İran və əl-Qaedanın Suriya qolu ilə danışıqlara girişmişdi. Bu qətərliləri 2015-ci ilin dekabrında Bəsrə yaxınlığında ov edərkən oğurlamışdılar.

Jenkins yazır ki, bütün bunlardan başqa Qətərin Müsəlman qardaşları təşkilatı ilə iddia olunan əlaqələri Səudiyyə başda olmaqla bəzi ərəb dövlətlərini narahat edirdi. Çünki bir çox ərəb ölkələrinin hakimləri Müsəlman qardaşlarını öz hakimiyyətlərinə təhlükə hesab edirlər.

Belə görünürdü ki, bütün bu ziddiyyətlər 2014-cü ildə Şeyx Təmim atasından sonra hakimiyyətə gələndən bəri geridə qalıb. O vaxt Təmim Riyada gəlmiş mərhum kral Abdullah və Körfəz Əməkdaşlığı Şurasının liderləri ilə görüşmüşdü. Deyilənlərə görə o Qətər müstəsnalığının sürətinin bir qədər aşağı salmağa razılaşmışdı.

Bu da xəbər verilir ki, Trump-ın Səudiyyəyə səfərindən əvvəl Qətər və oradakı sammitə toplaşan başqa ərəb ölkələrinin arasında ciddi ziddiyyət olub. Deyilənlərə görə bu görüşdə Qətər İrana bu qədər diqqət verməyin əleyhinə imiş.

Fotonun müəllifi Getty Images
Image caption Seyf əl-İslam Qəzzafi

Qəzzafinin oğlu həbsxanadan azad edilib

"The Telegraph" yazır ki, Liviya diktatoru polkovnik Müəmmər Qəzzafının Britaniya təhsilli oğlu Seyf əl-İslam həbsxanadan azad edilib.

O, 2011-ci ildə Tripolidən qonşu Nigerə qaçmağa cəhd göstərərkən Əbubəkr əs-Sadiq briqadası tərəfindən həbs edilmişdi.

Ötən il Qəzzafi ölüm hökmünə layiq görülsə də, azad edilməsi barədə xəbərlər çıxmış, lakin bu məlumatlar təsdiq olunmamışdı.

Seyf əl-İslamın azad edilməsi ölkənin şərqinə nəzarət edən parlamentin qərarı ilə ötən cümə günü mümkün olub.

İndi belə başa düşülür ki, Qəzzafi əl-Bayda qiyamçıları ilə bir yerdədir və ölkəyə müraciətlə çıxış edəcək.

Bundan əvvəl briqadanın komandanı Ajmi əl-Ətiri Qəzzafinin azad olunmasının izahatı ilə çıxış edəcək.

Öldürülmüş diktatorun övladları arasında ən fəalı olan Seyf əl-İslam vaxtilə Londondakı İqtisad Məktəbində (London School of Economics) təhsil alıb.

Onu Londonda yaxşı tanıyırdılar və onun tanışları arasında lord Mandelson və memar Norman Foster də vardı.

Qərb diplomatları onu atasının potensial varisi kimi qəbul edirdilər və düşünürdülər ki, o ölkə üçün çox vacib olan siyasi və iqtisadi islahatları həyata keçirəcək.

Lakin Seyf əl-İslamın mötədil imici o atasının qəddar rejiminin müdafiəsinə qalxıb qiyamçıları diz çökdürməyə çalışanda əriyib getmişdi.

"The Telegraph" yazır ki, o indi həbsxanadan azad olunsa da, Beynəlxalq Cinayətlər Məhkəməsinin bəşəriyyətə qarşı cinayətlər ittihamı hələ də üzərində qalır.

Bu barədə daha geniş