Britaniya mətbuatı: Neft və qaz nəhəngləri külək və günəş enerjisinə keçir

Fotonun müəllifi Thinkstock

Neft və qaz nəhəngləri külək və günəş enerjisinə keçir

"The Guardian" qəzeti yeni təhlili hesabata əsasən yazır ki, yaxın onillikdə nəhəng neft və qaz şirkətləri investisiyalarının beşdə birini külək və günəş enerjisinə yönəldəcəklər.

Hesabatda deyilir ki, neftə olan tələbatın azalması və bərpa olunan enerji növləri sahələrinin sürətli inkişafı BP, Shell və Total kimi nəhənglər üçün həm hədə, həm də yeni inkanlar deməkdir.

Araşdırmanın direktoru Valentina Kretzschmar deyib ki, artıq bərpa olunan enerji növləri qarşısıalınmaz inkişaf mərhələsinə qədəm qoyub.

Hesabatda deyilir ki, neft-qaz nəhəngləri bu meyli görür və ondan nəticələr çıxarmağa başlayırlar. Bu, əlbəttə, onların biznesi üçün böyük çətinliklər vəd edir.

Xammal ticarəti təhlilçilərinin hazırladıqları hesabatda deyilir ki, ən böyük enerji şirkətləri 2035-ci ilədək külək və günəş enerjisinə 350 milyard dollar xərcləyəcək. Bu da göstərilir ki, 2035-ci ilədək onların bazardakı payı neft və qaz bazarında olduğu kimi 12 faiz təşkil edəcək.

Wood Mackenzie firmasının ekspertləri isə bildirirlər ki, bu rəqəm hətta neft nəhəngləri üçün də çox yüksəkdir və buna görə də ağlabatan ssenariyə bənzəmir. Amma ekspertlərin fikrincə, buna baxmayaraq, bərpa olunan enerji növlərinə xərclər rahatca kapitalın beşdə biri qədər ola bilər.

"The Guardian" yazır ki, artıq indidən iri neft və qaz şirkətləri iqlim dəyişikliyi ilə bağlı siyasətlərinə düzəliş edirlər.

Məsələn, Norveçin Statoil şirkəti dünyanın ilk üzən külək platformasını Şotlandiya sahillərində dənizə buraxacaq. İndi Statoil üçün söhbət ofşor neft-qaz yataqlarından yox, ofşor külək stansiyalarından gedir.

Shell özünün may ayında keçirilmiş illik baş məclisində bir neçə iqlim dəyişikliyi və bərpa olunan enerji layihələrini müzakirə edib. Bu layihələrdən biri də Hollandiya sahillərində ofşor külək stansiyasının quraşdırılmasıdır.

Wood Mackenzie bildirir ki, bir çox neft və qaz şirkətləri bərpa olunan enerjinin onların varlığına yaratdığı təhlükəni başa düşüblər və siyasətlərinə dəyişiklik edirlər.

Kretzschmar deyir ki, Exxon şirkəti səhmdarlarının 62 faizi iqlim dəyişikliyi sahəsində daha şəffaf siyasətə səs verib.

BP şirkəti də Wood Mackenzie kimi proqnoz verib ki, qarşıdan gələn iki onillikdə bərpa olunan enerji növlərinə tələb daha sürətlə artacaq. Məsələn, illik artım reyti külək enerjisi üçün 6 faiz, günəş enerjisi üçün 11 faiz, neft üçünsə cəmi 0, 5 faiz olacaq.

Wood Mackenzie bunu da bildirir ki, bəzi yerlərdə külək və günəş enerjisi texnologiyaları o qədər ucuzlaşıb ki, subsidiyalara ehtiyac qalmır.

Kretzschmar əlavə edir ki, bərpa olunan enerji növlərinə Avropanın neft-qaz şirkətləri, Amerikadakılardan daha çox can atırlar, çünki ABŞ-da neft və qazın maya dəyəri daha aşağıdır.

Statoil şirkəti bildirir ki, indi onun enerji həlli departamentində 100-dək əməkdaş çalışır. Bu bölmə külək enerjisi və karbonun ixtisarı sahələri üzrə ixtisaslaşır. Fransanın Total şirkətinin günəş, bioyanacaq və batareyalarla işləyən bölümündə 13 min insan çalışır ki, buna da 2016-cı ildə 4, 7 milyard dollar xərclənib.

İngilis-Holland şirkəti Shell bildirib ki, 2020-ci ilədək bioyanacaqların, hidrogen və bərpa olunan başqa yanacaq növlərinin inkişaf etdirilməsinə 1 milyard dollar xərcləyəcək. Halbuki bu rəqəm ötən il cəmi 200 milyon dollar idi.

Wood Mackenzie bildirir ki, bərpa olunan yanacaq növləri hələlik onlara xərclənən pulun gətirdiyi xeyrin məbləğinə görə neft və qazdan iki dəfə geridə qalır, lakin iri şirkətlər neft və qaz gəlirlərindən külək stansiyalarının maliyyələşdirilməsi üçün istifadə edə bilirlər.

Hazırda neft və qazın gətirdiyi gəlirlər bərpa olunan enerjinin gətiridiyi gəlirdən 33 dəfə çoxdur, lakin bu fərq 2035-ci ilədək 13 dəfə azalacaq.

Fotonun müəllifi Reuters

Trump-ı məhkəməyə verirlər

"The Telegraph" yazır ki, Maryland və Columbia sahəsinin rəsmiləri prezident Donald Trump-ın məhkəməyə cəlb edilməsi üçün federal iddia qaldırıblar. Onlar Trump-ı özünün qlobal biznes imperiyasını əldən buraxmamaqla Konstitusiyanı pozmaqda ittiham edirlər.

Rəsmilər bildirirlər ki, prezidentin hərəkəti Konstitusiyanın "bəxşişlər" barədə maddəsini pozur. Bu maddə prezidentə vəzifə başında olduğu müddətdə xarici hökumətlərdən hər hansı hədiyyələri qəbul etməyi qadağan edir.

Konstitusiya tarixçiləri bu iddianı misilsiz adlandırıblar, Ağ Ev isə heç bir pozuntunun baş vermədiyində israr edir.

Şikayət ərzizəsində deyilir: "Prezident Trump-ın biznes imperiyasındakı maraqlarını saxlaması onu çox sayda xarici və daxili fiqurlarla əlaqəyə bulaşdırır və bu da Konstitusiyanı pozaraq qanunun aliliyini və siyasi sistemimizi şübhə altına alır".

Məqalədə deyilir ki, hakimin bu mühakiməyə başlanmasına icazə verdiyi təqdirdə cənab Trump-ın uzun müddətdir gizlədilən vergi sənədlərinin açıqlanması icbari olacaq.

Bu iş barədə məlumat verən Maryland baş prokuroru Brian Frosh deyib ki, liderlər öz biznes maraqlarına yox, xalqa xidmət etməlidirlər.

Şikayətçilər diqqəti vəzifəli əcnəbi qonaqların Trump-ın otellərində qalmasını və bununla da Trump-a maliyyə mənfəəti verdiklərinə çəkirlər.

Adı çəkilən obyektlərdən biri də Washington-da təzəcə açılmış Trump International Hotel mehmanxanasıdır.

Amerika Konstitusiya Cəmiyyətinin prezidenti Caroline Fredrickson ABŞ prezidentinin bəxşişlər haqqında maddəni pozmasına görə məhkəməyə verilməsini misli görünməmiş hadisə adlandırıb.

Ağ Evin sözçüsü Sean Spicer deyib ki, iddialar siyasi motivlidir və prezidentin vəkilləri ərizənin rədd edilməsi üçün müraciət hazırlayırlar.

Fotonun müəllifi GUILLERMO LEGARIA/AFP/Getty Images

Evdə paltar qurutmaq niyə təhlükəlidir

"The İndependent" qəzeti paltarları evdə qurutmağın sağlamlığa ziyanından yazır.

Məqalədə deyilir ki, həyətyanı sahəsi, geniş pəncərə və heç olmasa kiçicik balkonu olmayanları necə qınayasan? Belələri otaqlarını camaşırxanaya çevirməyə məcburdurlar.

Britaniya kimi ölkələrdə isə hətta bağ-bağçan və ya balkonun olsa da, yağış, leysan paltar qurutmağa imkan vermir.

Bunlar başa düşüləndir, amma təəssüf ki, evdə paltar qurutmaqla biz sağlamlığımıza ziyan vururuq.

Hər halda İrlandiyanın Astma Cəmiyyəti belə bir xəbərdarlıq verib:

"Nəm mühitlərdə kif göbələkləri artır ki, bunlar da spor adlanan toxumlarını ətrafa tökürlər".

Cəmiyyətin üzvlərindən Pheena Kenny deyir ki, sporlar bəzi adamlarda allergik reaksiyalara səbəb ola bilər. Kif və göbələk sporları adi gözlə görünmür.

Adətən insanlar belə sporları tənəffüslə udarkən immun sistemi onların öskürək və asqırıqla orqanizmdən xaric olunmasına kömək edir. Amma kif sporları ilə ümumiyyətlə qarşılaşmayan adamlarda heç bir reaksiya olmaya da bilər.

Kif sporları xüsusilə də astmalı xəstələr üçün təhlükəlidir. Bu sporlar xəstəliyi kəskinləşdirə bilər.

Kenny izah edir ki, Aspergillus fumigatus və ya "tüstülənən Aspergillus" sporları ağ ciyər infeksiyalarına səbəb olur.

Təhlükə təkcə astma xəstələrinə deyil. Bu sporlar yaşlılar, körpələr, uşaqlar, ekzemalı adamlar və immun sistemi zəif olanlar üçün də ciddi təhlükə törədə bilər.

Bu sporların yayılması üçün ən münbit vaxt yanvar və fevral aylarıdır. Lakin avqust və sentyabrda da sporlardan ehtiyatlı olmaq lazımdır.

Elə isə nə etməli?

Əgər paltarları bayırda qurutmaq mümkün deyildirsə, onda mənzildə bu məqsəd üçün ayrılmış otaq yataq otağından mümkün qədər uzaq olmalı və yaxşıca havalandırılmalıdır.

Kif və bar daha çox nəm və rütubətli yerlərdə - vanna otaqları, mətbəx və zirzəmilərdə əmələ gəlir. Əşyaların səthindən kifin təmizlənməsi üçün su, sirkə və sabun məhlulundan istifadə etmək olar.

Paltarlarınızı nəm şkaflara və rəflərə yığmayın.

Mənzilin pəncərələrini mümkün qədər çox açıq saxlamaq və otaqları havalandırmaq mühümdür.

Bu qaydaya xüsusilə də duş qəbul etdikdən, təmizlik işlərindən, xörək bişirdikdən və qabyuyandan istifadə etdikdən sonra riayət etmək vacibdir.