Norveç: tədris müəssisələrində niqab və çadra qadağası planlaşdırılır

Niqab Fotonun müəllifi Getty Images
Image caption Tədris müəssisələrində çadra və niqabla yanaşlı üzü örtən balaklava kimi maskalara da qadağanın tətbiqi nəzərdə tutulur.

Norveçdə qadının üzünü örtən geyimlərə qadağanı nəzərdə tutan qanun layihəsi hazırlanıb.

Təsdiq olunduğu təqdirdə qadağa uşaq bağçaları, məktəb və universitetlərdə tətbiq olunacaq.

Təşəbbüs müəlliflərinə əsasən üzün bağlı olması uşaq və müəllim arasında ünsiyyəti çətinləşdirir.

Qadağa baş örtüyü kimi İslam dinində mövcud olan digər geyimlərə şamil edilmir.

Bu, Skandinaviya ölkələrində bu qəbildən ilk qadağa ola bilər.

Tədris müəssisələrində çadra və niqabla yanaşlı üzü tam örtən balaklava kimi maskalara da qadağa tətbiqi nəzərdə tutulur.

Norveç partiyalarının əksəriyyəti qanun layihəsini dəstəkləyir. Onun gələn il təsdiqlənəcəyi gözlənilir.

"Belə geyimlər şagirdlərin keyfiyyətli təhsil alması üçün gərək olan yaxşı ünsiyyətə əngəl törədir", - təhsil naziri Torbjorn İsaksen-in bəyanatında deyilir.

İnteqrasiya və immiqrasiya işləri üzrə nazir vəzifəsini icra edən Per Sandberg, ünsiyyət imkanının "təməl dəyər" olduğunu bildirir.

Norveçin regional hakimiyyət orqanları məktəblərdə niqablara qadağa qoymaq səlahiyyətinə malikdir.

Lakin indiyədək bu barədə ümummilli qaydalar mövcud olmayıb.

Fotonun müəllifi Getty Images
Image caption Qadağa baş örtüyü kimi, islamda mövcud olan digər geyimlərə şamil edilmir.

Norveçdə insan üzünü tam örtən geyimlərin geniş yayılmadığını deyən qanun əleyhdarları bu kimi tədbirə ehtiyac olmadığını bildirirlər.

"Niqab taxanların sayı, çox-çox azdır, belə ki inteqrasiya baxımından bu, ən kiçik problemdir", - milli azlıqların məsələri ilə məşğul olan Minotenk təşkilatından Linda Noor NRK teleşirkətinə bildirib.

Bu ilin əvvəlində "Norveçin İslam Şurası" (NİŞ) təşkilatı mətbuat katibi vəzifəsinə niqab taxan şəxsi təyin edib.

Bu qərar qalmaqala səbəb olaraq mədəniyyət naziri, müsəlman millət vəkilləri və bır sıra müsəlman təşkilatının qınağına tuş gəlib.

Dinlər arası dialoqun möhkəmlətməsi üçün yaradılan NİŞ-in fəaliyyəti hökumət qrantları hesabına maliyyələşdirilir.

NİŞ öz qərarını müdafiə edərək Leyla Hasic-in vəzifəyə ən uyğun namizəd olduğunu bildirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş