Britaniya mətbuatı: Trump Qətərdən şəxsi biznesinin intiqamını alır?

Fotonun müəllifi AFP
Image caption ABŞ prezidenti Donald Trump ötən ay Ər-riyadda Səudiyyə Ərəbistanı kralı Salman ilə görüşüb

Trump Qətərdən şəxsi biznesinin intiqamını alır?

"The İndependent" qəzetinin məşhur Yaxın Şərq yazarı, jurnalist Robert Fisk, prezident Donald Trump-ın Qətəri "terrorizmin əsasını qoyan bir ölkə" adlandırmasının səbəblərinə dair mülahizələrini bildirib.

Fisk yazır ki, görəsən, bunun səbəbi kiçik əmirlik haqqında prezidentə verilmiş dezinformasiyadır, yoxsa, onun 2010-cu ildə Qətərə təklif etdiyi söylənən tikinti layihəsinin rədd edilməsi?

2011-ci ildə "Fələstin sənədlərini" faş etmiş məqaləni yazan təhqiqat jurnalisti Clayton Swisher iddia edirdi ki, cənab Trump və onun qızı İvanka bundan 7 il əvvələ Qətərə gəlibmişlər.

Jurnalistin yazdığına görə, orada onlar investisiya dəstəyi almaq üçün iki Qətər rəsmisinə yaxınlaşıblar.

Onlardan biri Qətər İnvestisiya Şurasının üzvü Hüseyn əl-Abdullah, digəri isə hakim ailədən o vaxtlar baş nazir olan Şeyx Həmid bin Cassem ət-Tani olub.

Huffington Post saytında yazan Swisher-in bildirdiyinə görə, Trump-ın o sövdələşməsi baş tutmayıb. O iddia edir ki, cənab əl-Abdullah cənab Trump-ın təqdimat tərzindən şoka düşüb, amma Şeyx Həmid deyəsən, onu axıradək dinləyib. Buna baxmaraq Qətərin 338 milyard dollarlıq Dövlət Fondundan Trump-ın layihəsinə pul buraxılmayıb.

Swisher əlavə edir ki, hər halda İvanka Trump sonralar əri Jared Kushner-lə başqa bir mülkiyyət sövdələşməsi təklifi ilə Qətərə gəlib. Burada söhbət Kusher-in 666 Fifth Avenue ünvanındakı mülkündən gedirmiş. Bu layihə barədə danışıqlar 2016-cı ilədək davam edib.

Swisher iddia edir ki, bu yaxınlarda bu iş barədə yeni məlumat əldə edib. O aşkar edib ki, Kushner-in atası Charles artıq baş nazir yox, fərdi biznesmen olan Şeyx Həmidlə danışıqlar aparıb. Danışıqların mövzusu 500 milyon dollar olub. Lakin Qətər Kushner-in atasına bildirib ki, o, 1, 2 milyard dolları başqa yerdən tapmalıdır.

Swisher-ə görə, bu danışıqlar yaxın aylaradək davam edirmiş.

Fisk yazır ki, cənab Trump-ın Qətərin üstünə düşməsinin səbəbi hələ də izah edilməyib, amma bu arada Qətər özünə bu vaxtadək ağlına da gəlməyən yeni dostlar tapıb.

Oman ərzaqla dolu ticarət gəmilərini Dohaya göndərir. Bəzi məlumatlara görə, Mərakeş də eyni hərəkəti edir. Hərçənd belə də ehtimal olunur ki, kral 6-cı Məhəmməd öz ölkəsindəki ictimai narazılığı bu yolla bir qədər sakitləşdirəcəyinə ümid edir.

Fotonun müəllifi EPA

Mərakeşdəki narahatlıq, bir balıqçı özünü zibil maşının çarxları arasına ataraq öldürəndən bəri başlanıb. Balıqçı, polis zabiti onun satdığı balığı əlindən alıb zibil maşınına atdıqdan sonra canına qıyıb.

Fisk yada salır ki, Tunis və Misirdə də inqilablar buna bənzər insidentlərdən alovlanmışdı. Amma qətərlilər 6-cı Məhəmmədin bu hərəkətini sadəcə Ramazan jesti kimi qəbul edirlər.

Qətərlilər başqa bir zarafat da edirlər. Onlar deyirlər ki, Qətər indiyədək ərzaqı Səudiyyə Ərəbistanından alırdı, amma indi qətərlilər Türkiyə ərzağının daha keyfiyyətli olduğunu başa düşüblər.

Fisk yazır ki, blokadada olan Qətərə iranlılar da, Küveyt də dəstək olmağa çalışır.

Amma ən maraqlısı Qətər böhranına Putinin reaksiyasıdır. O, çevik şəkildə Qətəri dəstəkləyib və Səudiyyənin tənqidinə məruz qalmayıb.

Fisk yazır ki, buna təəccüblənməyə dəyməz, beləki Qətərin blokadasından bircə həftə əvvəl, Səudiyyənin vəliəhd şahzadəsi və "rüsvayçı Yəmən müharibəsinin qəhrəmanı" Məhəmməd bin Salman Kremldə Putinlə söhbət edib.

Bu söhbətin neft qiymətləri və Suriya münaqişəsi barədə olduğu söylənir. İndi sual budur ki, bin Salman Qətər böhranının olcağını Putinə bildiribmiş, ya yox? Görəsən Putin səudlara Qətəri işğal etməmək barədə xəbərdarlıq veribmi?

"Necə olursa olsun görünür Suriyada qiyamçıları təqib edən cənab Putin, indi də Ərəb Körfəzində sülhün banisinə çevrilmək istəyir" - yazır Fisk.

Fotonun müəllifi Getty Images

Yunanıstan Makedoniyanın "Makedoniya" adlanmasına icazə verəcəkmi?

"The Guardian" yazır ki, Makedoniya xarici işlər nazirinin Yunanıstana səfəri iki ölkə arasında 27 ildir davam edən mübahisənin çözülə biləcəyinə dair şayiələr və ümidlər yaradıb.

Əslində Makedoniyanın yeni sosial-demokrat lideri Zoran Zaev Brüsselə səfəri zamanı bu çox qəribə mübahisənin çözülə biləcəyini demişdi.

Makedoniya və Yunanıstanın xarici işlər nazirləri Nikola Dimitrov və Nikos Kotzias bu gün, iyunun 14-də Afinada görüşürlər.

Düyün çox sadə, lakin həm də mürəkkəb məsələ ucbatından düşüb. Yunanıstan artıq 27 ildir ki, Makedoniyanın Makedoniya adlanmasına icazə vermir.

İki həftə bundan əvvəl, Zaev elan edib ki, onun kiçik ölkəsi mümkün qədər tez bir zamanda NATO və Avropa İttifaqına üzv olmaq istəyir.

O bildirib ki, Makedoniya hər iki qurumda, beynəlxalq aləmdə müvəqqəti tanınmış adı ilə iştirak edə bilər. BMT Makedoniyanı - "Keçmiş Yuqoslav Respublikası Makedoniya" kimi tanıyır.

Bundan əvvəl Makedoniya liderləri Rusiyanın ölkələrinin daxili işlərinə qarışmasından narahatlıq bildirirdilər. Makedoniya liderləri deyirdilər ki, məhz Rusiya təhlükəsinə görə ölkənin NATO üzvü olması mühümdür.

NATO-nun baş katibi Jens Stoltenberg deyib ki, alyans ona üzv olmaq istəyən bütün ölkələrin niyyətinə hörmətlə yanaşır.

"Bizim bircə tələbimiz var: Həmin ölkə demokratik, stabil və firavan olmalıdır" - deyib Stoltenberg.

Lakin buna baxmayaraq, ad problemi Makedoniyanın Qərbə inteqrasiyasına ciddi əngəl törədir.

2008-ci ildə Yunanıstan Makedoniyanın NATO üzvlüyünə qəbulu üzərinə veto qoymuşdu. Afina inanır ki, şimal qonşusu onun eyniadlı əyalətinə göz qoyub.

Məsələ burasındadır ki, Yunanıstanın Makedoniya ilə həmsərhəd əyaləti də Makedoniya adlanır.

İki onillikdən artıq davam edən mübahisədə Yunanıstan Makedoniyanı "mədəniyyət oğurluğunda" ittiham edib. Yunanıstan bildirir ki, slavyan dövləti düşünülmüş şəkildə onun milli simvollarına və tarixi qəhrəmanlarına sahiblənmək istəyir.

Lakin hökumətini ölkənin alban milli azlığı ilə koalisiyada qurmuş Zaev daha barışdırıcı mövqe tutub. O özündən əvvəl on il müddətində hakimiyyətdə olmuş sağçı siyasətçi Nikola Grueskini Yunanıstanla münasibətləri korlayan təxribatda ittiham edib.

Grueskinin hökuməti, uzun illər apardığı "abidə yaratmaq" siyasətinin gedişatında bir sıra yerlərə "Böyük İsgəndərin", "Makedoniyalı İsgəndərin" adını verib.

Özünün ilk televizya müsahibəsində yeni baş nazir Afinanı küsdürən siyasətin dərhal dayandırılacağını elan edib.

"Mən elan edirəm ki, yollara, hava limanlarına, idman zalları və stadionlara tarixi adların verilməsi siyasəti başa çatır" - deyib Zaev.

Zaev elan edib ki, onun ölkəsi Avropanın gələcəyinə uyğun gələcək quracaq.

Lakin Zaevin barışdırıcı siyasətini qəbul etməyənlər də var. Özünün koalisiya hökumətini elan etdiyi gün Zaev millətçi qaragüruhun hücumuna məruz qalmış və hətta xəsarət almışdı.

Zaev bildirib ki, bundan sonra yer adlarının verilməsi referendumlar qaydası ilə həyata keçiriləcək.

Makedoniyanın rəsmi adı üçün bir neçə variant təklif edilib: "yuxarı", "yeni" və ya "şimali" Makedoniya adları.

2007-ci ildə Yunanıstan güzəştə gedərək tərkibində Makedoniya sözü olan adı qəbul edəcəyini bildirmişdi. O vaxt bu güzəşti hazırda hakimiyyətdə olan kiçik yunan millətçi Syriza partiyası da dəstəkləmişdi.

İndi Zaev inanır ki, onun etnik çəkişmələrdən əzab çəkən ölkəsi və borc əlində üzülən Yunanıstana ortaq məxrəci tapmaqda Avro-atlantika qurumları kömək edəcəklər.

Afina Panteyon Universitetinin professoru Dimitris Keridis deyib ki, Yunanıstan Balkanlarda önəmli rol oynamaq istəyirsə, bu mübahisəni yoluna qoymalıdır.

Fotonun müəllifi Getty Images

Günə bir aspirin - faydalıdır, ya təhlükəli?

"The Telegraph" yazır ki, günə bir aspirin qəbul etmək indiyədək düşünüldüyündən daha böyük fəsadlara yol açırmış.

Məqalədə deyilir ki, milyonlarla pensiyaçının infarkt və iflicin qarşısını almaq üçün qandurulducu kimi qəbul etdiyi bu preparat başqa problemlər yarada bilər.

Oxford Universitetində aparılmış bir araşdırma göstərib ki, yaşı 75-i keçənlər üçün günə bir aspirin həbinin qəbulu, daha cavan pasientlərlə müqayisədə 10 dəfə artıq ölümcül qanaxma təhlükəsi yaradır.

Lakin alimlər deyirlər ki, artıq infarkt keçirmiş pasientlər aspirinin qəbulunu davan etdirməlidirlər.

Ekspertlər ümumilikdə milyonlarla pensiyaçını mümkün qədər dərmanlarsız ötüşməyə çağırırlar.

Bununla belə, hər hansı dərmanın qəbulu yalnız həkim məsləhətindən sonra dayandırıla bilər.

Britanityada pensiyaçıların 40 faizi günə bir aspirin qəbul edir. Bunların təxminən yarısı artıq infarkt keçirib.