200-ə yaxın ABŞ konqresmeni Trump-a qarşı iddia qaldırıb

Trump Fotonun müəllifi Getty Images
Image caption Trump-ı xarici nümayəndələrdən gəlir alınması qadağasını pozmaqda ittiham edirlər.

Demokrat partiyasından ABŞ Konqresinin 200-ə yaxın üzvü kollektiv sürətdə prezident Donald Trump-a qarşı iddia irəli sürüblər.

Konqresmenlər Trump-ı xarici nümayəndələrdən gəlir alınması qadağasını pozmaqda ittiham edirlər.

Sənədi, azı 30 senator və Nümayəndələr Palatasının 166 üzvü imzalayıb.

Onlar bu sənədin, ABŞ tarixində prezidentə qarşı qanunvericilər tərəfindən qaldırılmış ən çoxsaylı kollektiv iddia olduğunu qeyd edirlər.

ABŞ Konstitusiyasına görə, prezidentə Konqresin razılığı olmadan xarici hökumət nümayəndələrindən hədiyyə almaq qadağandır.

İddiaçıların bildirdiyinə görə, vəzifəsinin icrasına başlayandan, prezident Trump öz şirkətlərinin xarici hökumətlərdən aldıqları ödənişlər üçün bir dəfə də olsun icazə istəməyib.

"Prezident Trump azı 25 ölkədə maraqların qarışması vəziyyətindədir. Ona bənzəyir ki, prezidentlik vəzifəsindən o, gəlirlərini artırmaq üçün istifadə edir", - Reuters agentliyi Nümayəndələr Palatasının üzvü John Conyers-in sözlərini sitat gətirir.

Ağ Ev mətbuat katibi Sean Spicer bildirib ki, prokurorların iddiasının arxasında siyasi motivlər durur.

Trump-ın biznes imperiyasına otel, qolf klubları, yaşayış evləri kimi obyektlər və, o cümlədən, 500-dən çox ticarət strukturları daxildir.

Trump-ın nəzarətində olan şirkətlərlə bir çox xarici dövlət rəsmiləri əməkdaşlıq edib.

Tənqidçilər qeyd edib ki, ABŞ-a girişinin qadağasına dair prezident fərmanında adı çəkilən yeddi müsəlman ölkəsi arasında, Trump-ın biznes maraqları olduğu ölkələr yoxdur.

Trump-ın qızı Ivanka mətbuat konfranslarına öz şirkətlərinin məhsulu olan paltarlarda gəldiyindən, o, öz brendlərini bu yolla reklam etdiyinə görə qınanıb.

Forbes jurnalı Trump-ın sərvətinin $3,7 milyarda bərabər olduğunu bildirərək qeyd edib ki, həmin məbləğin $2 milyardı New York-da kommersiya əhəmiyyətli daşınmaz əmlakın payına düşür.

Bu barədə daha geniş