Britaniya mətbuatı: Aya 5000 dollara “ruhlar yaşayan evdə” qulluqçu olardınızmı?

Fotonun müəllifi Hulton Archive/Getty Images

İldə 50 min funta "ruhlar gəzişən evdə" dayəlik

"The Telegraph" yazır ki, Şotlandiyada bir ailə onlarla bir evdə yaşayacaq dayə-xidmətçi axtarır. Ailə bu dayəyə ildə 50 min funt sterlinq (64 min dollar) maaş verməyə hazırdır.

Dayə elanda deyildiyinə görə "bu ecazkar, tarixi və mənzərəli evdə 5 yaşlı uşağa baxacaq".

Amma bu işin içində bir "balaca" əngəl də var. Sahibləri yazırlar ki, ev tilsimlənib və burada "ruhlar" gəzişir və "fəaliyyət göstərirlər".

Childcare.co.uk elanlar saytında uşağın anası yazır ki, "bizə bu evi satanda onun əsfunlanmış olduğunu demişdilər, amma onu hər halda aldıq və artıq on ildir ki, burada yaşayırıq".

"Ötən bir il ərzində bizi 5 dayə tərk edib. Onların hamısı evdə fövqəltəbii insidentlərlə qarşılaşdırqlarını deyirdilər" - yazır uşağın anası.

Dayələrin fövqəltəbii hadisə adlandırdığı isə "qeybdən gələn qəribə səslər, qabların düşüb sınması və mebelin hərəkət etməsidir".

"Lakin bizim özümüzə gəldikdə, biz iz evdə heç bir qeyri-təbii halla qarşılaşmamışıq. Həm də bu hadisələr biz evdə olmayan vaxtlarda baş verib. Odur ki, biz hətta elan etdiyimiz puldan da artıq maaş verə bilərik" - yazır qadın.

Childcare.co.uk saytının direktoru Richard Conway deyir ki, "biz bu elanı görəndə şoka düşdük".

"Amma sonradan ev sahibləri və orada işləmiş dayələrlə söhbətlər apardıq və başa düşdük ki, deyilənlər inandırıcı səslənir" - deyib Richard Conway.

O ümid etdiyini bildirib ki, bu nəzakətli ailə istədiyi işçini tapa biləcək.

Conway etiraf edib ki, o, müxtəlif evlərdəki qəribə hallar barədə çox eşidib, amma beləsi heç olmayıb.

Ev sahibləri isə israr edirlər ki, "ruhlar" hələ indiyədək heç kimə xəsarət yetirməyiblər. Sadəcə olaraq dayə bir qədər cəsarətli adam olmalıdır.

Fotonun müəllifi Getty Images
Image caption Enis Berberoğlu (solda) və Cumhuriyet qəzetinin Ankara bürosunun rəhbəri Erdem Gül (sağda).

Türkiyədə müxalifətçi millət vəkilinə 25 il iş veriblər

Türkiyə məhkəməsi müxalif CHP-dən millət vəkili Enis Berberoğlunu casusluq ittihamları ilə 25 il müddətinə azadlıqdan məhrum edib.

Berberoğlu ötən il bir sıra deputatların parlament toxunulmazlığı qaldırıldıqdan sonra məhkum edilən ilk CHP millət vəkilidir.

O Türkiyənin MİT kəşfiyyat təşkilatının Suriyaya silahla dolu maşınlar göndərdiyini iddia edən videonu müxalifət qəzetinə ötürdüyünə görə casusluqda ittiham olunub.

2015-ci ilin may ayında dünyəvi Cumhuriyet qəzetində dərc edilmiş məqalədə iddia olunurdu ki, Türkiyə dövlət təhlükəsizlik xidmətinə aid yük maşınları Suriya sərhədində yoxlanarkən onların içindən böyük həcmdə silahlar çıxıb.

Hökumət silahların Suriyaya göndərildiyini danıb və iddia edib ki, maşınların yükü humanitar yardımdan ibarət imiş.

CHP sədrinin müavini Engin Altay deyib ki, bu məhkəmə hökmü hakim AKP-yə qarşı çıxanları qorxutmaq məqsədi güdür.

"Bu hökm müxalifətin təhdid edilməsi üçündür. Bu, AKP-dən narazı olanların hamısının təhdid edilməsi üçündür" - deyib Altay İstanbuldakı Çağlayan ədliyyə binasının qarşısında.

O bildirib ki, bu hökm Türkiyədə ədliyyənin hökumətin icra orqanlarının əmri altında olduğunu göstərir.

Cumhuriyet qəzetindəki məqalədən sonra, 2015-ci ildə prezident Recep Tayyip Erdoğan yük maşınlarının Milli İstixbarat Təşkilatına (MİT) məxsus olduğunu etiraf etmişdi, lakin bildirmişdi ki, maşınlar Suriya prezidenti Əsədə və İŞİD-ə qarşı döyüşən türkmanlara yardım aparırmış.

O qəzetin ovaxtkı baş redaktoru Can Dündar bə Ankara bürosunun rəhbəri Erdem Gül də daxil Cumhuriyet jurnalistlərini Türkiyənin beynəlxalq reputasiyasını ləkələməkdə ittiham etmiş və Dündarın "ağır bədəl ödəyəcəyi" barədə təhdid səsləndirmişdi.

Dündar və Gül ötən il bu işlə əlaqədar dövlət sirlərini yaymaq ittihamı ilə azı beş il müddətinə azadlıqdan məhrum edilmişdilər, lakin indi prokuror onlara əlavə olaraq 10 il də iş kəsilməsini istəyib.

İnsan haqları qrupları Türkiyədə azadlıqların üzərinə miqyaslı hücumlara görə prezidenti Erdoğanı kəskin tənqid edir.

Türkiyədə dövlət çevrilişi cəhdindən indiyədək 50 min insan həbs edilib və daha 150 min nəfər saxlanıb.

Fotonun müəllifi Getty Images

Tütün şirkətləri anaşa istehsalına keçir

"The İndependent" yazır ki, siqareti tərgidənlərin sayının artmaqda olduğu bir vaxtda Britaniyanın tütün nəhəngi Imperial Brands milyardlarla funt sterlinq gəlir gətirəcək başqa bir zavodun tikintisini planlaşdırır. Bu zavod… anaşa buraxacaq.

Öz adındakı "tobacco" sözünü 18 ay bundan əvvəl silmiş Imperial yeni istehsalat sahəsi üzrə direktor vəzifəsinə tibb məqsədli kənaf eksperti Simon Langelier-i dəvət edib.

Karyerasının 30 ilini rəqib Philip Morris şirkətinin sədri vəzifəsində keçirmiş bu ekspert həm də Kanadanın PharmaCielo firmasının rəhbəridir. Bu firma tibbi kənaf yağının istehsalı ilə məşğul olur.

Bu arada ABŞ boyunca müxtəlif ştatlarda narkotik bitki olan kənaf və ondan istifadəyə dair yeni qanunların qəbulu davam edir.

Onlarca ştat anaşadan tibbi məqsədlərlə istifadəyə icazə verir və bir neçə ştatda anaşadan fərdi istifadə qanuniləşdirilib.

Beləliklə, ABŞ-da kənafın federal səviyyədə qanuniləşdirilməsi indi reallıq kimi görünür.

Bununla belə, Imperial şirkətinin sədri Mark Williamson öz bəyanatında hələlik kənafın kommersiya məqsədilə istehsalından bir söz deməyib.

Belə söhbətlər də var ki, tütün şirkətləri öz təcrübələrindən istifadə etməklə gələcəkdə kənafın yetişdirilməsinə və kütləvi anaşa istehsalına keçəcəklər.

Cowen & Co. firmasının təxminlərinə görə istehlakçılar bu onillikdə 50 milyard dollarlıq anaşa alacaqlar. Hesablamalara görə bu narkotik bitkinin kütləvi becərilməsi California ştatına ildə 5 milyard dollar əlavə gəlir verə bilər.

Məqalədə deyilir ki, cənab Langelier yaxın gələcəkdə Imperial-ın elektron siqaretlərin və başqa nikotinsiz məmulatların istehsalına keçməsinə kömək edə bilər.

Imperial bu vaxtadək elektron siqaret istehsalına investisiya yatırsa da, tütün qızdıran başqa avadanlıq sahəsinə baş vurmayıb.

Məsələn, Philip Morris tütünqızdıran vasitələrin yeni nəslinin istehsalına başlayıb.

Imperial şirkəti hazırda bu texnologiyanın Yaponiya xaricində nə qədər sərfəli olacağı üzərində araşdırma aparır. Yaponiya elektron siqaretlərin və tütünqızdıran ləvazimatın ən böyük bazarıdır.

Ümumiyyətlə isə, bu nikotinsiz məmulatlar, onların istehsalına başlandığı 2 ildə siqaret bazarının 7, 1 faizini təşkil edib.

Bu barədə daha geniş