Britaniya mətbuatı: Zəngin əcnəbilərin bahalı London mülkləri evi yananlara verilə bilərmi?

Fotonun müəllifi PA

Zəngin əcnəbilərin bahalı London mülkləri evi yananlara verilə bilərmi?

"The İndependent" qəzetinin oxucu rəyləri üzrə redaktoru Kirsty Major yazır ki, Londonun Grenfell Tower göydələnində baş vermiş dəhşətli yanğında evlərini itirənlər müvəqqəti olaraq idman mərkəzində yerləşdiriliblər.

Onların döşəmə üstündə yata bilmələri üçün yorğan-döşək paylanıb, lakin elə yanan binanın bir addımlığında, Londonun 1399 mülkündə heç kim yaşamır. Pəncərələri pərdəli, qapıları qıfıllı bu evlər 664 milyon funt dəyərində "yatan investisiyadır". Bu mənzillərdən heç birini evi yanan ailələrə təklif etməyiblər…

Əksinə, yazır müəllif, bu bahalı mülklərin belə yaxınlıqda yerləşməsi o deməkdir ki, evləri yananlara təzə mənzillərini dəbdəbəli Kensington və Chelsea rayonundan kənarda, ucqarlarda verəcəklər. Beləliklə, bu adamlar evlərini iki dəfə itirmiş olacaqlar.

Məqalədə deyilir ki, London dünyada evlərinə dəyərindən çox şişirdilmiş qiymət qoyulan şəhərlərindən biridir. Bu ona görə belədir ki, burada ev alanlar onu gələcək investisiya kimi nəzərdə tuturlar. Evləri alırlar və onlar əsasən boş qalır.

Hazırkı şişirdilmiş qiymətlərə görə Kensington və Chelsea rayonunda adi bir mülk orta hesabla 4.3 milyon funt sterlinqədir.

Təbiidir ki, sosial təminat sistemi ehtiyacı olanlara bu bahalıqda mülkləri verə bilməz. Halbuki dəbdəbəli rayonda 1970-ci illərdə tikilmiş həmin yanan binada mənzillərini sosial təminat sistemindən alanlarlar yaşayırdılar.

Əksinə Londonun mərkəzindəki bu rayonun sosial-təminat sisteminin balansında olan evlər sürətlə zənginlərə satılır, evə ehtiyacı olan imkansızlar isə şəhərin ucqalarına yerləşdirilir.

Təsadüfi deyildir ki, proqnozlara görə Kensington rayonundakı evlərin 97 faizi yaxın aylarda zəngin müştərilərə satılacaq.

Məqalənin sonunda jurnalist sual edir: "Yüzlərlə evsiz sakinlə üzləşən yerli icra hakimiyyəti indi nə edəcək? Onları bu hədsiz kədərli vaxtlarında dostlarından və ailələrindən ayırıb ucqarlara göndərəcək, yoxsa həmin o boş, investisiya üçün alınmış mülkləri onlara yeni ev edəcək?.."

Fotonun müəllifi NSSC

Alimlər internetin yeni növünü yaradırlar

"The Guardian" yazır ki, alimlər tamamilə yeni tipli internetin yaradılmasına doğru nəhəng addım atıblar.

Qlobal kvant interneti adlanacaq yeni sistemin əsasını yerüstü stansiyalara min kilometrlik məsafədən "işıq zərrəcikləri" tuşlayan süni peyk təşkil edəcək.

Bu sistem atoma daxil daha kiçik elementlərin bir-birinə uzaq məsafədən, hətta planetimizin əks tərəfindən "bağlana bilmək" qabiliyyətinə əsaslanır.

Alimlər inanırlar ki, zərrəcikləri bu sayaq bir-birinə bağlamaqla şifrələnmiş informasıyanı kvant şəbəkəsi vasitəsilə bir yerdən başqa yerə ötürmək mümkün olacaq. Belə informasiyanı hazırkı internetdə olduğu kimə deşifrə və dekod etmək mümkün olmayacaq.

Çinin Hefey şəhərindəki Elm və Texnologiya Universitetinin professoru Jian-Wei Pan deyib ki, belə bir şeyi reallıqda nümayiş etdirmək onun 2003-cü ildən indiyədək ən böyük arzusu olub.

"Bir çoxları düşünürdülər ki, bu, divanə və əlçatmaz bir ideyadır" - deyib alim.

Bu elmi iş, bir-birinə kvant fizikasının qəribə qanunları ilə bağlı qoşa fotonların uzaq məsafəyə göndərilməsi sahəsində əvvəlki dünya rekordunun üstündən xətt çəkir. Kvant fizikasının "bu qəribə" xasiyyətini ilk dəfə Einstein müşahidə edib.

İndiyədək alimlər bir-birinə bağlı fotonları yalnız 105 kilometr məsafəyə ötürə bilirdilər. Bu, satellit vasitəsilə həyata keçiriləcək məsafənin onda birini təşkil edir.

Cənab Pan deyib ki, bu qlobal kvant şəbəkəsinin yaradılması sahəsində ilk, lakin böyük addımdır.

"Bundan əvvəlki metodlar 100 kilometri aşmırdı və yalnız bir şəhərin miqyasında istifadə oluna bilərdi" - deyib alim.

Belə bir eksperiment aparılması dünyanın ilk kvantla təchiz edilmiş kosmik gəmisi - Çinin Micius adlı süni peykinin orbitə çıxarılması zamanı mümkün olub. Gəmi Çin üzərində yüksəlməkdə ikən satellit bir-birinə kvant bağlantısı ilə bağlı foton cütləri yaradıb.

Bundan sonra bu fotonlar eyni vaxtda yerdəki Delinqa, Lijianq və Nyanşan stansiyalarına transmissiya edilib. Hər bir cüt yerdəki stansiyalaradək 1995 kilometrlik məsafə qət edib. Təcrübənin detalları Science jurnalında dərc edilib.

Pan deyib ki, məlumatı gizli saxlamaq üçün hazırda tətbiq olunan şifrələmə mürəkkəb riyaziyyata əsaslanır və bunu da hakerlər sındıra bilirlər.

Alimin fikrincə, əgər gələcəkdə qlobal kvant şəbəkəsi yaratmaq mümkün olsa, bu sistem fizika qanunları ilə işləyəcək və daha etibarlı şifrələmə imkanı verəcək.

"Bu, bütün bəşəriyyət üçün faydalı bir iş olacaq" - deyib alim.

Colorado ştatının Bulder şəhərindəki Milli Standartlar və Texnologiyalar İnstitunun fiziki Martin Stevens deyib ki, bu təcrübə onu valeh edib. Alim deyib ki, belə eksperimentləri hətta qapalı laboratoriyalarda da aparmaq asan iş deyildir, o ki, qaldı bir-birindən aralı yerlər arasında saatda min kilometrlərlə uçan raketdən həyata keçirilə. Belə bir şey heyrətamizdir.

2015-ci ildə Stevens kilidli fotonları optik liflərlə 105 kilometrlik məsafəyə göndərmişdi. Bu, qonşu şəhərlər arasında kvant rabitəsi üçün kifayət məsafədir. Lakin məsafə uzandıqca siqnal optik lifdə tədricən zəifləyirdi. Fotonların süni peykdən göndərilməsi isə daha əlverişlidir, çünki onda yolun böyük hissəsi fəza ilə keçilmiş olur.

Vyana Kvant Elmi Mərkəzindən Anton Zeilinger də deyib ki, söhbət ümumdünya kvant şəbəkəsinin yaradılmasında çox böyük addımdan gedir.

Alim bunu da əlavə edir ki, kvant şəbəkəsinin yaradılması zamanı böyük məsafələr əsas məsələdir. Belə məsafələri şüşə liflərlə qət etmək mümkün deyil.

Zeilinger deyir ki, təcrübənin peykdən aparılması böyük nailiyyətdir.

Zeilinger hazırda doktor Pan-la birlikdə qitələrarası kvant şəbəkəsinin yaradılması üzərində işləyir.

Fotonun müəllifi PA

İkidilli uşaqların beyni daha yaxşı işləyir

"Metro" qəzeti yazır ki, yeni elmi araşdırma uşaqların iki dildə danışmasının, yəni diqlot və ya bilinqual olmasının daha bir faydasını aşkar edib.

Məlum olub ki, ikidilli uşaqlar, yalnız bir dildə danışan yaşıdlarından daha qavrayışlı olurlar.

Məsələn, onlar başqalarını daha yaxşı eşidir, kimin hansı ləhcədə danışmasını daha dəqiq müəyən edirlər.

New York Universitetinin Steinhardt Mədəniyyət, Təhsil və İnsan İnkişafı Məktəbinin alimi, professor Susannah Levi deyir ki, ikidilli uşaqlar hətta dilin özünə aid olmayan informasiyanı da daha yaxşı qavraya bilirlər.

Məsələn onlar danışanın kim olduğunu daha tez müəyyən edə bilirlər ki, bu da kommunikasiyada çox mühüm amil sayılır.

Bu elmi təcrübəni apararkən 50-dək uşağı iki qrupa bölüblər. Birinci qrupa yalnız ingiliscə danışan, ikinci qrupa isə ingilis dilindən başqa gündəlik əsasda iki dildə danışan uşaqlar daxil edilib.

Bundan sonra onlara tanımaqdıqları dildə müxtəlif sözlərin səs yazısı dinlətdirilib.

İkinci qrupa daxil uşaqlar səslənən sözlərin mənasını başa düşməslər də, danışanın kim olduğunu birdilli uşaqlardan daha tez və daha dəqiq müəyyən ediblər. Sözləri oxuyan üç aktyoru uşaqlar əvvəlcədən tanıyırdılar.

Uşaqların göstərdiyi nəticələr onların yaşları artdıqca yaxşılaşıb, bu isə o deməkdir ki, qavrama prosesi insan yaşa dolduqca işkişaf edir.

Alimlərin gəldiyi əsas praktik nəticə isə budur ki, ikidilli olmaq, birdilli olmaqdan daha faydalıdır.

Belə bir söz var ki, "iki baş bir başdan yaxşıdır". İndi isə bəlli olub ki, elə iki dil də, bir dildən daha yaxşıdır.