ABŞ koalisiyası Suriya ordusunun təyyarəsini vurub

ABŞ-ın F/A-18E Super Hornet Fotonun müəllifi Getty Images
Image caption F/A-18E Super Hornet təyyarəsi

ABŞ başda olmaqla koalisiya qüvvələri Raqqa əyalətində Suriyanın hərbi təyyarəsini vurub yerə salıb, Pentagon təsdiqləyib.

SU-22 bombardmançı döyüş təyyarəsi ABŞ tərəfindən dəstəklənən Suriya Demokratik Qüvvələrin (SDQ) yerləşdiyi əraziyə zərbə endirdikdən sonra F/A-18E Super Hornet təyyarəsi tərəfindən vurularaq yerə salınıb, Pentagon bildirib.

İlk dəfədir ki, Suriya münaqişəsində ABŞ koalisiyası Suriya təyyarəsini məhv edib.

Suriya bu hərəkəti "kobud hücum" kimi pisləyib və nəticənin "təhlükəli" ola biləcəyini qeyd edib.

Ayrı bir hadisədə isə, İran İnqilab Keşikçiləri Suriyanın şimalında İD qrupuna qarşı İran ərazisindən bir neçə raket zərbələri həyata keçirib.

"Güc nümayişi"

SU-22 ilə bağlı insident bazar günü Suriyanın Tabqa şəhəri yaxınlığında baş verib.

SDQ qüvvələri burada İD qrupu silahlılarına qarşı sonuncuların istehkamı sayılan Raqqa şəhərinə nəzarət uğrunda döyüşlər aparır.

1999-cu ildə Kosovo kampaniyasından bəri ilk dəfədir ki, ABŞ hərbi təyyarəsi hava döyüşü nəticəsində pilotlu təyyarəni məhv edir.

Pentaqonun bildirdiyinə görə, hökümətpərəst silahlılar SDQ dəstələrinə hücum edib və onları Cadin şəhərindən sıxışdıraraq çıxarıblar.

Hökümətyönlü qüvvələr Raqqa uğrunda döyüşlərdə iştirak etmir.

Onlar şəhərdən cənub-şərqdə yerləşən ətraf ərazilərdə İD qrupunu tutduğu mövqelərdən sıxışdırıb çıxarır.

ABŞ koalisiyası, Pentagonun bildirdiyinə görə, "güc nümayişi " göstərərək, Suriya hökümətyönlü qüvvələr önündə təyyarələr uçurdub.

Məqsəd, Suriya hökümət qüvvələrinin hücumunu əngəlləmək və sonra isə Dəməşqin müttəfiqi Rusiyaya müraciət edərək, atəşin dayandırlması və vəziyyətin de-eskalasiyasına səy göstərmək olub.

Pentagon bəyanatında bildirib ki, Suriya rejimi və ya Rusiya və digər müttəfiqləri ilə döyüşmək niyyətində deyil, lakin başçılıq etdiyi koalisiya qüvvələrini və öz müttəfiqlərini hər hansı təhlükədən qorumaq əzmindədir.

Suriya dövlət televiziyasının məlumatına əsasən, Pentagon tərəfindən təyyarə İD qrupuna qarşı apardığı əməliyyat zamanı vurulub.

Məlumatda qeyd olunub ki, bu hadisənin terrorizmlə mübarizə səylərinə " təhlükəli təsiri" ola bilər.

Ordunun bəyanatında təyyarə pilotunun itkin düşdüyü qeyd edilib.

Hadisə ilə bağlı, Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib ki, "bütün ölkələr Suriyanın suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır".

Lakin BBC-nin Moskva müxbiri Steve Rosenberg qeyd edir ki, Rusiyanın,prezident Bəşər Əsədi qətiyyətlə dəstəklədiyini nəzərə almaqla, Lavrovun reaksiyası kifayət qədər təmkinli görünür.

___________________________________________________________________________________________________________

ABŞ koalisiyası Suriya təyyarəsini ilk dəfədir ki vurmağına baxmayaraq, tərəflər arasında insidentlərin sayı artmaqdadır:

  • Bu ayın əvvəlində ABŞ, Suriya hökümətyönlü qüvvələrinin pilotsuz təyyarəsini, həmin aparat koalisiya qüvvələrini atəşə tutduqdan sonra vurub yerə salıb. Hadisə Suriya-İraq sərhədi yaxınlığında baş verib.
  • May ayında ABŞ koalisiyası təyyarəsi Suriya hökümətyönlü qüvvələrin karvanını bombalayıb. Xəbərlərə görə, həmin karvan Qərb qüvvələri və üsyançı döyüşçülərin mövgelərinə doğru hərəkət edirmiş.
  • Aprel ayında ABŞ 59 Tomahawk raketi ilə Suriyanın Şəyrət aviabazasına zərbə endirib. İddia edildiyinə görə, Suriyada İdlib əyalətində üsyançıların olduğu ərazilər güman edildiyi kimi, kimyəvi silah hücumuna məruz qaldıqdan sonra, ABŞ Suriya hökümətinə məxsus hərbi hava bazasına raket hücumu həyata keçirib.
  • 2016-cı ilin sentyabr ayında ABŞ koalisiyası təyyarələri İD qrupu hədəflərini vurmaq əvəzinə Suriya ordusuna hava zərbəsi endirib. ABŞ həmin insidentə görə üzr istəyib. Rusiya, insident nəticəsində 62 Suriya hərbçisinin öldüyünü bildirib.

Bazar günü İran İnqilabı Keçikçiləri "yer-yer" tipli ortamənzilli raketlərlə İranın qərbində yerləşən ərazidən Deyr əz-Zur əyalətində yerləşən İD qrupu qüvvələrinin qərargahına və iniharçıların hücumunda istifadə edilən avotomobillərin yığıldığı əraziyə raket zərbəsi endiriblər.

Keşikçilər zərbə nəticəsində "xeyli sayda" silahlıların öldüyünü. Avadanlıq və silahın sıradan çıxarıldığını qeyd edib.

Bu zərbənin İD qrupunun İran parlamentinə hücumu təşkil etməsi bəyanatına cavab olduğu güman edilir.

Həmin hücum bu ayın əvvəlində törədilmişdi və nəticədə onlarla adam həlak olmuşdu.

"Günahsız adamların qanının axıdılması cavabsız qalmayacaq", Keşikçilərin bəyanatında qeyd olunmuşdu.

İran, Suriya prezidenti Bəşər Əsədin mühüm müttəfiqlərindən biridir. Irandan Suriyaya minlərlə "könüllü" qoşun qüvvəsi və hərbi müşavirlər göndərilib.

Bu barədə daha geniş