Britaniya kəşfiyyatı: WannaCry virusu Şimali Koreya-dan göndərilib

kompüter ekranı Fotonun müəllifi Getty Images
Image caption WannaCry virusu Şimali Koreyailə bağlı ola bilər

Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi (NCSC) may ayında 150 ölkədə hökumət, səhiyyə və özəl şirkətlərə aid 200,000-dən çox kompüterin işinə təsir göstərmiş WannaCry virusunun Şimali Koreya-dan göndərildiyini bildirib.

Bu barədə BBC-ə NCSC-dəki mənbələr bildirib.

NCSC WannaCry virusu ilə bağlı aparılan beynəlxalq istintaqa başçılıq edir.

"Kaspersky Lab" və Symantec şirkətləri bundan əvvəl bildirmişdilər ki, WannaCry hücumunun arxasında Lazarus qrupu dayana bilər.

May hücumunun arxasında Lazarus hakerlərinin durduğu ehtimalını bir qədər əvvəl ABŞ xüsusi xidmət orqanları da irəli sürmüşdü.

İndi bu qənaətə Britaniya ekspertləri də gəlib.

Lazarus qrupu eləcə də, Hidden Cobra və Guradians of the Peace adlarından da istifadə edir.

Qərbdə hesab edirlər ki, bu qrup Bureau 121 adı ilə tanınan Şimali Koreya kəşfiyyatının kiber şöbəsi ilə bağlıdır.

Bu şöbə barədə BBC-ə 2015-ci ildə Şimali Koreyadan qaçmış informatika professoru Kim Heung-Kwang danışıb. Onun sözlərinə görə, həmin şöbədə 6 minə yaxın "hərbi haker" çalışır.

Onlar rabitə xətləri və peyklərə kiber hücumlar təşkil etməklə məşğuldur.

Həmin mənbəyə əsasən, Bureau 121 Şimali Koreya hökümətinin prioritet layihələrindən biridir.

Qərb ekspertləri Lazarus qrupunu Bureau 121-in tərkib hissəsi sayır.

Güman edildiyinə görə, 2014-cü ildə Sony Pictures kino şirkətinə edilmiş hücumun arxasında məhz bu qrup dura bilərdi.

Sony Pictures-in həmin ildə çəkdiyi Müshaibə filmində Şimali Koreya liderinin qətlə yetirilməsi səhnəsi təsvir olunmuşdu.

Keçən il Asiya Mərkəzi banklarına edilmiş hücumun da Lazarus qrupu tərəfindən təşkil edildiyi güman olunur.

O zaman hakerlər həmin banklardan 101 milyon dollar çıxararaq başqa ölkələrə köçürmüşdülər.

Wannacry kompüter fayllarını bloklayaraq istifadəçidən faylların açılması üçün 300 dollar ödəniş tələb edir.

Bu barədə daha geniş