"Avstraliyanın Guantanamo Körfəzi" qaçqınlarını nə gözləyir?

Australia, Manus Island, detention Centre Fotonun müəllifi Reuters
Image caption Qaçqınlar deyir ki, Manus Adası sığınacağında vəziyyət çox pisdir

Papua Yeni Qvineyanın Manus Adasında Avstraliya tərəfindən saxlanılan sığınacaq axtaranlar tarixi bir təzminat ilə təltif olunsalar da, onları nələrin gözlədiyini bilmirlər.

Avstraliya hökuməti təzminatı "kifayət" hesab etsə də, saxlanılanlar onu "yetərsiz" adlandırır.

İnsan haqları üçün qələbə hesab olunan bu hadisə ilə bağlı Avstraliya hökuməti, Manus adasında saxlanılan sığınacaq axtaranlara qarşı "alçaldıcı və qəddar" münasibətə görə 70 milyon Avstraliya dolları təklif edib.

Lakin, qaçqınlar məbləğin ən sadə insan haqlarını - ifadə və hərəkət azadlığı - təmin etmədiyini deyirlər.

"Avstraliyanın Guantanamo Körfəzi"

Fotonun müəllifi Reuters

Sudanda baş verən qanlı müharibədən qaçan Əbdül Əziz Məhəmməd, Avstraliyaya İndoneziyadan gəlib. Dənizdə yaxalandıqdan sonra o, digərləri ilə birgə Manus Adasındakı təcridxanaya gətirilib.

Əziz BBC-ə deyib ki, Avstraliya hökuməti nəhayət ki, vəzifə borcunu yerinə yetirməyərək gücsüz insanlara qarşı cinayət törətdiyini etiraf edib.

"Bizə Guantanamo Körfəzindəki dustaqlardan belə pis davranılıb. Bunu Avstraliyanın Guantanamo Körfəzi haqqında deyə bilərəm."

"Əgər hərəkət azadlığımız təmin olunmursa, bu pul nəyimizə gərək?!"

Qaçqınlar bildirirlər ki, Avstraliya hökuməti həbsxanadakı baxımsız şərait haqqında həqiqəti deyib.

Fəqət, Avstraliyanın Miqrasiya üzrə naziri Peter Dutton deyib ki, təzminat, öhdəliyin qəbulu mənasına gəlmir və uzun məhkəmə prosesinin hüquqi xərclərini qarşılamaq məqsədi ilə təklif olunub.

Növbədə nədir?

Həbsxanadakı qaçqınları nəyin gözlədiyi hələ ki bəlli deyil.

Qaçqın Hərəkatı Koalisiyasında Ian Rintoul kimi fəallar qaçqınların həyatının təhlükədə olduğundan narahatdırlar.

"Manus qubernatoru bildirib ki, qaçqınların burada yerləşməsinə icazə verilməyəcək. Qaçqınlar hücumlara qarşı gücsüz olaraq qalırlar. Oğurluq və döyülmə hələ də adi haldır."

Avstraliya hökuməti bildirib ki, onlar Avstraliyaya buraxılmayacaqlar.

Manus adası təcridxanası isə 2017-ci ilin oktyabrına kimi bağlanacaq.

Bəs qaçqınlar hara getsinlər? Nə Papua Yeni Qvineya, nə də Avstraliya hökumətləri bu haqda bir söz deməyiblər.

Əziz kimi qaçqınlar, Avstraliya hökumətinin BMT-in qaçqın təşkilatı olan BMTQAK-ya işə müdaxiləsi üçün icazə verməsini və onları başqa yerə göndərməsini istəyirlər.

Səyahət sənədlərinin çatışmazlığı

Fotonun müəllifi AFP

Manusda saxlanılan 1905 nəfərdən yalnız 400-dən ABŞ-da yerləşmə ilə bağlı müsahibə alınıb, lakin, hələ heç bir qərar verilməyib.

Əziz və adının gizli saxlanmasını istəyən digər iranlı qaçqın BBC-ə deyib ki, onlara gərəkli səyahət sənədi verilməlidir ki, hərəkət azadlıqları təmin olunsun və onları qəbul etməyə razı olan başqa ölkələrə gedə bilsinlər.

Qaçqın hərəkatı qruplarına əsasən, onlar ya Papua Yeni Qvineyada yerləşmək seçimini qəbul etməli, ya da başqa yerdən gələcək sığınacaq təklifinə ümid etməlidirlər.

İddiaları rədd olunan sığınacaq axtaranlardan Papua Yeni Qvineyanı tərk etmək istənilib, əks halda adadan zorla çıxarılacaqlar.

Əlaqəli mövzular