Britaniya mətbuatı: Kişilər küçədə qadınlara niyə sataşırlar?

Fotonun müəllifi Reuters

Trump vəzifəsini itirmək qorxusundan, İranla münaqişəyə girə bilər?

"The Guardian" yazır ki, ABŞ qüvvələri ötən ay Suriyada İran tərəfindən dəstəklənən qüvvələrə üç dəfə zərbə endirib və bəzi müşahidəçilərin fikrincə, artmaqda olan bu gərginlik "planlaşdırılmayan" münaqişəyə yol aça bilər.

Məqalədə deyilir ki, sözü gedən üç hadisə Suriya, İraq və İordaniya sərhədlərinin birləşdiyi əl-Tənf məntəqəsi yaxınlığında baş verib. Burada 150-dək Amerika əsgəri İŞİD-ə qarşı döyüşən yerli qüvvələrə təlim verir. Əsəd rejimini müdafiə edən yaraqlılar ABŞ qüvvələrinin zərbəsinə məhz bu məntəqəyə yaxınlaşdıqda məruz qalıblar.

"The Guardian" yazır ki, zərbəyə məruz qalan qüvvə əsasən Suriya və İraq şiələrinin qarışığından ibarət idi. Ola da bilər ki, bu qüvvənin tərkibində İran İnqilab Keşikçilərinin komandirləri də olub.

Məqalədə deyilir ki, inqilab keşikçiləri "öz barmaq izlərini itirməyə çox da cəhd göstərmirlər". Amerika zərbəsinin endiyi yerə Qüds korpusunun komandanı Qasem Süleymaninin özü gəlib və hətta bu burada şəkil də çəkdirib.

Beləliklə, şərqi Suriya ABŞ və İran qüvvələrinin getdikcə daha tez-tez toqquşduğu əraziyə çevrilir. Elə Yəməndə və Hörmüz boğazı rayonunda da ABŞ və İran qarşı duran tərəflərdədir.

Ötən çərşənbə günü İranın hərbi gəmisi boğazdan keçən ABŞ flotiliyasının 730 metrliyinə yaxınlaşıb, üstəlik Amerika gəmisinə projektor salıb və lazer tuşlayıcısını gəmidəki helikopterə yönəldib. ABŞ rəsmiləri bu hərəkəti "qeyri-peşəkar və təhlükəli" adlandırıblar.

"The Guardian" yazır ki, dar Hörmüz boğazında belə qarşıdurmalar yeni bir hal deyil, lakin onların məzmunu indi yeni məna kəsb edib. Hazırda ABŞ-da xaotik, lakin İrana münasibətdə sərt administrasiya var.

Üstəlik Obamanın vaxtında Washington və Tehran arasında yüksək səviyyədə qurulmuş kommunikasiya xətti bağlanıb. Donald Trump-ın ritorikası anti-İran xarakteri daşıyır. O özünün ilk xarici səfərini Səudiyyə Ərəbistanına etməklə Tehranla düşmənçiliyini nümayiş etdirib.

Trump, Tehranıın təsirini, İŞİD və Əl-Qaeda ilə birlikdə qlobal təhlükə adlandırıb. Hətta iyunun 7-də Tehranın özü terror basqınına məruz qalanda da Trump yenə də İranı ittiham edib.

Milli İran-Amerika Şurasının başçısı Trita Parsi "Düşməni itirmək: Obama, İran və diplomatiyanın təntənəsi" kitabının müəllifidir.

O deyir ki, Trump Səudiyyəyə səfər edib orada İranın tamamilə təcrid ediləcəyini bəyan etməklə Tehranla hər hansı dialoqun pəncərəsini bağlamış olub.

Parsi bu qənaətdədir ki, Trump İranla eskalasiyanı bilərəkdən artırır.

"The Guardian" yazır ki, Trump seçki kampaniyasında vəd etdiyi kimi İranla nüvə sazişini "cırıb tullamasa" da, Tehranın üzərinə hücumlarını dayandırmayıb, respublikaçıların çoxluq təşkil etdiyi Konqres isə İrana qarşı yeni sanksiyaların qəbuluna çalışıb.

İranla nüvə sazişinin imzalanmasında əhəmiyyətli rol oynamış şəxs - Obama administrasiyasının vəzifəli rəsmisi Robert Malley deyib ki, bu saat dünyada ən təhlükəli üç yer var: "Şərqi Suriya ilə Qərbi İraq arasındakı sərhəd, Yəmən və bir də ABŞ Konqresinin iclas zalları".

Malley deyib ki, hələlik iranlılar bütün bu təzyiqləri büruzə verməməyə, görməməziliyə vurmağa çalışırlar, amma bir gün ali rəhbərin də səbir kasası daşa bilər.

Trump administrasiyası bildirir ki, hazırda İran siyasətinin işlənib hazırlanması gedir, lakin dövlət katibi Rex Tillerson ötən həftə Senatdakı çıxışında tamam başqa cür danışıb.

O deyib ki, ABŞ İranın içindəki qüvvələrlə işləyib orada dinc hakimiyyət dəyişikliyinə nail olmalıdır.

Tillerson "dinc" sözünü işlətsə də, bu sözlər iranlıların qulağında Bush zəmanəsinin ritorikası kimi səslənir.

Amma hər halda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif zarafatından qalmayıb. O Tvitter postunda yazır ki, Trump İranda hakimiyyət dəyişikliyinin fikrini çəkincə, öz postunu qorumağın qeydinə qalsa yaxşıdır.

"The Guardian" yazır ki, ABŞ-ın Avropadakı müttəfiqləri arasında da narahatlıq artmaqdadır. Narahatlıq bundandır ki, Trump administrasiyası üzərinə Rusiya təhqiqatı ilə bağlı təzyiq artdıqca, administrasiyanın da İrana münasibəti təhlükəli şəkil ala bilər.

Məqalədə deyilir ki, bununla belə, artmaqda olan gərginliyin heç də hamısı üçün Trump məsuliyyət daşımır. Suriya və İraqda formalaşan hərb meydanı İran və ABŞ-ı getdikcə daha çox toqquşmaya tərəf itələyir.

"The Guardian" yazır ki, hələlik gərginliyi buxovlayan - vahid düşmənin, İŞİD-in ortalıqda olmasıdır, lakin İŞİD məğlub edildikdən sonra bu buxovlayıcı element də yox olacaq.

ABŞ-ın keçmiş müdafiə rəsmilərindən Ilan Goldenberg deyir ki, hələlik İranın və ABŞ-ın dəstəklədiyi qüvvələr bir-birlərinə qarşı müəyyən dözüm nümayiş etdirirlər. Lakin İŞİD-dən sonra bu dözümlülük də başa çata bilər.

"The Guardian" yazır ki, ABŞ-ın cənub-şərqi Suriya səhrasında İŞİD-ə qarşı yeni cəbhə açmaq qərarı İranın maraqları ilə birbaşa toqquşur. Tehran Dəməşqdən Livana dəhliz açmaq istəyir və xəritədə bu dəhliz ABŞ qüvvələrinin olduğu əl-Tənfdən keçir.

Fotonun müəllifi Getty Images

Qadınlara yoxsul ölkələrdə daha çox sataşırlar?

"Metro" qəzetində Ellen Scott yazır ki, "bir də görürsən işə və ya nahar fasiləsinə tələsdiyin vaxt tanımadığın bir kişi səni səsləyib, zahiri görünüşün barədə ədəbsiz bir kompliment edir".

"Əl-qolun yanına düşür. Özünü təhlükədə hiss edirsən. Bütün günün zəhərə dönür" - yazır xanım Scott.

Məqalədə deyilir ki, kişilərin qadınlara söz atıb, sataşması üçün elə bir ciddi səbəb də olmur. Onda onlar bunu niyə edirlər? Niyə bəzi kişilər düşünürlər ki, küçədə tanımadıqları qadına söz atmaq normal bir haldır?

Bu suala yeni araşdırma da cavab axtarıb.

Promundo və UN Women təşkilatları Mərakeş, Livan, Misir və Fələstində küçə qısnaması ilə bağlı 4830 kişi arasında rəy sorğusu aparıb.

Livanda kişilərin 31, Misirdə isə 64 faizi etiraf edib ki, ictimai yerlərdə qadın və qızlara qarşı seksual qısnama törədiblər. Qısnama dedikdə, bura söz atmaqdan tutmuş zorlamaya qədər bütün təcavüz növləri daxildir.

Ən maraqlısı isə budur ki, araşdırma küçədə qadınlara sataşanların əsasən orta məktəb təhsilli gənclər olduğunu göstərib. Bir qədər yaşlı və daha az savadlı kişilər adətən qadınlara sataşmaqdan kənar dururlar.

Qəzet yazır ki, deməli, adamların təhsili artdıqca cinsi tərbiyəsinin artmasına dair inanc o qədər də doğru deyil.

Tədqiqatçılar inanırlar ki, adı çəkilən ölkələrin küçələrində kişilərin qadınlara daha çox təcavüz etməsinin səbəbi onların təhsil səviyyəsi yox, ölkələrinin sabitsizliyi ilə əlaqədardır.

Belə ölkələrdə adətən iqtisadiyyat zəif, işsizlik isə böyük olur. Bu o deməkdir ki, bu ölkələrdə kişilərin üzərindəki təzyiq də böyükdür. Buna görə də onlar depressiyaya qapılır, ailələrini dolandıra bilmədikləri üçün xəcalət çəkirlər.

Araşdırmaçılar bu qənaətə gəliblər ki, evindəkilərin rifahını və dolanışığını təmin etməyən kişi, cəmiyyətdəki lazımsızlığının əvəzini belə çxıır.

Alimlərdən biri deyib ki, "ailələrinə sahib ola bilməyən kişilər heç olmasa küçədə özlərini hakimi-mütləq kimi görmək istəyirlər".

Misirli alim Şirin əl-Feki bildirir ki, müsəlman ölkələrinin küçələrində qadınlara söz atan, sataşan və təcavüz edənlərin böyük əksəriyyəti yoxsul və işsiz gənclərdir.

Rəy sorğusu zamanı onların böyük əksəriyyəti küçədə qadınlara "elə-belə, kef üçün" söz atdıqlarını bildiriblər.

"Metro" yazır ki, bu araşdırma hələlik yalnız spesifik coğrafiyalarda aparılıb və buna görə də bu sosial rüsvayçı halın bütün səbəbləri barədə qətiyyəli fikir söyləmək tezdir.

Alimlər deyirlər ki, belə bir araşdırmanın qlobal miqyasda aparılması mühümdür.

Amma araşdırma hər halda maraqlı bir faktı ortalığa çıxarıb. Küçələrdə qadın-qızlara bekarçılıqdan sataşan kişilər bunun qadınlara və ümumilikdə cəmiyyətə təsiri barədə heç vaxt düşünməyiblər.