Səudiyyə kralı oğlu Məhəmməd ibn Salmanı yeni vəliəhd təyin edib

Vəliəhd Məhəmməd bin Salman (solda) və şahzadə Məhmməd bin Nayif (sağda) Fotonun müəllifi AFP
Image caption Vəliəhd Məhəmməd bin Salman (solda) və şahzadə Məhmməd bin Nayif (sağda)

Səudiyyə Ərəbistanının kralı oğlu Məhəmməd ibn Salmanı taxt-taca növbədə birinci duran şahzadə statusuna layiq görüb.

Bundan əvvəl həmin səlahiyyətə kralın qardaşı oğlu Məhəmməd ibn Nayif sahib idi.

Kral Salmanın fərmanı, həmçinin nəzərdə tutur ki, 31 yaşlı şahzadə Məhəmməd bin Salman Müdafiə naziri olmaqla yanaşı, baş nazir müavini vəzifəsini də yerinə yetirməyə davam edəcək.

Dövlət mediasının yazdığına görə, 57 yaşlı şahzadə Məhəmməd bin Nayif eyni zamanda Milli təhlükəsizlik rəhbəri vəzifəsindən də azad edilib.

O, yeni vəliəhdə sədaqət andı içib.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Məhəmməd bin Nayefin yeni baş varis Məhəmməd bin Səlmana sədaqətini verib.

81 yaşlı kral Salman, atabir qardaşı mərhum kral Abdullanı 2015-ci ilin yanvarında taxtda əvəz edib.

Yeni kral hökümətdə dəyişiklərin olacağını bir neçə ay bundan əvvəl elan edərək şahzadə Məhəmməd ibn Nayifi vəliəhd, şahzadə Məhəmməd ibn Salmanı isə onun müavini təyin etmişdi.

Təhlilçilər hökümətdə son dəyişiklikləri Səudiyyədə 70-80-ci illərdə müşahidə edilən dövlət idarəçiliyi ənənəsində yenilik kimi qiymətləndiriblər.

Şahzadə Məhəmməd ibn Salmanın daha yüksək vəzifəyə təyin olunması gənc nəsil tərəfindən yenilik əlaməti kimi qiymətləndirilir.

Müdafiə naziri olaraq o, Səudiyyənin Yəmənə qarşı apardığı müharibəni yönləndirir və krallığın enerji siyasətinə rəhbərlik edir.

Şahzadə Məhəmməd ibn Nayif uzun müddət ərzində krallığın təhlükəsizliyinə cavabdeh olub və cihadçı silahlılara qarşı sərt mövqeyi ilə tanınır.

O, antiterror sahəsinə rəhbərlik edib və Səudiyyənin Qərb müttəfiqləri ilə, o cümlədən ABŞ və Britaniya ilə yaxşı əlaqələr qura bilib.


BBC-nin Yaxın Şərq redaktoru Jeremy Bowen-in təhlili

Bu, Səudiyyə Ərəbistanının varisliyində böyük dəyişiklikdir.

Əvəz edilən varis şahzadə Məhəmməd ibn Nayif, Səudiyyə Ərəbistanında əl-Qaidə tərəfdarlarına qarşı aparılan mübarizəyə rəhbərlik edirdi və çox hörmət qazanmış bir şəxsdir.

O nəinki kralın varisi, həm də daxili işlər naziri vəzifəsindən də azad edilib.

Taxtın yeni varisi şahzadə Məhəmməd ibn Salman şahzadə Məhəmməd ibn Nayifdən daha yüksək ictimai profilə sahibdir. Onun atası 81 yaşındadır və deyilənlərə görə, səhhətində problemlər var.

Şahzadə Məhəmməd ibn Salman artıq müdafiə naziri idi və iqtisadi islahatları idarə edirdi. Onun gənc yaşda üzərinə bu qədər öhdəliklər götürməsi ardıcıl olaraq qoca kişilər tərəfindən idarə olunmağa öyrəşən kral ailəsində yəqin ki, narahatlıq yaratmışdı.

İndiyədək onun ən mühüm vəzifəsi Səudiyyə Ərəbistanının Yəmən hərbi əməliyyatına rəhbərlik etməsidir.

Səudiyyə Ərəbistanının hərbi kampaniyası dinc əhalinin öldürülməsi də daxil olmaqla bir çox insan haqları pozuntularını törətməkdə təqsirləndirilib.

Fotonun müəllifi Reuters

BBC Təhlükəsizlik müxbiri Frank Gardner-in təhlili

31 yaşlı şahzadə Məhəmməd ibn Salmanın yüksəlişi müqayisəsiz olub.

Mən onunla 2013-cü ildə Ciddədə görüşəndə, o özünün sadəcə bir "vəkil" olduğunu demişdi. Bu gün, o, ərəb dünyasının ən güclü ölkəsinə rəhbərlik etməkdən sadəcə bir ürək döyüntüsü uzaqlığındadır.

Səudiyyə Ərəbistanın Yəməndəki ziyanlı və nəticəsiz hərbi əməliyyatına rəhbərlik etməsinə baxmayaraq, o vətənində, xüsusilə də gənclər arasında, çox populyardır.

Şahzadə Məhəmməd ibn Salman hökumətdə uzun illər nəticə vermədən vəzifələr tutmuş rəsmiləri Qərbdə təhsil almış gənc texnokratlarla əvəzləyib. O, bəlkə də həddindən artıq ambisiyalı "Vision 2030" islahat kampaniyasını başladıb və nəhəng dövlət neft şirkəti Saudi Aramco-nun bir qismini satmaq planını bəyan edib.

O, həmçinin Washington və Trump administrasiyası ilə əlaqələri möhkəmləndirib.

Lakin onun indiyədək ən mürəkkəb və riskli hərəkəti ölkədəkli mühafizəkar dini qüvvənin gücünü kəsmək cəhdidir. Washington bunu bəyənir, ancaq Səudiyyə Ərəbistanda bəziləri buna şübhə ilə yanaşır.


Əlaqəli mövzular

Bu barədə daha geniş