Britaniya mətbuatı: İsti gecələrdə kondisionersiz keçinməyin sadə fəndləri

Fotonun müəllifi Reuters

Merkelin britaniyalılara "ürəyi yumşalıb"

"Express" qəzeti yazır ki, Almaniya kansleri, zəhmli Angela Merkelin, nəhayət britaniyalılara ürəyi yumşalıb.

London və Brüssel arasında Britaniyanın Avropa İttifaqından çıxmasına dair danışıqların ilk günündə Almaniya başçısı deyib ki, "britaniyalıların arzu və gözləntilərinə diqqət və qayğı ilə yanaşmaq lazımdır".

Xanım Merkel Britaniyada keçirilmiş Avropa referendumundan sonra Londona qarşı ən sərt mövqe tutan ölkə başıçısı kimi tanınırdı.

Bu ilin əvvəllərində Angela Merkel demişdi ki, Avropa bundan sonra Birləşmiş Ştatlar və Britaniyaya güvənə bilməz və öz taleyini öz əlinə almalıdır.

Lakin bazar ertəsi 62 yaşlı kansler Rumıniya prezidenti Klaus Iohannis-lə birgə keçirdiyi mətbuat konfransında deyib ki, Avropa İttifaqının 27 üzvü onun sıralarını tərk edən Britaniyaya diqqətlə qulaq asmalıdır.

O bildirib ki, Britaniya ilə yaxşı danışıqlar və yaxşı saziş Avropanın da xeyrinədir. Bununla belə xanım Merkel məsələnin xırdalıqlarına varmayıb.

Merkel deyib ki, o bütün tərəflər üçün sərfəli sazişin əldə olunmasını istəyir.

Bu arada Aİ-nin başqa üzv ölkələri də baş nazir Theresa May-ə "yumşaq boşanma" üçün imkan verilməsinə tərəfdar çıxıblar.

Almaniyanın xarici işlər naziri Sigmar Gabriel deyib ki, Avropa, Londona Avropa Məhkəməsinin yurisdiksiyasından çıxış verilməsi də daxil bir sıra ciddi kompromislərə hazırdır.

O deyib ki, "yumşaq Brexit-ə" hələ də ümid var.

Bazar ertəsi Britaniyanın Brexit naziri David Davis və Avropa rəsmisi Michel Barnier arasında danışıqlar başalanıb.

Fotonun müəllifi Getty Images

Uçuşda doğulan uşağa ömürlük təyyarə bileti veriblər

"The İndependent" xəbər verir ki, Jet Airways hava yolları şirkətinin təyyarəsində, 10 min metr yüksəklikdə və vaxtından əvvəl doğulmuş oğlan uşağına həmin şirkətin ömürlük aviabileti verilib.

Uşaq Səudiyyə Ərəbistanının Dammam şəhərindən Hindistanın Koçin şəhərinə uçan sərnişin təyyarəsində doğulub.

Ananın ağrıları vaxtından əvvəl başlandığından təyyarənin marşrutu Mumbay şəhərinə dəyişdirilib. Hamilə qadının bəxti onda gətirib ki, təyyarədə doğuşları qəbul etmək üçün təlim görmüş həkim də olub.

Məqalədə deyilir ki, bu, qərargahı Hindistanda olan aviaşirkətin tarixində uçuş vaxtı ilk doğuş idi və elə buna görə də körpəni dərhal ömürlük təyyarə bileti ilə təltif ediblər.

Ümumilikdə isə ötən il ərzində uçuş vaxtı beş uşaq doğulub, amma onların heç birinin bəxti bilet sarıdan belə gətirməyib.

Bundan əvvəl təyyarədə uçuş zamanı doğulan uşağa istənilən istiqamətlərə və istənilən vaxt ömürlük pulsuz bilet 2009-cu ildə AirAsia şirkəti tərəfindən verilib. Bu uşaq Penanq şəhərindən cəmi iki saatlıq reys zamanı doğulmuşdu.

Ümumiyyətlə isə əksər hava şirkətləri göydə doğulan uşaqlara sevinirlər, çünki bu, bir növ onlar üçün reklama çevrilir.

Buna baxmayaraq hava şirkətlərinin heç də hamısı Jet Airways və AirAsia kimi səxavətli olmur.

Məsələn, Virgin Atlantic hava şirkəti uçuş vaxtı doğulmuş sərnişinə o yalnız 21 yaşına çatanadək pulsuz bilet verib.

Ötən il Cebu Pacific Air hava şirkətinin Dubay-Manila reysində dünyaya göz açan uşağa isə pulsuz bilet yox, bir milyon mil uçuş güzəşti veriblər.

1990-cu ildə British Airways şirkətinin Qana-London reysində doğulmuş Shona Owen-ə isə sadəcə olaraq 18-ci ad günü üçün birinci dərəcəli salona pulsuz bilet verilib.

2016-cı ildə havada doğulan başqa bir körpəyə şirkətin şərəfinə Jetstar adı verilsə də, Jetstar Asia şirkəti ona hədiyyə olaraq yalnız 1000 dollar verib.

Lakin ən böyük "simicliyi" Türk Hava Yolları şirkəti edib. Bu ilin aprel ayında şirkətin Qvineyanın Konakri şəhərindən Burkina Fasonun Uqaduqu şəhərinə uçan reysində doğulmuş körpə qəzet başlıqlarına çıxmışdı.

Amma şirkət ana və çağanın yalnız yerli xəstəxanaya aparılmasının pulunu ödəmişdi.

Fotonun müəllifi Getty Images

İsti gecələrdə sərin yatmağın üsulları

"The Telegraph" yazır ki, isti ölkələrdə adamlar gecələri rahat yata bilmək üçün kondisionerlərdən istifadə edirlər, amma Britaniyada əksər evlər ildə bir-iki qızmar günə görə belə bahalı avadanlığı quraşdırmır.

Buna baxmayaraq yayın qızmar bir-iki günündən də salamat çıxmaq lazım gəlir.

Ekspert Nick Littlehales dünyanın ən böyük idman ulduzlarına "yuxu məşqçilyi" edib.

O bildirir ki, gün ərzində günəşin çıxması və batması arasında temperatur dəyişir, lakin əgər biz gündüz kifayət qədər "istilənmişiksə", bu istilik "intuitive" olaraq canımızdan gecə də çıxmaq bilmir.

Məhz buna görə də isti gecələrdə sərin yatıb, şirin yuxuya getməyin bəzi sadə fəndlərini bilməkdə fayda var.

Pəncərələri bağlı saxlayın

Ekspert bildirir ki, yataq otağı isti yay gecəsinə gündüzdən hazırlanmalıdır.

Buna görə də gündüzün qızmar havasında yataq otağının pəncərə və pərdələrini bağlı saxlamaq lazımdır ki, isti hava axınları içəri girməsin.

Yataq otağını mümkün qədər qaranlıq saxlamaq lazımdır. Qaranlıq daha sərin hava deməkdir.

Sərinkeşin qabağına buz qoyun

"Mən bir idmançı tanıyırdım, o iki bir litrlik butulkanı su ilə doldurub, soyuducunun buzluğuna qoyar, sonra isə gecə yatmazdan əvvəl çıxarıb bir ləyəndə sərinkeşin qarşısında yerləşdirərdi. Beləliklə yataq otağında sərin küləklər əsərdi" - deyir Nick Littlehales.

"Qrelkadan" istifad edin

Apteklərdə satılan və elmi adı termorfor olan (Azərbaycanlılar onun adına çox vaxt elə rusca "qrelka" deyirlər) isti su tuluqlarından istifadə edin.

Adətən qış aylarında yatağı isti saxlamaq üçün istifadə edilən termorforlardan, isti yay gecələrində yatağı soyuq saxlamaq üçün istifadə etmək olar.

Sadəcə olaraq termorforun içinə buzlu su doldurub yatağa qoymaq lazımdır.

Balışı sərin saxlayın

Ekspert bildirir ki, bədən istiliyinin əksər hissəsi başdan gəlir və buna görə də isti yay gecələrində başın sərin olması mühümdür.

Bunun ən sadə yolu balışınızı soyuducunun buzluğunda saxlamaqdır.

"Bu üsul doğrudan da əla işləyir" - deyir ekspert.

Yorğanı bir tərəfə atın

Digər sadə üsul yorğanın və ya adyalın altında yox, adi döşəkağının altında yatmaqdır. Burası da var ki, tam çılpaq yatmaqdansa, döşəkağının altında yatmaq faydalıdır. Beləki, onda bədənin temperaturu daha yaxşı tənzimlənir.

Duş qəbul edin

Yatmazdan əvvəl soyuq duş qəbul edin ki, bədən temperaturunu sala biləsiniz.

Alkoqoldan kənar durun

Yay aylarında adətən bütün içkilər buzla içilir. Lakin alkoqollu içkilər hətta buzlu içildikdə də isti yay gecələrində yatmağa mane olur.

Yüngül xörəklər yeyin

Karbohidratlarla zəngin xörəklər (xəmir, düyü və sair) biz yatarkən də orqanizmimizdə həzm olunmaqda davam edir və bu prosesin özü daxili istiliyi artırır.

İsti yay axşamlarında salat və ya meyvə ilə kifayətlənmək daha yaxşıdır.