ABŞ-lı tələbənin vəfatından sonra Trump Şimali Koreyanı "qəddarlıqda" ittiham edib

Otto Warmbier Fotonun müəllifi Reuters

ABŞ prezidenti Donald Trump 15 aydan çox müddətə həbs edilmiş və azad edilmiş tələbənin vəfatından sonra Şimali Koreyanı "qəddar rejim" adlandırıb.

2016-cı ildə Şimali Koreyada "dövlətə qarşı cinayət"ə görə həbs edilən və ötən həftə ABŞ-a qaytarılan tələbə Otto Warmbier vəfat edib.

2016-cı ilin mart ayında oteldən təbliğat işarəsi oğurlamaqda təqsirli bilinən 22 yaşlı tələbəyə Şimali Koreyada 15 illik katorqa cəzası verilmişdi.

O, ötən çərşənbə günü Şimali Koreya türməsindən humanitar zəmində azad edilib. Bu zaman onun bir ildən artıqdır ki, koma vəziyyətində olduğu məlum olub.

Cənab Trump bildirib ki, cənab Warmbier-ə "çoxlu pis şeylər olub", amma əlavə edib ki, "ən azı biz onu valideynlərinə qaytara bildik, önun pis vəziyyətdə olmasına baxmayaraq valideynləri onu görməyə şad oldu".

Prezident Trump həmçinin bildirib ki, cənab Warmbier-in ölümü onun administrasiyasını kədərləndirib.

"ABŞ bir daha Şimali Koreyanın qəddarlığını pisləyir", o əlavə edib.

Şimali Koreya bildirib ki, tələbədə botulizm xəstəliyi aşkarlanıb. Amma Otto Warmbier-in ailəsi tələbənin Şimali Koreyada həbs zamanı "pis və əziyyətli rəftara" məruz qaldığını deyir.

Bir qrup ABŞ həkimi də Şimali Koreyanın versiyasını "mübahisəli" hesab edir. Sinsinnatidən olan həkim briqadası bildirib ki, onlar "botulizm əlaməti" tapmayıblar.

Həkimlər yoxlamalara əsasən təsdiq ediblər ki, saxlanılma zamanı tələbənin fiziki zorakılığa məruz qalması barədə əlamət yoxdur.

Cənab Warmbier ağır beyin zədəsi alıb. Onun necə xəstələndiyi məlum deyil.

Virciniya Universitetinin iqtisadiyyat fakültəsinin tələbəsi olan Otto Warmbier Şimali Koreyaya turist kimi gedib.

Hadisələrin xronologiyası

  • 30 dekabr, 2015-ci il - Cənab Warmbier tur qrupu ilə Pekindən Pxenyana gedib.
  • 2 yanvar, 2016-cı il- O, ölkəni tərk etməyə çalışarkən Pxenyan Beynəlxalq Hava Limanında saxlanılıb. Həmin ayın sonunda Şimali Koreya Cənab Warmbier-in "düşmənçilik aktına görə" həbs etdiyini açıqlayıb.
  • 16 mart, 2016-cı il- Cənab Warmbier Pxenyanda məhkəmə zamanı təbliğat plakatını oğurladığını etiraf edib və 15 il katorqa cəzasına məhkum edilib. Hesab olunur ki, o bu prosesdən qısa müddət sonra koma vəziyyətinə düşüb.
  • 2017-ci il, iyun ayının əvvəli- ABŞ rəsmiləri və cənab Warmbier-in valideynlərinə onun vəziyyəti haqqında məlumat verilib.
  • 13 iyun, 2017-ci il - O, Şimali Koreyadan azad edilib və ABŞ-a tibbi təxliyə olunub. Həkimlər deyir ki, o, ağır kəllə-beyin travması ilə üzləşib.
  • 19 iyun, 2017-ci il - Cənab Warmbier vəfat edib.

Prezident Donald Trump tələbənin ölümü ilə bağlı bildirib: "Birləşmiş Ştatlar son qurbana kədərlənərək bir daha Şimali Koreya rejiminin qəddarlığını pisləyir".

Bu barədə daha geniş