Warmbier-in ölümü: Adamlar bundan sonra da Şimali Koreyaya səyahət edəcəklərmi?

Military parade in Pyongyang Fotonun müəllifi Reuters
Image caption Şimali Koreyaya turist səfərləri ciddi sual altındadır

Şimali Koreyaya səyahət adi turizmdən daha çox macəra və həyacan axtaranların sevimli marşrutu olub.

Həm də turizm qapalı ölkənin xarici aləmlə açıq qalan bir-iki qapısından biridir.

Lakin ABŞ-lı tələbə Otto Warmbier-in ölümündən sonra Şimali Koreyaya səyahət etmək istəyənlər yaxşıca götür-qoy etməli olacaqlar: dünyanın ən məxfi ölkələrindən birinə səfər etməyin risklərinə dəyərmi?

Şimali Koreyada təbliğat lövhələrindən birini oğurlamaqda ittiham olunaraq saxlanan 22 yaşlı tələbə koma vəziyyətində vətəninə gətirildikdən bir həftə sonra vəfat edib.

Fotonun müəllifi Danny Gratton
Image caption Otto Warmbier (lap sağda) Şimali Koreyaya səyahət zamanı

İnternetdəki səyahət forumlarından alınan təəssürat rəylərin haçalandığını göstərir.

Şimali Koreya adamların ya getmək istədikləri, ya da tənqid etdikləri ölkədir.

Səyahətlərin əleyhinə rəylər bu ölkənin təhlükəli olmasından tutmuş "qəddar rejimə xeyir verməyin ziyanına", bu ölkəyə qrup səfərlərinin boykot edilməsinədək ən müxtəlif arqumentlər barədədir.

Amma bu ölkəyə hələ də səyahət etmək fikrində olanlar, onun maraqlı olmasından və turistlərin təhlükəsizlik üçün bir-birindən ayrı düşməməsinin vacibliyindən yazırlar.

"Sirli ölkə"

Şimali Koreyaya turist səfərləri təşkil edən agentliklər bu səyahətləri reklam edərkən yazırlar ki, söhbət "sehirli, insan ayağı dəyməmiş yerlərdən" gedir.

Bundan başqa turist firmaları mümkün riskləri bildiklərindən bir ağızdan Şimali Koreyanı təhlükəsiz yer adlandırır.

Fotonun müəllifi Reuters
Image caption Turistlər daha çox bu ölkənin parad və şənliklərini görmək istəyirlər

Lakin cənab Warmbier-in ölümündən sonra BBC-nin əlaqə yaratmaq istədiyi turist bürolarının əksəriyyəti Şimali Koreyaya turist səfərləri mövzusunda danışmaqdan boyun qaçırıb.

Onlar öz saytlarındakı informasiyalara baxmağı məsləhət görürlər, amma aydındır ki, bu firmaların biznesində ciddi problemlər yarana bilər.

ABŞ tələbəsi Şimali Koreyaya tur paketini Pekində yerləşən Young Pioneers firmasından alıb. Bu firma 2008-ci ildə britaniyalı Gareth Johnson tərəfindən təsis edilib.

Əsas diqqətini Şimali Koreya turlarına yönəltsə də, bu firma başqa "ağlagəlməz" turları, məsələn Çernobılın "qadağan zonasına" səyahətləri də təşkil edir.

Maraqlıdır ki, belə səfərlər üçün firmanın heşteqi "#darktourism"-dir.

Fotonun müəllifi Twitter/@YPioneerTours

Young Pioneers firması Warmbier-lər ailəsinə dərin hüznlə başsağlığı verib.

Şirkət bunu da bildirir ki, tələbənin başına gələnlərdən sarsılıb.

Şirkət nknews.org saytına müsahibəsində bildirib ki, Şimali Koreyanın hələ də təhlükəsiz ölkə olduğuna inanır, amma sadəcə olaraq ora gedən turistlər bəzi ehtiyat qaydalarına əməl etməlidirlər.

Şirkət bunu da bildirir ki, cənab Warmbier-in həbsi son on ildə buna bənzər ilk hadisədir və firma artıq bu ölkəyə 8 min turist göndərib.

Berlində mənzillənmiş Pyongyang Travel şirkətindən Andre Wittig də bu qənaətdədir ki, Şimali Koreya turistlər üçün təhlükəsiz ölkə olaraq qalır.

O, BBC-nin xəbərlər proqramına müsahibəsində deyib ki, indiyədək Şimali Koreyada turistlər üçün heç bir qəliz situasiya yaşanmayıb.

O, Warmbier-in ölümünü dəhşətli faciə adlandırsa da, inanmır ki, hadisə başqalarını bu ölkəyə səfər etməkdən çəkindirəcək.


"Mən indiki şəraitdə ora getməzdim"

Fotonun müəllifi Megan Lacina

Los Angeles şəhərindən 28 yaşlı Megan Lacina aprel ayında Pxenyanda marafon yarışı keçirib. O deyir ki, marafon indi olsa, ora getməzdi

Ora getməzdən əvvəl dostlarımdan soruşmuşdum: "Məni həbs etsələr, ömrünüzü məni xilas etməyə həsr edərdinizmi?"

Bu əlbəttə, bir zarafat idi, amma belə şeylər adamın fikrinə gəlir.

Mən narahat idim ki, amerikalı olduğuma görə mənimlə necə rəftar edərdilər. Amma burası da var ki, onlar nəyi edib, nəyi etməməyi əvvəlcədən deyirlər.

Ordakı adamların hamısı son dərəcə nəzakətli idi. Adamlar bir az çəkingən və ehtiyatlı idilər, amma özlərini dost kimi aparırdılar.

Mən oteldə yalnız işçi heyətin olduğu mərtəbə barədə eşitmişdim. Otto lövhəni oradan götürəndə tutulmuşdu.

Marafon vaxtı stadionda 50 min insan vardı. Mən eşitmişdim ki, adamları ora yığıb gətirmişdilər.

Ora getməzdən əvvəl mənə müxtəlif məsləhətlər verirdilər, amma mən getməyə qərar verdim. Çünki istəmirdim ki, ölkə haqqında birtərəfli təsəvvürüm olsun.

Mənim ən yaddaqalan anların marafon vaxtı olmuşdu. Biz adamlarla ünsiyyətdəydik və onlar məni salamlayıb, alqışlayırdılar.

Mən şadam ki, belə bir təcrübəyə yiyələndim, amma indiki vaxtda, Otto Warmbierin başına gələnlərdən sonra, ora getməzdim.

Xanım Lacina BBC müxbiri Kevin Ponniah-la söhbət edib


Daha ABŞ turistləri olmayacaq?

"Young Pioneers" bəyan edib ki, innən belə amerikalılar üçün Şimali Koreyaya turist səfərləri təşkil etməyəcək.

Şimali Koreyaya səyahət təklif edən başqa firmalar da buna bənzər bəyanatla çıxış ediblər.

Ümumən Amerika vətəndaşlarının Şimali Koreyaya səfərləri qadağan olunmayıb, lakin ABŞ Dövlət Departamenti belə səfərlərin təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edir və bu səfərlərdən daşınmağa çağırır.

"Biz hazırda baxırıq görək, Şimali Koreyaya səfər üçün viza məhdudiyyətləri qoyula bilərmi, - deyib dövlət katibi Rex Tillerson, - Biz hələlik yekun nəticəyə gəlməmişik, amma bu məsələni nəzərdən keçiririk".

Fotonun müəllifi Reuters
Image caption Fred Warmbier Şimali Koreyaya turist səfərləri təşkil edən büroları kəskin tənqid edib

Tələbənin atası Fred Warmbier bu arada amerikalıları "tovlayıb" qapalı ölkəyə aparmaqda, "şimali koreyalılara yem etməkdə" ittiham edib.

O deyib ki, onun da oğlu beləcə "şimali koreyalılara yem edilib".

Artan gərginlik

Şimali Koreyaya turist səfərləri maraq doğurduqca, bu ölkənin turizm sektoruna pul axını da dayanmır.

Bu barədə dəqiq rəqəmləri əldə etmək çətindir, amma bəzi təxminlərə görə ötən il Şimali Koreyaya 100 min əcnəbi səfər edib.

Bunların 80 faizini çinli turistlər təşkil edirlər. Qeyri-çinli turistlərin illik sayı 8-10 min olaraq təxmin edilir.

Ölkənin paytaxtına və onun ətraflarına ənənəvi turlardan başqa, indi həm də Şimali Koreyanın stalinçi diktaturasının irsini öyrətməyən normal turist səfərləri də təşkil olunur.

Şimali Koreya indi turistlərə özünün qumlu çimərliklərini və dağlarda yenicə tiklimiş kurortlarda xizək sürməyi təklif edir.

Amma Warmbier-in həbsi və ölümü Şimali Koreya ilə ABŞ arasında gərginliyin artdığı dövrə təsadüf edib və özlüyündə bu gərginliyin daha da artmasına xidmət edəcək.

Pxenyanın son raket sınaqları və nüvə proqramını inkişaf etdirmək sahəsində fəaliyyəti onu ABŞ-ın bir nömrəli prioritetinə çevirib.

ABŞ öz müttəfiqinin ipini çəkməsi üçün Çin üzərinə təzyiqlərini artırıb.

Fotonun müəllifi Reuters
Image caption Fred Warmbier Şimali Koreyaya turist səfərləri təşkil edən büroları kəskin tənqid edib

Bu ölkənin turizm sektoru təlatümlü vəziyyətdən sığortalanmayıb.

"Şimali Koreyaya putyovka satışları daim ABŞ və Şimali Koreya arasındakı gərginliyin dərəcəsindən asılı olaraq dəyişir. Əslində bu, adamları narahat edən faktor olmalıdır" - deyib cənab Wittig, - Trump administrasiyası Washington-da mümkün hərbi zərbə ritorikasını ucaldandan bəri adamlar təbii ki, Şimali Koreyaya səfər etmək məsələsində daha çox tərəddüd keçirirlər".

Koreya yarımadasında davam edən gərginlik belə bir narahatlıq yaradır ki, Pxenyan özünün diplomatik oyununda alış-veriş obyekti kimi istənilən turistdən istifadə edə bilər.

Belə bir ssenaridə heç şübhəsiz ABŞ vətəndaşları əsas hədəfə çevrilirlər.

Hazırda Şimali Koreyada daha üç ABŞ vətəndaşı saxlanır.

Onlardan biri biznesmen, ikisi isə Pxenyan Universitetinin mühazirəçiləridir.

Əlaqəli mövzular

Bu barədə daha geniş