Britaniya mətbuatı: İsti havalarda nəyi yeyin, nəyi yeməyin

Fotonun müəllifi AFP

Trump Səudiyyəni, nazirləri Qətəri dəstəkləyir?

"The Guardian" yazır ki, ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanı və onun Körfəz müttəfiqlərini kəskin tənqid edib. Departamentin bəyanatında deyilir ki, bu ölkələr Qətərə qoyduqları embarqonun səbəblərini "düz-əməlli" izah etməyiblər.

Məqalədə deyilir ki, Riyadın və Birləşmiş Ərəb Əmirliklərinin belə açıq tənqid edilməsi, prezident Donald Trump-ın Qətərin elə bu ölkələr tərəfindən blokadasını tam dəstəklədiyini bildirən bəyanatı ilə kəskin ziddiyyət təşkil edir.

Belə bir təsəvvür yaranır ki, ABŞ Dövlət Departamenti və Müdafiə Nazirliyinin xaricdə apardığı siyasət Trump-ın ritorikasından çox uzaqdır.

"İndi artıq iki həftədir ki, embarqo davam edir. Biz mat qalmışıq ki, Körfəz ölkələri nə qətərlilərə, nə də ictimaiyyətə Qətərə qarşı iddialarını açıqlamayıblar" - deyib Dövlət Departamentinin sözçüsü Heather Nauert.

Sözçü bildirib ki, vaxt keçdikcə Səudiyyə və BƏƏ-nin hərəkətləri daha çox təəccüb doğurur.

"Hazırda biz bir sualla üz-üzəyik: Onların hərəkətləri doğrudanmı iddia edildiyinə görə Qətərin terrora verdiyi dəstəkdən narahatlıqla əlaqədardır, yoxsa, bu, Körfəz Əməkdaşlığı Şurasının üzvləri arasında çoxdandır ki, qaynayan incikliyin təzahürüdür?" - deyib sözçü.

Səudiyyə Ərəbistanı Trump-ı qonaqlayandan iki həftə sonra Qətərə qarşı embarqo elan edib. Belə görünür ki, Riyadın tərəfini tutan Trump Qətəri terrora iddia olunan dəstəyinə görə cəzalandıran blokadanı dəfələrlə alqışlayıb.

İyunun 6-da yazdığı tvitdə Trump baş verənləri hətta fəxrlə öz səfərinin nailiyyəti kimi tərifləyib.

O deyib ki, "təəssüflər olsun, Qətər tarixən terroru dəstəkləyən bir ölkə olub".

Lakin ötən həftə ABŞ müdafiə naziri James Mattis Qətərlə, bu ölkəyə 12 milyard dollar dəyərində 36 ədəd F-15 qırıcı təyyarəsi satılmasına dair kontrakt imzalayıb.

Buna baxmayaraq Dövlət Departamentinin sözçüsü Nauert, Rex Tillerson və Trump-ın mövqeləri arasında kəskin fərq olduğunu təkzib edib.

O deyib ki, həm dövlət katibi, həm də prezident bu məsələnin həllini istəyirlər.

Sözçü bunu da əlavə edib ki, Tillerson bundan sonra Qətər böhranında vasitəçilik etməkdə məna görmür.

Nauert deyib ki, Tillerson embarqo başlanandan bəri iki həftə ərzində Körfəz ölkələrinin rəhbərləri ilə təmaslarda olub.

Nauertin dediyinə görə, əslində vasitəçilyi dayandırmağı prezident Tillersona həftələr öncəsi tapşırmışdı.

"Prezident demişdi ki, qoy problemi özləri həll etsinlər" - deyib Nauert.

Bu embarqodan az əvvəl Qətərin dövlət xəbər agentliyinə haker hücumu olmuş və agentliyin saytında guya Qətər əmirinə aid olan qeydlər yerləşdirilmişdi. Guya bu qeydlərdə əmir Trump-ın uzun müddət prezident qalacağına şübhə etdiyini bildirirdi.

Əmirə aid edilən qeydlərdə bu da deyilirdi ki, o Həməs və İranla əməkdaşlıq faydalıdır.

Ötən çərşənbə axşamı Qətərin baş prokuroru bildirib ki, haker hücumu elə embarqonu qoyan ölkələrdən qaynaqlanıb.

Prokuror konkret ölkə adları çəkməyib, lakin FTB iddia edirdi ki, haker hücumunu Körfəz ölkələrinin sifarişi ilə Rusiya hakerləri həyata keçiriblər.

"The Guardian" diqqəti belə bir məqama çəkir ki, Körfəz mübahisəsi Dövlət Departamenti və Müdafiə Nazirliyinin prezidentdən fərqli xətt tutduğunu göstərən növbəti epizod olub. Bu fikir ixtilafı xüsusilə də Rusiya ilə əlaqəsi olan məsələlərdə üzə çıxır.

Əksər Konqress respublikaçıları tərəfindən dəstəklənən Tillerson və Mattis bu qənaətdədirlər ki, Ukraynaya görə Rusiyanın üzərinə qoyulmuş sanksiyalar qüvvəsində saxlanmalıdır. Lakin Trump sakitcə bu sanksiyaların qaldırılmasına çalışır.

Fotonun müəllifi BOEING

Boeing pilotsuz sərnişin reyslərinə hazırlaşır

"The İndependent" yazır ki, Boeing şirkəti "özü uçan" təyyarələrin sınaqlarına başlayıb.

Şirkət bildirib ki, bu avtonom təyyarələr heç bir insan pilotun müdaxiləsi olmadan özlərini naviqasiya etməyə qabil olmalıdır.

İndinin özündə təyyarələr insanın minimum iştirakı ilə havaya qalxır, uçur və enə bilir, lakin Boeing bu nailiyyətdən bir az da irəli getməyi planlaşdırır.

Şirkət istəyir ki, adətən pilotlara etibar edilən qərarların qəbulunu süni zəka cihazları icra etsin.

"Mən gələcəyə baxanda, yaxın 20 ildə dünya boyunca uçuşlar yerinə yetirən 41 minədək sərnişin təyyarəsi görürəm, - deyib Boeing şirkətinin vise-prezidenti Mike Sinnett, - Bu isə o deməkdir ki, bizim 617 min pilota ehtiyacımız olacaq. Bu, böyük rəqəmdir".

Cənab Sinnett düşünür ki, bu problemi həll etməyin yollarından biri də uzaqmənzilli uçuşlarda pilotların sayını 5-dən 3-ə və ya 2-ə endirməkdir. Bu isə əsasən bir sıra funksiyaları müstəqil yerinə yetirə bilən təyyarələrin hazırlanması ilə həyata keçirilə bilər.

Vise-prezidentin sözlərinə görə, adətən 2 pilotla uçan təyyarələrin əvəzinə ümumiyyətlə pilotsuz uçan təyyarələr buraxıla bilər.

Hələlik şirkət "özüuçan" texnologiyaları pilot kabinəsi simulyatorlarında bu yay sınaqdan çıxaracaq. Gələn il isə sınaq artıq real havada uçan təyyarələrlə keçiriləcək.

Airbus şirkəti hazırda avtonom uça bilən avtomobillərin yaradılması üzərində işləyir. Bundan başqa 2021-ci ilədək biryerlik uçan taksilərin sınaqları keçiriləcək.

Fotonun müəllifi Thinkstock

İsti havalarda isti çay, buzlu sudan yaxşıdır

"The Telegraph" yazır ki, qızmar yay günləri yemək məsələlərində də müəyyən çətinliklər yaradır. Yayın əvvəllərində günəş insanları sevindirsə də, sonrakı günlərdə iştahanın itməsi, əhvalsızlıq kimi hallar müşahidə edilir.

Buna görə də qəzet isti yay günlərində yeyilib-yeyilməyəcək şeylərin kiçik siyahısını hazırlayıb.

Məqalədə deyilir ki, sudan danışmağa dəyməz, çünki isti havalarda bol su içmək zəruridir. İsti havalarda tərlə çıxan suyun bərpa olunması sağlamlıq üçün vacibdir.

Nəyi yemək olar?

Qarpız

Pikniklərdə və kabab məclislərində əvəzi olmayan qarpız həm də sağlamlıq üçün xeyirlidir. Qarpızın tərkibindəki likopen maddəsi gün vurmalarından qoruya bilir.

Likopen bir qayda olaraq tərkibində olduğu meyvələrə al qırmızı rəng verir. Bu isə o deməkdir ki, bu xeyirli maddə başqa qırmızı meyvə-tərəvəzdə - pomidorda (xüsusən də qızardılmış şəkildə), papayada, çəhrayı qreypfrutda və quavada da var.

Çiyələk də qırmızıdır, amma ona qrmızılığı verən likopen yox, başqa maddədir.

Salatlar

Kahı, xiyar, iyli kərəviz və turp kimi tərəvəz növlərinin 95 faizini su təşkil edir. Bu tərəvəzləri yemək isti günlərdə günə 8 stəkan "su planını" doldurmaqda kömək edə bilər.

Çay

İsit havalarda adamı təbii olaraq soyuq içkilər cəlb etsə də, bədən temperaturunun nizamnlanmasına isti çay daha çox kömək edir.

Çay bir balaca sidiqovucu olsa da, onun tərlətmək xüsusiyyəti bədənin temperatur balansını tənzimləyir.

Bu mənada çay, isti havalarda soyuq içkilərdən daha çox sərinlik verir.

Fotonun müəllifi GETTY IMAGES ENTERTAINMENT

Bunlardan uzaq durun

Alkoqol

Yay məclislərində, xüsusilə də təbiətin qoynunda spirtli içkisiz keçinmək darıxdırıcı görünə bilər, amma qızmar günlərdə alkoqol daha çox ziyan vurur. Alkoqol da sidikqovucudur, amma o çaydan fərqli olaraq bədəni susuzlaşdıra bilir.

Manqo

Manqo da alkoqol kimi sidik qovandır, amma o da bədəni susuzlaşdırır.

Eyni səbəbə görə adi razyana, artişok və dərman qulançarı (asparaqus) yeməyin.

Ət

Yayın ləzzəti həm də kabab çəkməkdədir, amma çox qızmar havalarda bunu etməyin.

Zülalların həzmi çox enerji sərf edir və bunun nəticəsində əlavə istilik yaranır. Bu prosesə termogenez deyirlər.

Buna görə də isti havalarda zülaldan yüngül qidalar məsləhət görülür.

Ekspertlər deyirlər ki, karbohidratlarla müqayisədə zülalların həzminə 50-100 faiz daha çox enerji sərf oluna bilər. Buradan çıxan nəticə sadədir: isti havalarda əti az yeyin.

Dondurma, buzlu-meyvəli qatıq və sorbet

İsti havada adamı elə belə şeylər çəkir, amma bunların xeyrindən çox ziyanı ola bilər.

Məsələ burasındadır ki, soyuq qidaların həzm edilməsi bədənin ümumi temperaturunu qaldırır.