Uber-in yaradıcısı Travis Kalanick istefa verib

Трэвис Каланик Fotonun müəllifi ERIC PIERMONT/AFP/GETTY

Uber taksi sifarişi xidmətinin yaradıcısı Travis Kalanick səhmdarların göstərdiyi təzyiq nəticəsində şirkətin baş direktoru vəzifəsini tərk edib.

"Mən Uber-i dünyada hər şeydən çox sevirəm və mən şəxsi həyatımın ən çətin anlarında investorların rəhbərliyi tərk etmək tələbi ilə razılaşdım. Mən Uber-in qalmaqallara qarışmasını deyil, inkişaf etməsini istəyirəm ".

Kalanick-in New York Times qəzetində yayımlanan müraciətində belə deyilir. Qəzetin məlumatına görə, Travis əvvəlki kimi Uber-in Direktorlar Şurasının tərkibində olacaq.

ABŞ kütləvi informasiya vasitələrinin yazdığına görə, Kalanick-in istefasını Uber-in 5 böyük investoru tələb edib.

Bir həftə əvvəl qeyri-müəyyən vaxta qədər məzuniyyətə çıxdığını elan edən Kalanick-in sözlərinə görə, baş verən son hadisələr, o cümlədən anasının ölümü onu fikirləşməyə və bəzi şeylərə münasibətinə yenidən baxmağa məcbur edib.

Bir qədər əvvəl şirkətin Direktorlar Şurası ABŞ-ın keçmiş baş prokuroru Eric Holder tərəfindən Kalanick-in şirkətdə rolunun məhdudlaşdırılmasını tövsiyyə edən hesabatla tanış olmuşdu.

Son aylar ərzində şirkət baş verən qalmaqallar seriyasından, o cümlədən ciddi korporativ mədəniyyət ittihamlarından və Alphabet şirkətiylə olan məhkəmə çəkişmələrindən ziyan görüb.

Alphabet Uber-i avtomobillərə müstəqil nəzarət texnologiyasını oğurlamaqda ittiham edir.

Bu ilin fevvral ayında Uber-in keçmiş əməkdaşı Susan Fawler şirkətdə cinsi təcavüzün və seksizmin olması barədə danışmışdı.

Bundan sonra aparılan iki istintaq çərçivəsində, Iyunun 6-da Uber-in 20 əməkdaşı işdən azad edilib. İşdən azad olunanlar arasında bir neçə rəhbər işçi də var.

Bundan başqa qışda qalmaqalın mərkəzində Kalanick-in özü də olub.

Sosial şəbəkələrdə Uber başçısının sürücülərindən biri ilə daşıma tariflərinin azalması ucbatından dalaşdığı əks olunan rolik yayılmışdı. Videonun yayılması Kalanick-i şirkət rəhbərliyinin yardımına ehtiyacı olduğunu bəyan etməyə məcbur etmişdi.

Əlaqəli mövzular

Bu barədə daha geniş