Britaniya mətbuatı: Türkiyə kişi və qadınların birlikdə namaz qıldıqları Berlin məscidini pisləyib

Fotonun müəllifi Sean Gallup/Getty Images

Türkiyə kişi və qadınların birlikdə namaz qıldıqları Berlin məscidini pisləyib

"The Daily Mail" yazır ki, Türkiyənin din məsələlərinə baxan hökumət agentliyi Diyanet Berlində yeni tipli məscidin yaradılmasına narazılıq bildirib.

Bu məsciddə qadın və kişilərin bir yerdə olmasına və sərbəst şəkildə ünsiyyətinə icazə verilir.

Diyanet bəyan edib ki, belə bir şey İslamın prinsiplərinə tamamilə ziddir.

Diyanet bunu da bildirib ki, belə məscidlərin yaradılması Fethullah Gülenin Hizmet təşkilatının layihələrindən biridir. Türkliyə hökuməti Güleni 15 iyul çevriliş cəhdinin arxasında durmaqda ittiham edir.

Berlində bu ayın əvvəllərində açılmış məsciddə qadın və kişilər yanaşı namaz qılırlar. Bu məscidin imamları arasında qadınlar var və burada İslamın bütün təriqətlərindən olanların ibadət etməsinə imkan yaradılır.

Lakin Diyanet bəyan edib ki, Berlin məscidi İslamın 14 əsr bundan əvvəl əsası Məhəmməd peyğəmbər tərəfindən qoyulmuş təməl prinsiplərinə etinazsızlıq göstərir.

Diyanetin bəyantında müsəlmanlara bu "təxribatdan" kənarda dayanmaq çağırışı edilir.

"The Mail" yazır ki, Diyanet xaricdəki türk icmaları üzərində böyük nüfuza malikdir. Diyanet xüsusi aralıq qurumu vasitəsilə Almaniyadakı 900 məscid və ya icmaya nəzarət edir. Bu məscidlərdə işləmək üçün imamları göndərən də Diyanetdir.

Bu ilin əvvəllərində Almaniya polisi dörd türk imamın evlərinə reyd keçirmişdi. Onlar Almaniya türklərindən Ankara hökumətinə xəbərçilikdə şübhəli bilinirdilər.

Fotonun müəllifi Getty Images

Neft qiymətləri yeni eniş rekordları vurur

"Financial Times" yazır ki, neft qiymətləri iki faiz düşərək son 10 ayda ən aşağı həddinə çatıb.

Ekspertlər bunu həm ABŞ-da şist nefti hasilatının rekord templərlə yüksəlişi, həm də Çinin neftayırma zavodlarında istehsalatın yavaşıması ilə bağlayırlar.

Bu iki amil ağzınadək dolu qlobal anbarlarda xam neftin azalmasına imkan vermir.

ABŞ neftinin proqnoz qiyməti 98 sent azalaraq bir barrel üçün 42.53 dollara düşüb. Bu, 2016-cı ilin avqustundan bəri ən aşağı qiymətdir.

Beləliklə, ötən fevralda bu il üçün pik həddinə çatan neft qiymətləri ümumilikdə 20 faiz düşüb.

Brent markalı neftin fyuçers qiymətləri də 1 dollar 20 sent düşərək 45 dollardan aşağı - 44.82 dollara enib.

Minnesotadakı CHS Hedging LLC firmasının təhlilçisi Anthony Headrick deyir ki, bazarlar OPEC-in hasilatı ixtisarının balansı dəyişdiyini görmək istəyirlər, lakin bu gözləntilər hələlik doğrulmur.

Məqalədə deyilir ki, neft qiymətləri OPEC razılaşmasına müsbət reaksiya göstərərək 2016-cı ilin axırlarında və 2017-ci ilin əvvəllərində dirçəlmişdi, lakin qlobal anbarlarda yığılan neftin həcmləri gözlənildiyi templə azalmadığından qiymətlər aşağıya doğru sürüşməyə başladı.

Eyni zamanda ABŞ-da xam neftin hasilatı günə 9,35 milyon barrelə yüksəlib ki, bu da artıq Rusiya və Səudiyyə kimi ölkələrin hasilat rəqəmlərinə çox yaxındır.

Son 22 həftədə ABŞ əməliyyat quyularının sayı artmaqda davam edib.

Neftin qiyməti 2017-ci ilin birinci yarısında 20 faiz düşüb. Belə eniş 1997-ci ildən bəri ilk dəfədir baş verir.

Ötən ilin sonlarında OPEC ölkələri və Rusiya neft qiymətlərini qaldırmaq üçün hasilatı günə 1, 8 milyion barrel azaltmaq barədə razılaşma əldə etmişdilər. Lakin Nigeriyada və Liviyada artan hasilat neft qiymətlərinin artımına imkan verməyib.

Nigeriyada neft hasilatı avqust ayında günə 2 milyon barrelə çatmalıdır. Bu, son 17 ayda ən yüksək göstəricidir.

İranın neft naziri Bijan Zəngəne deyib ki, OPEC üzvləri hasilatın daha dərindən ixtisarını götür-qoy edirlər, lakin bu, dərhal baş verməyəcək.

Eyni zamanda Çində neftin emal templəri azalıb ki, bu da qiymətlərin düşməsinə səbəb olub. Bunu da nəzərə almaq lazımdır ki, Çin dünyanın ən böyük xam neft idxalçısıdır və onun, tələbin yüksək olduğu bir mövsümdə emal əməliyyatlarını azaltması nə deməkdir.

Hazırda ABŞ xam neftinin 2017-ci ilin dekabrından 2018-ci ilin sonlarınadək kontrakt qiymətləri ən böyük güzəştlərlə bağlanıb. Bu isə o deməkdir ki, neft ticarətçiləri bazarda izafi neftin daha uzun müddətdə qalacağını düşünürlər.

Commerzbank-ın təhlilçisi Eugen Weinberg deyib ki, "hazırda bütün gözləntilər neqativdir."

Fotonun müəllifi Reuters

Kraliça Trump-ın Britaniyaya səfərini ləğv edibmi?

"The İndependent" qəzetinin yazdığına görə, belə görünür ki, Donald Trump-ın Birləşmiş Krallığa dövlət səfəri kraliça 2-ci Elizabeth tərəfindən ləğv edilib.

Belə düşünməyə əsas verən budur ki, bu səfər barədə əlahəzrətin çərşənbə günü parlamentdə etdiyi ənənəvi çıxışında heç nə deyilməyib.

Məqalədə deyilir ki, prezident Donald Trump-la bu ilin əvvəllərində Ağ Evin həyətində "əl-ələ şəkil çəkdirmiş" baş nazir Theresa May ABŞ prezidentini Böyük Britaniyaya rəsmi dövlət səfərinə dəvət etmişdi. Lakin belə bir səfərin genişmiqyaslı etiraz aksiyalarına səbəb olacağı barədə ehtiyatlanmalar vardı.

İstər Downing Street, istərsə də Ağ Ev səfərin sual altında olduğu barədə iddiaları rədd ediblər.

Buna baxmayaraq, Donald Trump bir sıra hərəkətlərinə görə Britaniyanın siyasi dairələrində və ictimaiyyət arasında kəskin tənqid edilir.

"The İndependent" yazır ki, bir qayda olaraq monarxın parlamentdəki nitqində bütün gözlənilən dövlət səfərləri sadalanır. Lakin bu çıxışında 2-ci Elizabeth bu il iyul ayında yalnız İspaniyanın kralı və kraliçası Felipe və Letizianı qonaqlayacağını elan edib.

Xanım May yanvar ayında Washington-a səfər edəndə Trump-la yaxın münasibətlər qurulacağına ümid edirdi, çünki ABŞ prezidenti Britaniyanın Avropa İttifaqından ayrılmaq qərarını alqışlamışdı. Trump habelə Britaniya ilə erkən ticarət sazişi bağlanacağını vəd etmişdi.

Lakin Theresa May-in Donald Trump-ı onun inaqurasiyasından ikicə həftə sonra Britaniyaya dəvət etməsi Birləşmiş Krallıqda siyasi dairələrdə narazılığa səbəb olmuşdu.

Bundan əvvəlki ABŞ prezidentləri Britaniyaya dövlət səfərlərini yalnız ikinci müddətlərində ediblər.

Trump-ın Britaniyaya mümkün dövlət səfəri ilə əlaqədar Birləşmiş Krallıqda bir neçə etiraz petisiyaları imzalanıb və bu məsələyə Britaniya parlamentində baxılıb.

Müzakirələr zamanı qeyd edilib ki, Trump-ın səfəri barədə xəbərlər getdikcə daha geniş tənqidlərə səbəb olur və Britaniya boyunca nəhəng etiraz aksiyalarına səbəb ola bilər.

"The İndependent" yazır ki, cənab Trump London meri Sadiq Khan-ı tənqid etdikdən sonra Britaniyada ABŞ prezidentinə münasibət daha da pisləşib.

Trump Sadiq Khan-ı London Bridge terror aktından sonra adamları narahat olmamağa çağırdığına görə tənqid etmişdi.

Khan-nın ofisi isə bunun cavabında bildirmişdi ki, London meri sakinləri sakitliyə çağırmaqla heç bir yanlış iş tutmayıb.

Ağ Ev Trump-ın gözlənilən genişmiqyaslı etiraz aksiyalarına görə Theresa May-ə Britaniyaya gəlmək istəmədiyini deməsi barədə xəbərləri də təkzib edib.

Britaniya hökuməti isə bəyan edib ki, xanım May-in Trump-ı kraliçanın adından ölkəyə dəvət etməsi qüvvəsində qalır.