Trump Meksika ilə sərhəd divarına Günəş batareyaları asmaq istəyir

Divar Fotonun müəllifi AFP
Image caption Seçkiqabağı kampaniyası zamanı Trump qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün Meksika ilə sərhəd boyu divar tikəcəyini söz vermişdi.

ABŞ prezidenti Donald Trump tərəfdarları qarşısında çıxış edərək Meksika ilə sərhəd boyunca qurulması təklif olunan sərhəd divarını Günəş batareyaları ilə təchiz etmək istədiyini deyib.

Iowa şəhərində keçirilmiş toplantıda çıxış edən prezident Trump Günəş panellərinin ucuz elektrik enerjisi hasil edəcəyini və beləliklə mübahisələrə səbəb olmuş divarın tikintisini ucuzlaşdırmağa imkan verəcəyini qeyd edib.

"Çox yaxşı bir fikirdir, elə deyilmi? Mənim ideyamdır", - Trump deyib.

Lakin Günəş panellərini Meksika ilə sərhəd divarında asmaq ideyası, həmin divarı tikmək üçün layihələr təqdim etmiş tikinti şirkətlərinin planında bundan əvvəl də olub.

Seçkiqabağı kampaniyası zamanı Trump qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün Meksika ilə sərhəd boyu divar tikəcəyinə söz vermişdi.

Trump təkid edirdi ki, həmin divarın xərcini Meksika ödəyəcək.

Lakin Meksika prezidenti Enrique Peña Nieto bu planları qətiyətlə rədd etmişdi.

Çərşənbə günü tərəfdarları qarşısında etdiyi çıxışında Trump bildirmişdi ki, Günəş batareyalarının sərhəd divarında yerləşdirməsi ucuz elektrik enerjisi hesabına divarın tikinti xərclərini azalda bilər.

"Divar nə qədər yüksək olsa, faydası da o qədər çox olacaq. Yaxşı ideyadır? Mənim ideyamdır", - Trump deyib.

Divarın tikintisində 200-dən çox şirkət iştirak etmək istəyini bildirib və öz layihələrini təqdim edib.

Las Vegas-dan olan Gleason Partners şirkətinin layihəsində polad və betondan qurulacaq sərhəd divarını Günəş elektrik panelləri ilə təchiz etmək təklif olunub.

ABŞ mətbuatının verdiyi xəbərə görə, aprel ayında prezident Trump bu məsələni Konqresin Respublikaçılar fraksiyasının liderləri ilə Ağ Evdə müzakirə edib.

Bu barədə daha geniş